Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Azad olunmuş ərazilərdə məzarlıqlar ayrılsın, dünyasını dəyişənlər orda dəfn olunsun” – Təklif

İşğalndan azad olunmuş ərazilərdə quruculuq işləri sürətlə davam edir. Verilən məlumatlara görə, artıq yaxın zamanlarda Zəngilan ərazisində inşa edilən Ağıllı kəndinə ilk qayıdış reallaşacaq. Ancaq işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri başqa bir ciddi məsələni də gündəmə gətirib.  Bəlli olduğu kimi mənfur düşmən işğal dövründə yaşayış məntəqələri ilə yanaşı qəbiristanlıqları da dağıdıblar. Hətta bəzi ərazilərdə qəbiristanlıqların yerini əkin sahələrinə çeviriblər. 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli yaranmış hazırkı durumda maraqlı təkliflə çıxış edib. Emin Həsənli ərazilərin yenidən qurulmasının müəyyən vaxt aparacağını nəzərə alaraq orada məhz indidən qəbiristanlıq yerlərinin ayrılması və dünyadan köçənlərin həmin məzarlıqlarda dəfn edilməsinin məqsədəuyğun olduğunu bildirib:

“İnsanlar var ki, 28 ildir son mənzilinin doğma torpağı olmasını arzu edirdi. Yaxşı olardı ki, yaxın zamanlarda azad olunmuş yaşayış məntəqələrində müvafiq yerlər ayrılaydı və bundan sonra həmin bölgələrdən olan insanlar vəfat edəndə məhz orada dəfn olunardılar. Bunun üçün çox adamın həmin ərazilərə getməsinə ehtiyac yoxdur. Yas mərasimini həmin şəxsin məskunlaşdığı yerdə keçirmək olar, dəfn mərasimində isə 2-3 qohum əqraba və bir din xadiminin iştirakı kifayət edər”. 

Emin Həsənli hesab edir ki, yeni salınacaq qəbiristanlıqlarda hər şeyin qayda-qanun çərçivəsində olmasına da nəzarət olunmalıdır.  “Məzar yerləri eyni ölçüdə, məzarüstü abidələrin eyni ölçüdə olması məqsədəuyğun olardı. Hər il qəbiristanlıqlara milyonlarla vəsait xərclənir. Bu nəyə lazımdır? Yeni qəbiristanlıqlar salınarkən bu problemi də həll etmiş olarıq” – deyə birlik sədri bildirib.

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …