Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl xüsusi əməliyyat tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı əlavə olaraq, 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Baş İdarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir.