Samir Adıgözəlli: “Bu, birinci növbədə, bəzi iri məmurların, generalların ailələrində tərbiyə məsələsinə qətiyyən əhəmiyyət verilməməsinin nəticəsidir”
Əslində, cəmiyyətdə tanınmış şəxslərin, vəzifəli adamların övladları öz tərbiyələri, davranışları ilə başqalarına nümunə olmalıdırlar. Çox təəssüflər olsun ki, bir sıra hallarda biz bunu görə bilmirik.
Bəzi vəzifəli şəxslərin övladlari zaman-zaman ata və anasının vəzifəsindən sui-istifadə edərək hər cür tərbiyəsizliklər sərgiləyiblər. Qızlara qarşı əxlaqsız davranışlardan tutmuş, başqa hərəkətlərə qədər hər cür tərbiyəsizlik davranışları nümayiş etdirən iri məmur övladları var. Hətta onlar arasında birisini maşınla vurub canını məsuliyyətdən qurtaranlar da, başqalarının var-dövlətini mənimsəyənlər də, təbiətə divan tutanlar da çoxdur.
Bu günlərdə general oğlunun marketdə bütün çipsiləri əzərək videoya çəkib sosial şəbəkələrdə paylaşması da bəzi iri məmurların övladlarının tərbiyəsinə necə yanaşdıqlarından xəbər verir. Bu oğlan da, başqaları da ata-analarının tutduqları mühüm dövlət postlarından özlərinə bir sığınacaq kimi istifadə edirlər və ağıllarına gələn tərbiyəsizlikləri edirlər, buna görə isə heç bir məsuliyyət hiss etmirlər.
Ümumiyyətlə, bu vəzifəli adamların övladları niyə cəmiyyət üçün nümunə ola bilmirlər?
- “Məmur övladları ilə də bağlı ictimai nəzarət gücləndirilməlidir”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bəzi vəzifəli şəxslərin, iri məmurların uşaqlarının restoranlarda, mağazalarda, küçələrdə və sair yerlərdə tərbiyəsizlik, özbaşnalıq etməsi birdən-birə baş vermir, bunun kökləri var. “Sözsüz ki, bu, birinci növbədə, bəzi iri məmurların, generalların ailələrində tərbiyə məsələsinə qətiyyən əhəmiyyət verilməməsinin nəticəsidir. Eyni zamanda da bəzi məmur övladları gözlərini açandan ailələrində valideynlərinin qalmaqallarının şahidi olurlar, uşaq evdə nə görür, onu da götürür. Təbii ki, çərçivəsindən çıxan münasibətlər, ünsiyyət uşağın psixologiyasına təsir edir. Yəni burada təkcə pul məsələsi rol oynamır. Bu, yalnız varlı və məmur ailəsində baş vermir, ola bilsin, bir kasıb ailədə də baş verir. Sadəcə olaraq, yüksək vəzifə tutan, kifayət qədər var-dövlətə sahib olan insanın, iri məmurun, generalın bir tərəfdən pulunun olması, digər tərəfdən də övladına yaxşı tərbiyə verməməsi belə hallarla nəticələnir. Onların çoxunun ya uşaqlarına tərbiyə verməyə vaxtı olmur, ya da bu məsələyə əhəmiyyət vermir, pulun çoxluğu da qudurğanlığa gətirib çıxarır. Mənəviyyat olmayan yerdə yaxşı övlad yetişdirmək mümkün deyil”.
S.Adıgözəllinin sözlərinə görə, valideynin ən böyük vəzifəsi övladına yaxşı tərbiyə verməkdir, bunu isə bizim bəzi iri məmurlar etməyiblər. “Üstəlik də onların çoxunu valideynləri haram pulla böyüdüblər. Etiraf edək ki, bir çox iri məmurun əlində cəmləşən haram pullardır, haram pul yeyən övlad isə nə ailəsinə, nə də cəmiyyətə yararlı ola bilər.
Bəzi məmurlar xalqdan, büdcədən talayıb əldə etdikləri haram, oğurluq pullarla övladlarına çox bahalı maşın alır və bu maşınları da yüksək sürətlə idarə edən məmur balaları qəzalar törədir, ocaqlar söndürürlər. Heç kimi saymırlar, bunun da çox acı nəticələri olur. Bu hələ bizim gördüklərimizdir, görmədiklərimiz də çoxdur. Jurnalist çəkməsə, onların tərbiyəsizlikləri kameraya düşməsə, xalqın gözü qarşısında baş verməsə, bunlardan da xəbərsiz olardıq. İndi general oğlunun tərbiyəsiz hərəkətləri supermarketdə çəkilmişdi və ictimailəşmişdi, indi ictimailəşməyən o qədər hadisə var ki. Nə qədər məmur övladı cəmiyyətə qarşı saymazyana davranır, tərbiyəsizlik edir. Hesab edirəm ki, məmur övladları ilə də bağlı ictimai nəzarət gücləndirilməlidir. Burada ictimai fəallıq, ictimai qınaq ön plana çıxmalıdır. İctimai qınaq olmalıdır ki, bu insanlar özlərini yığışdırsınlar” – deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA