Beynəlxalq Avtomobil Federasiyasının (FIA) 2017-ci il üçün açıqladığı Formula 1 dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran-Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, Azərbaycan Qran-Prisi Formula 1 dünya çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq “Le Man” yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.
Çempionat çərçivəsində növbəti ildə Qran-Pri yarışları 20 ölkədə keçiriləcək. FIA-nın açıqladığı yarış təqvimində Qran-Pri yarışlarının ardıcıllığı belədir:
24-26 mart – Avstraliya (Melburn)
7-9 aprel – Çin (Şanxay)
14-16 aprel – Bəhreyn (Bəhreyn)
28-30 aprel – Rusiya (Soçi)
12-14 may – İspaniya (Barselona)
26-28 may – Monako (Monte Karlo)
9-11 iyun – Kanada (Monreal)
23-25 iyun – Azərbaycan (Bakı)
7-9 iyul – Avstriya (Şpilberq)
14-16 iyul – Böyük Britaniya (Silverston)
28-30 iyul – Macarıstan (Budapeşt)
25-27 avqust – Belçika (Spa-Frankorçamp)
1-3 sentyabr – İtaliya (Monza)
15-17 sentyabr – Sinqapur (Sinqapur)
29 sentyabr – 1 oktyabr – Malayziya (Sepanq)
6-8 oktyabr – Yaponiya (Suzuka)
20-22 oktyabr – ABŞ (Ostin)
27-29 oktyabr – Meksika (Mexiko)
10-12 noyabr – Braziliya (San Paolo)
24-26 noyabr – BƏƏ (Əbu Dabi)
Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarışın adının dəyişdirilməsinə aydınlıq gətirib: “Ötən il yarışın Avropa Qran-Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq. Bu il yarışın adının dəyişdirilməsi üçün FIA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək Formula 1 yarışı Azərbaycan Qran-Prisi adlanacaq. Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə çatdıra biləcəyik, xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə Formula 1 ilə birgə hallanacaq”.
Qeyd edək ki, gələn il Bakıda baş tutacaq növbəti Formula 1 yarışına biletlərin satışına 2 dekabr tarixindən etibarən başlanılacaq. İlk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq və daha sonra satış tam qiymətlər üzrə davam edəcək.