Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Bəzi hərbçilərin adlarının sanksiya siyahısına salınmasını ədalətli saymıram”

ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından, adamların öz hökumətlərini azad və ədalətli seçki yolu ilə dəyişə bilməməsindən bəhs olunur.

Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmayıb. Eyni zamanda 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib.

Beynəlxalq insan haqları təşkilatı – Amnesty International “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı növbəti illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid hissəsində Qarabağın etnik erməni əhalisinin bölgəni bütünlüklə tərk etməsindən, hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara basqılardan, jurnalist və fəalların həbslərindən söhbət açılır.

Hesabatda vurğulanır ki, Azərbaycanda hökumət tənqidçisi olan jurnalistlər, media təmsilçiləri və insan haqları müdafiəçiləri artmaqda olan zorakılıq, qısnama və qanunsuz həbslərlə üzləşirlər.

Bir qrup Amerika konqresmeni Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

Bütün bunlar barədə ASTNA hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovla söhbətləşib.

* * *

Sual: Rüfət bəy, insan haqlarının dumu ilə bağlı ABŞ Dövlət Departamentinin illik hesabatı, eyni zamanda “Amnesty İnternational” təşkilatının illik hesabatı yayıldı. Bu hesabatlarda Azərbaycanla bağlı  göstərilənləri obyektiv hesab edirsinizmi? Hesabatlarda razılaşdığınız və razılaşmadığınız məqamlar hansılardır?

Cavab: Əlbəttə, Azərbaycanda insan hüquq və azadlıqlarının hazırkı durumu son dərəcə ağırdır. Təməl azadlıqlar sahəsində məhdudlaşdırmalar artmaqdadır, yürüdülən repressiv siyasət dərinləşməkdədir. Hakimiyyət orqanları söz və fikir, mətbuat və məlumat, sərbəst toplaşmaq, vicdan, hərəkət azadlıqları sahəsində əngəlləyici işlərini davam etdirirlər. Vətəndaşın dövlətin idarə edilməsində iştirak hüququ tanınmır. Ümumiyyətlə, insanlar dövlətin və cəmiyyətin siyasi həyatında sərbəst iştirak edə bilmirlər. Beş ildir ki, yığıncaqlar azadlığı qadağan edilib. Media haqqında yeni qanunvericiliklə jurnalistin durumu xeyli çətinləşib, jurnalistika icazəli hala gəlib. Siyasətlə məşğul olmaq da icazəyə bağlıdır. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi təşkilatlanmaları xeyli həddə məhdudlaşdırıb. 300-ə yaxın siyasi və vicdan məhbusu uzun illərə məhkum edilib. İş o həddə gəlib çatıb ki, müstəqil jurnalisti təkcə şərləmirlər, hətta onun bədəninə elektrik cərəyanı verirlər ki, istintaqla əməkdaşlıq etsin, tələb edilən saxtla ifadələrə qol çəksin. Dindarlar, xüsusilə də İslam dininin şiə təriqətinə inanan, təşkilatlanan, hakim siyasətə qarşı çıxan inanclılar daha ciddi repressiyaya məruz qalırlar. Hökumətin nəzarətindən kənar sorğulayan və tənqidçi media mənsubları, hüquq fəalları, ictimai aktivistlər, müxalif fəallar qurama ittihamlar üzrə həbs edilirlər. Rəsmi Bakı demokratik idaretməni, Avropanın dövlət və ictimai institutlarını, Pakt və Konvensiya üzrə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri rədd edir, ölkəmizin gələcəyini Orta Asiyaya, Ərəb Dövlətləri Liqasına, Türk Dövlətləri Təşkilatına bağlayır, siyasətini Moskvanın əhval-ruhiyyəsinə uyğunlaşdırır.  Təsəvvür edin, iş o şəkil alıb ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin kurasiyasında olan Sputnik.az saytı Azərbaycan hakimiyyətinin nəzarətində olmayan vətəndaş cəmiyyəti, media təmsilçilərini barədə qaralayıcı məqalə yayır, adlar çəkir və buna uyğun olaraq da hüquq mühafizə orqanları təqibə start verir. Belə bir şəraitdə həm də nə müşahidə olunur? Görünən odur ki, rəsmi Bakı dövlətin və cəmiyyətin təməllərinə geniş nüfuz edən avtoritarizmdən də imtina edib, diktaturaya keçid cəhdi edir. Elə ona görə də Azərbaycanın cari siyasi və hüquqi vəziyyəti Liviya, ya da Suriya gerçəklikləri ilə müqayisə edilir. Heç şəksiz, Azərbaycandakı hakimiyyət qollarının yürütdüyü siyasət tənqidi beynəlxalq hesabatları labüd edir, ABŞ Dövlət Departamentinin, “Amnesty İnternational” təşkilatının illik hesabatını haqlı çıxarır. Lakin burada bir istisnanı mütləq qeyd etməliyəm. Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad edibsə, ərazi bütövlüyünü bərpa edibsə, bu, legitimdir, milli və beynəlxalq hüquqa tam müvafiqdir. Odur ki, qeyd edilən hesabatlarda Qarabağla bağlı hissəni çıxmaq şərtilə insan hüquq və azadlıqları sahəsindəki qaldırılan problemləri doğru sayıram.

Sual: Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu sanksiya mövzusu da xeyli müzakirələrə səbəb olub. ABŞ-ın bu addımını ədalətli hesab edirsinizmi? Sanksiyaları və eləcə də sanksiyalar tətbiq olunacaq şəxslərin siyahısı baxımından.

Cavab: Azərbaycan məmuruna ilk sanksiya 2022-ci ilin dekabrında tətbiq edilib. O dövrdə adı işgəncələrdə keçən “Banditizm”in əməkdaşı Kərim Əlimərdanov Maqnitski aktı çərçivəsində sanksiyaya məruz qaldı. Yeri gəlmişkən, Maqnitski aktı  hüquqşünas  Sergey Maqnitski Moskva təcridxanasında öldükdən sonra  Konqresdə  qəbul edilib. Həmin akt çərçivəsində sanksiyaya məruz qalanları nə gözləyir? İşgəncə vermiş, beynəlxalq insan haqlarını pozan və bu işə dəstək verən, korrupsiya işlərində əli olan xarici rəsmilərə ABŞ viza verməkdən imtina edir, üstəlik, ABŞ-dakı aktivləri dondurulur.

İki il müddətində Azərbaycan hakimiyyəti insan haqları sahəsindəki sərt siyasətini durdurmadı, görünməmiş həddə siyasi ağırlığa malik təqib və həbsləri seçdi və nəticədə Qərbin, Avropanın dövlət və ictimai institutları daha ciddi tədbirlərə əl atmalı oldular. Bunun nəticəsidir ki, bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətləri məhdudlaşdırıldı. Hazırda isə gözənilir ki, Azərbaycanın 40 məmuruna sanksiya tətbiq edilməsi barədə Konqresdə qanun qəbul edilsin. Əlbəttə, yuxarıdakı fikrimin altını bir daha cızıram: bu kimi sərt beynəlxalq sanksiyaları Azərbaycan hakimiyyətinin repressiv qanadının hesabatsız və məsuliyyətsiz işləri doğurub. Lakin Hikmət Mirzəyevin timsalında bəzi hərbçilərimizin beynəlxalq sanksiyaya məruz qalmasını ədalətli saymıram. Hesab edirəm ki, həbçilərimiz uzun illərdən sonra güc yolu ilə işğal altında olan əraziləri azad ediblərsə, bu, yerli və beynəlxalq hüquq normalarına uyğun olub.

Sual: Ekspertlərin fikrincə son illər bu kimi hesabatlarda, Qərbdən gələn bəyanatlarda, həmçinin son sanksiya çağırışında Azərbaycan- Ermənistan, Qarabağ münaqişəsi barədə də qeyri-dəqiq informasiyaların olması onlar haqqında ictimaiyyət arasında şübhələr yaradır. Niyə ölkədəki insan haqları məsələsinə Azərbaycan-Ermənistan münaqişəsi və ya Qarabağda baş verənlər əlavə olunur? Bunlar ayrı-ayrı mövzular deyilmi?

Cavab: Əlbəttə, ayrı-ayrı mövzulardır. Mən bütün çıxış və qeydlərimdə göstərmişəm ki, Azərbaycanda hüquq xeyli dərəcədə dəyərsizləşib. Fundamental azadlıqlara, xüsusilə də siyasi haqlara qarşı dözümsüz münasibət var. Hakimiyyətin hər üç qolu təşkil edilərkən cəmiyyətin iradəsi nəzərə alınmayıb, seçki hüququ yerli-dibli dəfn edilib. Zorakı üsul-idarə, gücə əsaslanan polis rejimi meydandadır. Bu mənada adları işgəncələrdə, qeyri-insani rəftarlarda, ləyaqəti alçaldan davranışlarda, iri korrupsiya işlərində hallanan məmurlar barədə sanksiyalar tətbiq edilirsə, bu, milli və beynəlxalq qanunvericiliklə ziddiyyət təşkil etmir. Amma işğal altında olan torpaqların azad edilməsi üçün imkanlarını səfərbər edən yüksək rütbəli hərbçilərin sanksiyaya məruz qalmasını qəbul edə bilmərəm, çünki qeyd etdiyim kimi, bu, ədalətsizlikdir.

Sual: Bu kimi hallar nədən irəli gəlir? Onların məlumatsızlığından, yoxsa ermənilərin təsirinə düşməsindən və ya tamam başqa məqsədlərdən?

Cavab: Hesab etmirəm ki, burada məlumatsızlıq rol oynayıb. Məncə, ABŞ-dakı erməni icmasının gördüyü işlərin nəticəsidir…

Sual: Belə fikirlər var ki, adətən sanksiya çağırışları olanda hakimiyyət həbs dalğasına start verir. Amma bu dəfə sanskiya çağırışı olan gün Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ümidləri artırıb ki, hakimiyyət yumşalmaya da gedə bilər. Sizcə, hansı baş verəcək?

Cavab: Əlbəttə, hakimiyyətdə rasional düşüncə təzinə üstünlük verən hansısa dairə varsa, ümumi siyasətə təsir etməli, ölkəmizin imicini bərbad günə qoyan hazırkı repressiv hərəkatı durdurmalı, siyasi və hüquqi açılımlara start verməlidir.  Qərbin və Avropanın daxildə sərt siyasətdən imtina olunması barədə çağırışlarına məhəl qoymaq, nəticələr çıxarmaq lazımdır.  Nəzərə alınmalıdır ki, zorakılığı israrla davam etdirmək daha ciddi beynəlxalq tədbirləri, təcridləri doğura bilər. Hər halda ümid edirəm ki, hakimiyyət dairələri çağırışların ciddiliyini nəzərə alıb, professor Qubad İbadoğlunun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçib.

Sual: Ölkədəki insan haqlarının durumunu düzətmək üçün hansı addımlar atılmalıdır?

Cavab: Tənqidçiləri dinləyib, açıq dialoqlara başlamaq lazımdır. Konstitusiyanın, xüsusilə, 3-cü fəslində təsbit edilən əsas insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda siyasət realizə edilməlidir.

TURAN

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …