Moldovanın nüfuzlu www.tribuna.md saytında Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxsləri qətlə yetirməsinə dair bəyanatı dərc olunub.
Bəyanatda ermənilərin dinc sakinləri atəşə tutmasını vandalizm və terror aktı adlandıran Qüdsü Osmanov qeyd edib: “Müasir dünyada dinc mülki əhalinin maraqlarını və hüquqlarını qoruyan beynəlxalq hüquq normaları insan haqlarının və fundamental azadlıqların müdafiəsinin əsasını təşkil edir. Bütün sivil dünya insan haqlarını müdafiə edən normaların və qanunların təkmilləşdirilməsi ilə məşğul olduğu halda, cinayətkar erməni dövləti dinc Azərbaycan əhalisinə qarşı məqsədyönlü təcavüzü davam etdirir. İyirmi beş il əvvəl Xocalıda olduğu kimi, erməni təcavüzkarlarının qurbanları qadınlar və uşaqlar olur. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisi və mülki obyektləri atəşə tutulub, nəticədə qadın və iki yaşlı uşaq öldürülüb. Buna vandalizm və terror aktından başqa ad vermək olmaz”.
Bəyanatda, həmçinin bildirilib: “Ötən ilin aprelində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin dinc mülki azərbaycanlı sakinləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlı qüvvələri tərəfindən güclü atəşə tutulub. Dünya ictimaiyyəti diqqət yetirməlidir ki, beynəlxalq təşkilatların gündəliyinə tarixi, hüquqi və mənəvi əsası olmayan “soyqırımı” daxil etməyə çalışan Ermənistan bu gün bütün dünyanın gözü qarşısında əsas insan haqları və azadlıqlarına qəsd edir, məqsədli şəkildə dinc vətəndaşları və uşaqları məhv edir. Dünya birliyinin diqqətinə Ermənistanın cinayətkar hərəkətləri barədə həqiqəti çatdıran beynəlxalq ekspertlər, politoloqlar, siyasətçilər, deputatlar və hüquq müdafiəçiləri bütün dünyada siyasiləşmiş erməni diasporu tərəfindən hücum və təqiblərə məruz qalır. Belə nümunələrdən biri Moldova ombudsmanı Aureliya Qriqoriudur. O, mərdlik və şücaət nümayiş etdirərək Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın Qarabağa qarşı hərəkətlərini 25 ildən çox davam edən təcavüz, Azərbaycan ərazisinin 20 faizinin işğalı adlandırıb və bəyan edib ki, bu addımlar beynəlxalq hüquqa ziddir.
Dünya ictimaiyyəti beynəlxalq hüquq normaları və prinsipləri, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanaraq Ermənistan hakimiyyətini erməni silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa məcbur etməyənədək, mülki əhali risk altında və erməni cinayətkarların, təcavüzkarların hədəfində olacaq, onların hərəkətləri, o cümlədən uşaqların qətli davam edəcək”.