Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakıda Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib

Mayın 19-da Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Boyukmillet.com “AZƏRTAC” istinadən xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Azərbaycan–Türkiyə əlaqələrindən və tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcək. A.Əliyeva qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.
Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıblar. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur.
Digər çıxış edənlər – Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayilov, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər ki, 2022-ci ilin “Şuşa İli” elan olunması çərçivəsində keçirilən Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı müzakirələr platforması olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək.
Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri üzrə təqdimatları keçirilib.
İkinci paneldə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Toğrul Məmmədli panelin proqramı haqqında məlumat verib. Daha sonra Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfinin (SETA) xarici siyasi tədqiqatçısı Mustafa Caner, Qadın və Demokratiya Dərnəyinin İdarə Heyətinin rəhbərinin müavini xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyətinin İcraçı direktoru Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçi, Türkiyə Gənclik Vəqfinin nümayəndəsi Elif Habip öz sahələri üzrə təqdimatlar ediblər.
Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskussiya aparılıb.
Forumun yekunu olaraq bəyanat qəbul edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …