Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Bakıda beynəlxalq anti – narkotik konfransı keçirilir

Rauf Zeyni: “Narkotiklərlə mübarizə ilə bağlı ilk dəfədir ki, Azərbaycanda belə mötəbər tədbir keçirilir”

Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) keçirilir. Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarından ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaradacaq.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycanın belə bir konfransa ev sahibliyi etməsinin çox yaxşı olduğunu düşünür: “Bu çox mötəbər bir formatdır. Narkotiklərlə mübarizə sahəsində ölkəmiz üçün vacib tədbirdir. Belə tədbirlərin keçirilməsi planlaşdırılarkən ölkənin bu sahədə rolu nəzərə alınır. Eyni zamanda ölkənin özünün də belə tədbirə ev sahibliyi etmək razılığı olmalıdır. ABŞ Ədliyyə Departamentinin də belə tədbirlərlə bağlı bütün mənalarda rəyi nəzərə alınır. Bu qədər də belə tədbirlər İtaliyada və digər ölkələrdə baş tutub. Yaxşı oldu ki, İlham Əliyevin sərəncamı ilə bu konfrans Bakıda baş tutdu. 130 ölkədən 600-a qədər nümayəndə gəldi. Bu çox böyük hadisədir. Naktotiklərlə mübarizə ilə bağlı ilk dəfədir ki, Azərbaycanda belə mötəbər tədbir keçirilir”.

“Bu tədbir Azərbaycana nə verə bilər” sualına Rauf Zeyni belə cavab verdi: “Konfransdakı məruzələrdə də qeyd olundu ki, dünyada  mövcud olan bəşəri bəla yalnız bizim hamımızın birgə mübarizəmizi gücləndirməklə, yeni metodologiyalar yaratmaqla, işləyib hazırlamaqla, yeni yanaşmalar tətbiq etməklə, birgə səylər göstərməklə narkomaniya bəlasından yaxa qurtara bilərik. Bu baxımdan Azərbaycanda bu masştabda konfransın keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. 3 gün ərzində dəvətli ölkələrdən sahə üzrə peşəkarların toplanıb  müzakirələr aparması, panel müzakirələr də nəzərdə tutulur. Demək, ortaya bu sahə ilə bağlı uyğun fəaliyyət də çıxacaq. Narkotranzit Azərbaycan üzərindən keçir. İşğal olunmuş ərazilərimizdən Ermənistan tərəfi narkotranzit üçün istifadə edir. Həm də diqqəti bu məqama yönəltmək baxımından konfransın əhəmiyyəti var. Konfransa qatılan 130 ölkə Azərbaycanın 20 faiz ərazilərinin işğal altında olması, həmin ərazilərdən Ermənistan tərəfinin razılığı ilə beynəlxalq narkomafiyaların narkotik daşıması faktına diqqət çəkilib”.

Bakı-Tiflis-Qars dəmiryol xətti istifadəyə veriləndən sonra ölkəmiz üzərindən narkotranzitin artacağı haqda fikirlər səsləndirilir. Rauf Zeyni deyir ki, Azərbaycan böyük loqistika mərkəzinə çevrilməklə yük daşımalarının həcmi genişlənib: “Əlbəttə ki, bundan narkomafiyaların da yararlanma cəhdləri qaçılmazdır. Narkomafiyaların belə məsələlərlərdən öz maraqları çərçivəsində istifadə etməyə cəhd edəcəyi mümkündür. Bizneslərini genişləndirmək üçün hər vasitəyə əl atırlar. Belə konfranslar Azərbaycanı belə əməllərin qarşısının alınmasına səfərbər edir. Azərbaycan müstəqilliyini, təhlükəsizliyini qorumaqdan ötrü bu sahəyə diqqəti gücləndirməli, hüquq-mühafizə orqanları öz fəaliyyətini daha da kəsərli etməlidir”.

Rauf Zeyni dünyada narkomaniyaya qarşı mübarizədə aparıcı dövlətlərin yeni çağırışlara verdikləri qarşılığın mahiyyəti haqda danışıb. Deyib ki, Kolumbiya, Meksika və bu qəbildən olan narkotiklərlə mübarizə təcrübəsinə sahib dövlətlərin praktikasından istifadə olunmalıdır: “Qarşılıqlı faydalı əməkdaşlıqların qurulması vacibdir. Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsindən gələn  gəlir dünya ticarətinin 8 faizini təşkil edir. Bu olduqca böyük, astronomik rəqəmdir. Biz bu gün narkotiklərin qanunsuz ticarətinə qarşı bu sahədə təcrübəsi olan dövlətlərlə birgə mübarizə aparmasaq, narkomaniya bəşəriyyətin böyük bəlasına çevriləcək”.

Rauf Zeyni deyir ki, konfransda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general Həzi Aslanov Azərbaycanda bu sahə ilə bağlı dövlət proqramlarından danışıb: “2019-2024-cü illər üçün Narkomaniya və Narkotik vasitələrlə mübarizə üzrə Dövlət Proqramı həyata keçirilir. Konfransda general Azərbaycan ərazisindən keçən bir neçə marşrutun ləğv edilməsi ilə bağlı məruzə etdi. Hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlərlə bağlı açıqlama verdi. Bu gün Azərbaycanın iqtisadi, beynəlxalq əhəmiyyəti artır. Bununla yanaşı, narkomafiyalar üçün də yeni imkanlar yaranır. Bu baxımdan yeni çağırışlara qoşularaq beynəlxalq təcrübəni öyrənib ölkəmizdə, regiondan olan narkomafiyalara qarşı kəsərli mübarizə aparmalıyıq. Bu istiqamətdə vətəndaş cəmiyyətinin, medianın üzərinə böyük məsuliyyət düşür. Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin bu bəlaya düçar olmaması üçün tədbirlər görməliyik”.

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı real mübarizə varkən narkomanların sayının artması nə ilə əlaqəlidir” sualına Rauf Zeyni belə cavab verdi: “Mübarizə ən yüksək səviyyədə aparılır. 2018-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən 8 min ton narkotik çıxarılıb. Bu, hüquq-mühafizə orqanlarının gərgin əməyi nəticəsində dövriyyədən çıxarılan narkotik vasitələrdir. Mübarizənin effektiv olması, gücləndirilməsi narkomafiyaların da yeni iş üsullarına müraciət etməsi ilə nəticələnir. Hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı addımları genişləndirdikcə, qarşı tərəf də fəaliyyətini davam etdirmək yollarını axtarır. Bu məsələdə Azərbaycanın hərtərəfli fəaliyyətini gücləndirməsinə çox böyük ehtiyac var. Bu bəla get-gedə artmaqdadır. Ölkəmiz də bu məsələdən sığortalanmayıb. Hüquq-mühafizə orqanları da fəaliyyətini gücləndirməlidir. Düşünürəm ki, keçirilən konfransda müzakirə edilən narkotiklərə qarşı mübarizədə problemlər və çıxış yollarının tapılması ümumilikdə Azərbaycanla yanaşı regionda bu sahədə durumunun yaxşılaşmasına xidmət edəcək”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir