Cümə , 5 İyul 2024
Drone Cameras

Azərbaycan “Şərq Tərəfdaşlığı” üçün yeni hədəf göstərdi…

“Azərbaycan obyektiv mövqe tutaraq və milli maraqları gözləyərək Aİ ilə əməkdaşlıq istiqamətində konkret müstəqil plana malikdir”

Vüqar Qədirov: “Bu çərçivədə münasibətlərin davamı həm bizim, həm də Avropa üçün maraqlıdır və prinsipial əhəmiyyət kəsb edir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən “Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı ölkəmizin ŞT nəzdində əməkdaşlıq perspektivlərindən danışıb.

Nazir bildirib ki,  regionda mövcud olan mürəkkəb vəziyyətlə bağlı real mülahizələrə əsaslanılmalı və ŞT çərçivəsinin təmin edə biləcəyi faydalara və potensial əlavə dəyərlərə diqqət yetirilməlidir: “Bu bizi əvvəlki təcrübələr əsasında ŞT-nın arxitekturasını yenidən formalaşdırmaq və konkret nəticələrə nail olmaq üçün “2020-ci il üçün 20 gözlənilən nəticə” sənədini qəbul etməyə istiqamətləndirdi. İnanırıq ki, həmin nəticələr həyata keçirildikdən sonra regionumuz daha çox davamlılıq, rifah, inkişaf və bağlılıq potensialına malik olacaq. Bu prosesin uğuru Avropa İttifaqından olan tərəfdaşlarla əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlərində əldə edilə biləcək əhəmiyyətli nəticələrindən asılı olacaq”.

E.Məmmədyarov bildirib ki, 2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyimizin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir: “Bu yaxınlarda Azərbaycan-Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımi çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik – mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam – hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli perspektivdə fəaliyyət göstərmək istərdik. Bu il, həmçinin, bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə getmişik. Biz bu razılaşmanın tərəfdaşlığımızın strateji ruhunu əks etdirəcəyinə inamla danışıqları davam etdiririk”.

Elmar Məmmədyarov, həmçinin, bildirib ki, ŞT yaranandan bəri bəzi nailiyyətlər əldə olunub: “Lakin “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün daha çox əlaqəli səylərə ehtiyac duyduğumuzu qəbul etməmiz lazımdır”.

Göründüyü kimi, Elmar Məmmədyarov Azərbaycanın Avropa Birliyi ilə ŞT çərçivəsində əməkdaşlığına böyük önəm verdiyini diqqətə çatdırıb. Nazir, eyni zamanda, bildirib ki, ölkəmiz bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Xarici işlər nazirinin nəzərdə tutduğu istiqamət üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın ŞT çərçivəsində Avropa Birliyi ilə münasibətlərinə hansı müsbət impulsları verəcək?

Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Avropa ölkələri və onların üzv olduğu mühüm təsisatlarla əməkdaşlığa hər zaman böyük önəm verib: “Məlumdur ki, biz bu qarşılıqlı maraq kəsb edən əməkdaşlığı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində də edirik. Nazir Elmar Məmmədyarov bu səpkidə olan əməkdaşlığın ölkəmiz və Avropa  üçün əhəmiyyətindən geniş şəkildə bəhs edib. Bu istiqamətdə vəziyyət  məlumdur. Həmin layihədə nəzərdə tutulmuş ölkələrdən ikisi:  Ermənistan və Belarus – Rusiyanın Avrasiya inteqrasiya təşəbbüsünə qoşulublar. Ukrayna, Moldova və Gürcüstan ifrat qərbyönümlü mövqeləri ilə özlərinə bir sıra geosiyasi ziddiyyətlər yaratmaqdadırlar. Onların Aİ-yə assosiativ üzvlüyü reallıqda elə bir rol oynamayıb. Yalnız Azərbaycan obyektiv mövqe tutaraq və milli maraqları gözləyərək Aİ ilə əməkdaşlıq istiqamətində konkret müstəqil plana malikdir. Bütün bunlar barədə tərəflər arasında xeyli fikir mübadiləsi aparılıb. Milli maraqları qorumaq deyəndə biz təbii ki, öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturuq. Bu aspektdən  Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində etdiyi təkliflərə Brüsselin necə yanaşdığı haqqında bizim gözləntilərimiz olub və olacaq. Qeyd edim ki, bu əməkdaşlıq başlayandan sonra Aİ-nın  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox konkret və prinsipial əhəmiyyət kəsb edən qərarlarının şahidi olduq. Avropa Birliyi birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi və münaqişənin bu prinsip əsasında həllində maraqlı olduğunu bildirib.

Təsadüfi deyil ki, Qərbin siyasi liderləri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm faktor kimi qəbul edirlər. TAP, TANAP, “Cənub Qaz Dəhlizi”, Bakı-Tiflis-Ceyhan neft boru xətti, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin dünya üçün əhəmiyyəti haqqında kifayət qədər geniş fikirlər ifadə edilib. Azərbaycan ən ali səviyyələrdə dəfələrlə bildirib ki, rəsmi Bakı strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.  Ümid edirik ki, ŞT çərçivəsində əlaqələrin inkişafında Avropa Birliyi də obyektiv mövqeyini sona qədər qoruyub saxlayacaq. Hesab edirəm ki, bu çərçivədə münasibətlərin davamı həm bizim, həm də Avropa üçün maraqlıdır və prinsipial əhəmiyyət kəsb edir”.

Məhəmmədəli  QƏRİBLİ

 

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir