“Vahid Əhmədovun maliyyə nazirinin manatın dayanıqlığı və sabitliyə əsaslanması barədə fikirlərini təhrif etməsi birbaşa ictimai rəydə çaşqınlıq yaratmağa və dövlətimizin apardığı siyasi-iqtisadi siyasətə süni şəkildə kölgə salmağa hesablanıb”. SİA-nın məlumatına görə, bu fikirləri olaylar.az-a “SƏS” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deputat Vahid Əhmədovun manatın növbəti devalvasiyaya uğrayacağı, guya ölkədə maliyyə problemlərinin yaşanacağı barədə verdiyi bədbin “proqnozlarına” münasibətini açıqlayarkən deyib.
Bəhruz Quliyevin sözlərinə görə, Azərbaycan manatının dayanıqlığı kifayət qədər möhkəm əsaslara söykənir və dövlətimiz siyasi-iqtisadi siyasətində bu məsələni daim prioritet istiqamət kimi götürür: “Qəbul edilən və həyata keçirilən Dövlət Proqramları, əhalinin sosial-məişət həyatının daha yaxşı təmin olunması istiqamətində görülən davamlı işlər, regionlarımızın inkişafı, eləcə də digər sahələrdə əldə edilən hər bir nailiyyətin arxasında dayanan əsas faktor məhz siyasi-iqtisadi siyasətin uğurlu təməl prinsipləri dayanmaqdadır. Bu baxımdan, Vahid Əhmədovun xalq arasında süni gərginlik yaratmaq cəhdləri mən deyərdim ki, birbaşa təxribatçılıq məqsədi daşıyır. Onun dövlətin apardığı məqsədyönlü siyasətinə qarşı çıxışları da belə nəticəyə gəlməyə əsas verir ki, o, öz qaranlıq siyasi keçmişini unutmayıb”.
“Görünür, bu şəxs öz deputatlıq mandatından sui-istifadə edərək, açıq-aşkar dövlətimizin siyasəti əleyhinə fikirlər səsləndirməklə radikal müxalifətçilik dövrləri üçün darıxdığını nümayiş etdirir”, deyən siyasi ekspert xatırladıb ki, bir neçə il öncə baş vermiş Quba iğtişaşları zamanında da Vahid Əhmədov xalqı qızışdırıcılığa meylli ifadələri ilə qeyri-sabitliyə çağırıb: “Bütün bunlar isə onun ənənəvi və qaragüruhçu müxalifət sindromlarının yenidən oyanması ilə əlaqələndirilə bilər. Çünki onun bəlli keçmişi hər kəsə məlumdur. Bu gün Vahid Əhmədovun dövlətin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursa qarşı qeyri-real, əsaslandırılmamış rəyləri əslində onun barəsində formalaşmış fikri kifayət qədər sübuta yetirmiş olur”.
Baş redaktor son olaraq bildirib ki, Vahid Əhmədov kimilərinin nə demələrindən, hansı saxta, sifarişli “proqnozlarla” çıxış etməsindən asılı olmayaraq, ictimai rəy həmin fikirlərə ciddi yanaşmır və dövlətinin apardığı məqsədyönlü siyasi-iqtisadi siyasəti dəstəkləyir.