Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva: “Bu günün gəncliyi çox vətənpərvərdir”

“Gənclərimizin vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şücaət bunun bariz nümunəsidir”

Nərgiz xanım 2 fevral Azərbaycanda Gənclər  günüdür. Bakı Gənclər Mərkəzinin direktoru kimi bu gün ölkəmizin hərtərəfli inkişafında Azərbaycan gəncliyinin rolunu necə qiymətləndirirsiniz?

-Gənclər günü hər bir Azərbaycanlı gənci üçün önəmli bir gündür. Çünki hər il fevral ayının 2-si qeyd olunan Gənclər Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər Gününün təsis olunması Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir. Bu günün gəncləri Heydər Əliyev kursunun davamçılarıdır. Azərbaycan gəncliyi intellektual gənclikdir. Bu gün dünyanın ən mötəbər yerlərindən gənclərin səsini eşidirik. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu günün gəncliyi vətənpərvər gənclikdir. Gənclərimizin vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şücaət bunun bariz nümunəsidir. Mən də öz adımdan gəncləri bu gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.

-Bakı Gənclər Mərkəzinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Bakı Gənclər Mərkəzi Gənclər və İdman Nazirliyinə tabeli qurumdur. 1 ildən az müddətdir fəaliyyət göstərməyimizə baxmayaraq bir sıra böyük layihələrə imza atmışıq.  Mərkəzin fəaliyyəti gənclərin şəxsi inkişaf və karyera yüksəlişi, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılması yönümündəqurulmuşdur. Əsas məqsədimiz gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə insan kapitalının inkişafına töhvə verməkdir. Burada inkişaf məktəbləri, təcrübə proqramları, müxtəlif vətənpərvərlik layihələri, təlim və görüşlərin təşkili həyata keçirilir.

-44 günlük Vətən müharibəsində Gənclərimizin rolu danılmazdır. Bu rolda Bakı Gənclər Mərkəzinin payı haqqında nələr deyə bilərsiniz?

-Bakı Gənclər Mərkəzinin 397 nəfər könüllüdən ibarət komandası var. Vətən müharibəsi dövründə onlarla birlikdə bir sıra layihələr həyata keçirmişik.

Könüllülərimizdən  ibarət “Arxa cəbhə əsgəri” komandası 44 gün ərzində Azərbaycanın haqlı mövqeyini bütün dünya ictimaiyyətinə çatdırmaq üçün sosial şəbəkələrdə müxtəlif dillərdə paylaşımlar edərək aktivlik nümayiş etdiriblər. Ordumuza dəstəyimizi nümayiş etdirmək və gənclər arasında vətənpərvərlik hissinin təbliği, gənclərimizin hər an səfərbərliyə hazır olduğuna diqqətin artırılması namninə  “Qarabağ Azərbaycandır”, “Bitməz-tükənməz Azərbaycan” qısametrajlı filmləri çəkilib. Azərbaycanın Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə “Əsgərə məktub” aksiyası həyata keçirilib.

-Gələcək planlarınızdan danışa bilərsiniz?

Hazırda başladığımız layihələri silsilə şəklində davam etdirmək niyyətindəyik. Döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladları barədə maarifləndirici çarxlar hazırlamaq, Vətən müharibəsi iştirakçılarıyla, qazilərlə görüşlərin keçirilməsi, Şəhid ailələrini ziyarət etmək. Vətən müharibəsi iştirakçıları gənclərin məşğulluğu, psixoloqlarımız tərəfindən Şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına psixoloji dəstək və s. planlaşdırırıq . Bundan başqa bildiyiniz kimi  Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi” ili elan olunub. Bununla bağlı möhtəşəm layihələrimiz nəzərdə tutulur.

Çinarə SEYİDOVA

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …