Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Bakıda avtomobil saxlamaq niyə problemə çevrilib? – ‘Azparkinq’ ətrafında narazılıq

“Azparkinq” MMC fəaliyyətə başlayanda paytaxt sürücülərində ümid yaranmışdı ki, illərlə yol kənarlarında hökm sürən qeyri-rəsmi parklama sistemi aradan qalxacaq, “narıncı jiletli”lərin özbaşınalığına son qoyulacaq. Düşünülürdü ki, nəhayət, küçədə dayanmağa görə sürücülərdən nağd pul tələb edənlər tarixə qovuşacaq, proses şəffaf və qaydalı olacaq.

İndi ağ köynəkli, qalstuklu, əlində planşet olan gənclər həmin jiletliləri əvəzləyib. Lakin sürücülərin narazılığı bitməyib — sadəcə forması dəyişib. İndi paytaxtda avtomobilini yol kənarında saxlayan vətəndaş bir neçə saat üçün sabit ödəniş deyil, hər saata görə ayrıca pul ödəməli olur, üstəlik SMS göndərmədiyi və ya texniki problem yaşadığı halda cərimə ilə üzləşir. Bir sözlə, “xaos bitdi” deyə sevinənlər indi yeni problemlərlə qarşı-qarşıyadır.

Sürücülər Musavat.com-a ünvanladıqları şikayətlərdə bildirirlər ki, parklanma üçün elektron ödəniş bankomatları quraşdırılmalıdır ki, mümkün sui-istifadə hallarının qarşısı alınsın: “Maşından düşən kimi mesaj göndərməlisən, göndərmədinsə cərimə yazırlar. Ola bilər ki, telefonunda kontur bitsin və ya şəbəkə tutmasın, amma bunlar nəzərə alınmır”.

Qeyd edək ki, 2023-cü il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Qaydalara görə, Bakı şəhərinin mərkəzində (birinci zonada) parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 213 saylı qərarına əsasən beşinci zonada isə parklanma ödənişsizdir.

27e69dad-8c55-4602-bd3f-c6a00e185a8c.jpeg (44 KB)

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Musavat.com-a açılamasında deyib ki, qaldırılan məsələlər cəmiyyətdə haqlı narahatlıq doğurur və müzakirəyə açıqdır: “Xüsusilə ödənişlərin yalnız mobil tətbiq və SMS üzərindən həyata keçirilməsi bütün vətəndaşlar üçün bərabər əlçatanlıq yaratmır. Smartfonu və ya bank kartı olmayan şəxslər üçün alternativ, fiziki ödəniş mexanizmlərinin olmaması sosial ədalət prinsipinə ziddir və bu istiqamətdə real həllərin tətbiqi zəruridir.

Eyni zamanda, cərimələrin tətbiqi məsələsində hüquqi səlahiyyətlərə ciddi şəkildə əməl olunmalıdır. Hər hansı MMC-nin birbaşa cərimə qərarı verməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bu tip hallarda qurumun rolu pozuntunu sənədləşdirmək və müvafiq icra hakimiyyəti orqanına təqdim etməklə məhdudlaşmalıdır. Qərarvermə səlahiyyəti isə açıq və dəqiq şəkildə müəyyən edilmiş dövlət orqanına məxsus olmalıdır”.

İqtisadçı qeyd edir ki, parklanma siyasəti yalnız ödəniş yığımı ilə məhdudlaşmamalıdır: “Şəhərdə artan nəqliyyat sıxlığını nəzərə alaraq, yeni yeraltı və yerüstü parkinqların inşası, alternativ nəqliyyat həllərinin təşviqi və ümumi axının tənzimlənməsi üçün sistemli təkliflər hazırlanmalıdır. Bu yanaşma həm sürücülərin rahatlığını, həm də şəhər mühitinin davamlılığını təmin edə bilər.

Parklanmadan dövlət büdcəsinə daxilolmaların azalması məsələsi də ayrıca diqqət tələb edir. Avtomobillərin sayı və qiymətlərin artdığı bir şəraitdə gəlirlərin azalması ciddi suallar doğurur və bu sahədə şəffaflığın təmin olunması üçün müvafiq nəzarət orqanlarının araşdırma aparması məqsədəuyğun olardı. Bu cür açıq və obyektiv təhlillər həm etimadı artırar, həm də sistemin təkmilləşdirilməsinə real töhfə verər”.

4df42cfe-b969-454e-9ece-87039705897d.jpeg (52 KB)

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə Musavat.com açıqlamasında fərqli yanaşma sərgiləyib: “Cərimə haqqı parklanma məsələsində sadəcə bir tənbeh mexanizmidir və təkbaşına problemi həll etmir. Digər tərəfdən, ödəmə üsullarına baxsaq görərik ki, parklanma əsasən mobil tətbiq üzərindən həyata keçirilir. Bu da smartfon vasitəsilə mümkündür. Smartfonu olmayan şəxslər üçün isə istənilən mobil telefondan SMS göndərmək kifayətdir.

Bəzən sual yaranır ki, əgər konturu yoxdursa və ya əlaqə mümkün deyilsə, bu halda nə etmək olar? Düşünürəm ki, alternativ həll yolları tapıla bilər. Əsas məsələ odur ki, cəmiyyətdən bu istiqamətdə real təkliflər gəlsin.

Məsələn, ödəmənin başqa formaları da mövcuddur: alış-veriş mərkəzlərində bankomatlar quraşdırılıb, müxtəlif ödəmə sistemləri vasitəsilə parklanma haqqını ödəmək mümkündür. Amma parkinq yerlərinin əksəriyyəti avtomobil yollarının kənarında yerləşdiyi üçün orada nə bankomat, nə də ayrıca ödəmə aparatı olur. Bu səbəbdən də SMS və mobil tətbiq vasitəsilə ödəniş ən əlçatan və rahat üsul kimi seçilib”.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib, cavablandırıldığı təqdirdə yaymlanacaq.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …