Elçin Mirzəbəyli: “Rusiyanın zəiflədilməsi regionun bütün dövlətlərinin və xalqlarının maraqlarına uyğundur”
İllərdir Rusiyaya qarşı Qərbdən gələn təzyiqlər son günlərdə daha da artıb. Son olaraq, şimal qonşumuzla bağlı yeni sanksiyalar paketinin Amerika prezidenti Donald Tramp tərəfindən imzalanması Ermənistanda da xof yaradıb. Rusiyanın oyuncağı olan düşmən ölkənin gedən proseslərdən əndişələndiyi göz önündədir.
Rəsmi İrəvanın artıq Qərbə doğru meylləndiyini də söyləmək mümkündür. Bunu Ermənistanın NATO-nun son təlimlərində aktiv iştirakı və bu ilin noyabrında Avropa Birliyi ilə anlaşma sazişi imzalamağa hazırlaşması ilə izah etmək mümkündür.
Ekspertlər mövcud situasiyanın Azərbaycan üçün şans pəncərəsi açdığını düşünürlər. Belə ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllində əsas söz sahibi olan Kremlin sıradan çıxarılması ilk növbədə, bu problemin həllinə ciddi təsir edəcək. Regionda əsas güc sahibi olan Rusiya üzərindəki qara buludların Cənubi Qafqazın da tablosunu dəyişəcəyi şübhəsizdir.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiyanın çökdürülməsi region dövlətlərinin hər birinin maraqlarına uyğundur: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin qısa müddət ərzində tamamilə gücdən düşəcəyini, geosiyasi iddialarından əl çəkəcəyini əsaslandırmır. Bu proses müəyyən qədər zaman aparacaq. Digər tərəfdən hətta Rusiya qısa müddətdə zəifləsə, iddialarından, o cümlədən Cənubi Qafqazdakı maraqlarından əl çəkərsə, bunun sivil qaydada baş verəcəyini düşünmürəm. Rusiya bəlkə də dünyada yeganə dövlətdir ki, həm işğal etdiyi, həm də tərk etdiyi bütün ərazilərə bədbəxtlik gətirib. Rusların məşhur bir deyimi var: ”At olmağına atdır, amma istəyir qurd parçalasın, mənim ki deyil”.
Bu deyim rus dövlətçiliyinin və onun başqa dövlətlərə, xalqlara olan münasibətinin mahiyyətini tam çılpaqlığı ilə əks etdirir. Bu baxımdan, Rusiya ətrafında baş verən proseslərə diqqətlə yanaşmaq və ehtimal olunan kataklizmlərdən daha az zərərlə çıxmaq üçün hazırlıqlı olmaq lazımdır. Bununla yanaşı, Rusiyanın bölgədəki mövqelərinin zəiflədilməsi şübhəsiz ki, Ermənistan və ermənilər istisna olmaqla, regionun bütün dövlətlərinin və xalqlarının maraqlarına uyğundur. Regionun bütün dövlətləri yarana biləcək boşluğun geosiyasi vakuuma çevrilməməsi üçün hərəkətə keçməlidirlər. Xüsusilə də Türkiyə…
İranın mövcud rejimi bu prosesi hiss etdiyi üçün kifayət qədər fəallaşıb. Region dövlətləri ilə münasibətləri qaydaya salmağa çalışır. Bunun İranın Azərbaycana və Gürcüstana yönəlik siyasətində də hiss etmək mümkündür. İran regionda post Rusiya mərhələsinə hazırlaşır. Yəni demək istəyirəm ki, Rusiyanın bölgədəki mövqelərinin zəifləməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunacağı anlamına gəlməməlidir. Eyni yanaşmanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün yarana biləcək əlverişli şərait haqqında da demək mümkündür. Cənubi Qafqazın tablosu dəyişə bilər, amma necə?
Post Rusiya dövrünün tablosunu Qərb dövlətləri deyil, region xalqları və dövlətləri yaradacaqlar. Rusiyanın Cənubi Qafqazdan gedişi bölgə xalqlarının azadlıqlarının və təhlükəsizliklərinin təmin olunması baxımından əsas amillərdən biridir. Lakin digər amillər də var. Qafqaz zəngin və mürəkkəb etnik tablosu olan bir bölgədir. Rusiya Qafqazı işğal etdiyi və tərk etdiyi bütün dönəmlərdə, yenidən geriyə qayıtmaq üçün bu tablodan istifadə edib. Rus təbliğat maşınının və “beşinci kolon”un əsrlərdən bəri Qafqazda formalaşdırmaq istədiyi bir ideoloji xətt var: Bölgə xalqları Rusiyasız yaşaya bilməzlər. Son 25 il ərzində Azərbaycanın timsalında bu xətt tamamilə alt-üst olub. Rusiyanın Azərbaycana qarşı qəzəbinin mahiyyətində dayanan amillərdən biri də ölkəmizin müstəqil dövlət kimi formalaşması və regionun digər xalqlarına nümunə ola bilməsidir. Bizim üzərimizə düşən vəzifə bu nümunənin ideoloji faktor kimi bölgə xaqlarının şüurunda dominant yerə sahiblənməsidir”.
Politoloq ermənilərin Qərbə meyllənməsindən da söz açdı: “Ermənistan onsuz da Qərblə münasibətlərini qoruyub saxlamağa çalışır. Bu işdə ABŞ və Fransadakı erməni diasporu da aktiv şəkildə fəaliyyət göstərir. Amma unutmaq lazım deyil ki, yenə də rusların məşhur bir məsəlində deyildiyi kimi ”Allah yüksəkdə, şah isə uzaqdadır”. Ermənistanın taleyi daha çox region dövlətlərindən asılıdır. Rusiyanın bölgədən gedişinin ciddi boşluqlar yaradacağı şübhəsizdir. Və bu boşluqlar təkcə Cənubi Qafqazda yaranmayacaq. Bu baxımdan Qərbin post Rusiya dövrü üçün qayğıları yetərincədir. Ermənistanın taleyini daha çox bölgə dövlətləri həll edəcəklər. Ermənistanın NATO-nun təlimlərində iştirakına isə xüsusi önəm verilməsinin tərəfdarı deyiləm”.