Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Azərbaycanlı jurnalist Şahin Hacıyevi Ermənistanda necə aldadıblar…

 

 

img

“Ehtiyatlı olub, ermənilərin əlinə bu cür fürsətləri verməməliyik”

 

Elşən Həsənov: “Qondarma “soyqırım” abidəsinin ziyarətinə Ermənistan ciddi önəm verməsəydi, onun zəruriliyini rəsmi protokola salmazdı”

 

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistan turnesi başa çatıb. Qeyd edək ki, erməni KİV-ləri onun İrəvana səfəri çərçivəsində qondarma “soyqırım” abidəsini  də ziyarət etdiyi barədə məlumat yaymışdılar. Əslində, bu xəbər jurnalistin Ermənistana səfərinin təftişini belə kənara qoymuş oldu

Hamı üçün maraqlı oldu ki, kifayət qədər təcrübəyə malik olan bir jurnalist niyə ermənilərin əlinə belə əsas vermiş olsun? Şahin Hacıyevin bu məsələ ilə bağlı açıqlaması, daha doğrusu, səfər təəssüratları ilə tanış olandan sonra məlum olur ki, jurnalisti bu məsələdə əsl “tora” salıblar.

Jurnalist bildirir ki, onların Ermənistana səfəri ideyası bir il öncə irəli sürülmüşdü: “Bir neçə ay Azərbaycanın dövlət orqanları ilə iş aparıldı. Ermənistan XİN ilə danışıqlara da o qədər vaxt getdi. Səfər ötən ilin noyabrında olmalıydı, ancaq ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar təxirə salındı.

“Bu, niyə lazımdır?” sualının cavabı sadədir, eyni zamanda da mürəkkəb. Hərbi münaqişədə olduğumuz ölkə cəmiyyətindəki əhval-ruhiyyəni başa düşməyin nə qədər vacib olduğunu izah etmək lazım deyil. Bəlkə də əsas məqsəd bu idi. Bunu necə etməli?

Ermənistan və ermənilər üçün müəyyən əhəmiyyət daşıyan bəzi məsələlər var: 1915-ci il hadisələri, erməni kilsəsinin siyasi rolu və Qarabağ. Diqqət mərkəzində olan üç məsələ budur.

Ermənistan KİV-lərində bu mövzuda yazıların dərcini və Bakıda bunlara ağrılı reaksiyanı nəzərə alaraq, 1915-ci il mövzusundan başlayacam.

Ermənistan XİN-dən akkreditasiya alındıqdan sonra 1915-ci il hadisələri ilə bağlı müsahibə verməsi xahişilə memorialın direktoru Arutyun Marutyana müraciət göndərildi. A.Marutyan muzeyə dəvət etdi, ancaq müsahibədən imtina etdi, bildirdi ki, muzeyin əməkdaşı bütün suallara cavab verəcək. 1915-ci il memorialı muzeyinə ziyarət baş tutanda isə muzey bələdçisi bildirdi ki, suallara cavab verməyə səlahiyyəti yoxdur, ancaq eksponatları təqdim edəcək. Bu və ya digər məsələlərlə bağlı dəqiqləşdirici suallara “bilmirəm”, “deyə bilmərəm” cavabını verdi.

Bundan əlavə, ekspozisiyanın bir hissəsini çəkmək qadağan olunmuşdu. “Bunlar şəxsi kolleksiyaların eksponatlarıdır və sahibləri onların fotosunu çəkməyin əleyhinədir”, – bələdçi vaxtaşırı ona erməni dilində göstəriş verən təhlükəsizlik xidmətinin əməkdaşının iti baxışları altında dedi. “Soyqırım muzeyinə başçəkmə” beləcə başa çatdı”.

Göründüyü kimi, erməni hiyləgərliyi burda da öz sözünü deyib. Jurnalisti reportaj adı ilə həmin yerə dəvət ediblər, lakin onu oradan əliboş yola salıblar. Bunun da müqabilində “Azərbaycanlı jurnalist  qondarma “soyqırım” abidəsini ziyarət etdi” kimi təbliğata start veriblər. 

Ermənistana bu və ya başqa layihələrin icrası çərçivəsində səfər edən jurnalistlər və ya siyasilər bu məsələdə hansı səviyyədə ayıq olmalıdırlar?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu olduqca önəmli olan mövzudur: “Bizimlə Ermənistan arasındakı müharibə hələ bitməyib. Həmin adamlar nəzərə almalıdırlar ki, düşmən ölkəyə səfər edirlər. Belə olan təqdirdə, kiminlə ünsiyyət qurmalarına, oturuşuqlarına, hətta nə yeməklərinə belə ciddi diqqət etməlidirlər. Xüsusilə də nə danışmaqları ilə bağlı daha ehtiyatlı olmalıdırlar. Belə səfərlərdə daha təcrübəli jurnalistlər iştirak etsə, doğru olar. Son hadisədə hesab edirəm ki, jurnalistin səhvindən ermənilər məharətlə istifadə ediblər. Görürsünüzmü, o, bir jurnalist kimi həmin yerə getmək istəyib. Ona bunu qadağan etməyiblər. Amma elə bir şərait yaradıblar ki, jurnalist orada hansısa informasiyanı əldə edə bilməsin.  Nəticədə jurnalistin ermənilərin “qürür mənbəyi” olan saxta abidəni ziyarəti fiksə olunub, hətta fotoları da çəkilərək cəmiyyətə başqa rakursdan təqdim edilib. Piarları baxımından çox ciddi nailiyyətdir. Yəqin ki, bu faktı uzun müddət dövriyyədə saxlayacaqlar. Bir daha qeyd edirəm ki, ehtiyatlı olub, ermənilərin əlinə bu cür fürsətləri verməməliyik. Qondarma “soyqırım” abidəsinin ziyarətinə Ermənistan ciddi önəm verməsəydi, onun zəruriliyini rəsmi protokola salmazdı. Bunu da nəzərə almaq lazımdır”.

Məhəmmədəli QƏRİBLİ

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir