Cümə , 29 Mart 2024
Drone Cameras

Bakı narkotikdən təmizlənir, bəs bölgələr?

Boyukmillet.com olaraq tanınmış jurnalist Samir Feyruzovun narkotiklərlə bağlı araşdırmasını təqdim edirik:

İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli şəxslər ifşa olunmalıdırlar – Bakı narkotikdən təmizlənir, bəs bölgələr? Son aylarda Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi tədbirlər həyata keçirilib və bu tədbirlər nəticəsində külli miqdarda narkotik maddələr müsadirə olunub.

Əvvəlki dövrlərə nisbətən narkotik maddələrə görə həbs edilən şəxslərin də sayında artım müşahidə olunur. Paytaxt Bakının Yasamal, Nəsimi və Sabunçu rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xeyli sayda insanlar və narkomanlar həbs ediliblər.

Şübhəsiz, bütün bu tədbirlər təqdirolunasıdır. Onu da qeyd edim ki, Kürdəxanı və Şüvəlan təcridxanaları narkotikə görə həbs edilən şəxslərlə tamamilə dolub. Amma əldə etdiyimiz məlumatlar və aparılan müşahidələr onu deməyə əsas verir ki, bölgələrdə vəziyyət hələ də acınaqlıdır. Belə ki, paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə sahəsində nəzərəçarpan adımlar həyata keçirilsə də, rayonlarda narkotik istifadəçilərinin sayı durmadan artır və narkotik bazarı çoğrafi miqyasını hər gün genişləndirməkdədir.

Diqqətə çatdırım ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı indiyə qədər onlarla məqalələrlə çıxış etmiş, bu problemin dövlətçiliyimiz və genefondumuz üçün yaratdığı dəhşətli təhlükələrdən dəfələrlə yazmışam. Heç kəsə sirr deyil ki, Azərbaycanda satışı təşkil edəilən sintetik, ən aşağı keyfiyyətli narkotik vasitələr məhz İrandan gətirilir. İrandan Azərbaycana narkotik maddələrin daşınması rəsmi Tehranın dövlət siyasətinin bir hissəsidir.

Yəni, Azərbaycan xalqını narkotiklə məhv etmək İranın dövlət siyasətidir və bu, ən yüksək səviyyədə dəstəklənir. Bu problemlə bağlı zaman-zaman müxtəlif təkliflərlə də çıxış etmişik. İrandan Azərbaycana yönələn narkotik selinin hər gün satış konturları və ideoloji təbliğat üsullarında “texniki” dəyişikliklər olduğuna görə, biz hər dəfə bu istiqamətdə müxtəlif təkliflərlə çıxış etməli oluruq.

Məsələn, düşünürük ki; Birincisi, İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli və narkotik maddələrin yerlərdə satışını himayə edən məmurlar var. Bu şəxslər aşkarlanıb ifşa edilməlidir. İkincisi, cənub sərhədimizin şəxsi heyətini və texniki imkanlarını ən üst səviyyədə gücləndirmək lazımdır. Həmçinin, DSX bu istiqamətdə davamlı olaraq, hesabatlar təqdim etməlidir. Üçüncüsü, dövlət bu sahəyə olan ideoloji, siyasi və texniki nəzarəti gücləndirməlidir.

Samir Feyruzov

Check Also

Əfsanəvi “Eloğlu Yusif”…

“Eloğlu Yusif”—Kazımov Yusif Əli oğlu…(1924-1988) O, 1924-ci ildə Salyan rayonunda “naxırçı Əli”-nin ailəsində dünyaya göz …