Şənbə , 28 Dekabr 2024
Drone Cameras

AZAL Rusiyanın daha 5 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Rusiyanın 5 hava limanlarına reysləri dekabrın 28-dən dayandırır.

Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, bu qərar “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib:

Sabahdan Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar dayandırılır:

• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

“Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək”, – məlumatda deyilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Check Also

Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili (oktyabrın 1-də başlayıb) üçün 895 milyard dollar …