Samir Adıgözəlli: “Keçmiş dövlət xadimləri, diplomatlar və digər nüfuzlu şəxslərin Bakıya təşrif buyurması…”
Məlum olduğu kimi, dünən V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. Forumda 80-ə yaxın ölkədən 400 nəfərədək qonaq iştirak edir. Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Həmçinin, mərasimdə Rusiya prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunub. Açılış mərasimində Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edib.
Forumun plenar iclası keçirilib. Plenar iclasda siyasi və dini liderlər, Nobel mükafatı laureatları, “dəyirmi masa” rəhbərləri çıxış edib. Sentyabrın 30-da Forum çərçivəsində müxtəlif mövzularda “dəyirmi masa”lar keçiriləcək.
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. 2010-cu ildən keçirilən Forumun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın sabiq prezidenti, hazırda bu ölkənin baş naziri olan Dmitri Medvedyev olublar.
Ən nəhayət, onu da qeyd edək ki, Forum çərçivəsində Bakıya gələn keçmiş dövlət xadimləri, nüfuzlu şəxslər dövlət təşkilatlarında da bir sıra görüşlər keçirib. Bu görüşlər Azərbaycanın tanıdılmasında necə rol oynayacaq?
Məsələyə münasibət bildirən Beynəlxalq Diaspor Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, bu kimi görüşlərin keçirilməsinin Azərbaycanın tanıdılması baxımından müstəsna əhəmiyyəti var: “Belə mühüm forumların, konfransların keçirilməsinin nəinki regional, eyni zamanda, dünya əhəmiyyəti var. Bu kimi tədbirlərin son illər ard-arda Azərbaycanda keçirilməsinin faydası çoxdur. Xaricdən böyük nümayəndə heyətinin gəlməsi Azərbaycanın tanıdılması baxımından böyük rol oynayır. Eyni zamanda, Forum çərçivəsində Bakıda keçirilən bir sıra görüşlərin də bu baxımdan əhəmiyyəti böyükdür. Hər cəhətdən bu, Azərbaycanın tanıdılmasına xidmət edir. Bura sosial, mədəni, ictimai və digər məsələlər daxildir. Azərbaycanın əldə etdiyi nailiyyətlərin nəticəsidir ki, ölkədə bu cür sanballı tədbirlər keçirilir. Keçmiş dövlət xadimləri, diplomatlar və digər nüfuzlu şəxslərin Bakıya təşrif buyurması, bir sıra görüşlər keçirməsi Azərbaycanın dünyada imicinə müsbət təsir göstərir. Nəzərə almaq lazımdır ki, beynəlxalq səviyyəli hər bir bənzər görüşün öz əhəmiyyəti var”.
baki-xeber.com