Bazar , 26 Yanvar 2025
Drone Cameras

Bakıda polis siqaret çəkənlərlə bağlı elan olunmamış reydə başlayıb

“İki gündür ki, küçə və parklarda vətəndaşlara kütləvi cərimələr yazılır”

Bakıda polis küçə və parklarda siqaret çəkənlərə qarşı elan olunmamış reydə başlayıb. 

Paytaxtın Səbail, Yasamal, Nəsimi, Xətai və Nizami rayonlarında küçə və parklarda siqaret çəkənlər kütləvi cərimələnib. 

Bir neçə sakin Meydan TV-yə deyib ki, onlar 30, 40 və 50 manat civarında cərimələniblər. 

Onlar siqaretlə bağlı cərimələrin bir neçə aydır ki, yazıldığını, amma son iki gündə kütləvi hal aldığını qeyd ediblər və bunun açıq havada baş verdiyini bildiriblər. 

Polislər cərimə yazdıqları vətəndaşlara göstərişin yuxarıdan gəldiyini deyiblər, amma bu yuxarının Daxili İşlər Nazirliyi və ya Prezident Adminstrasiyası olduğu bildirilməyib. 

Cərimələr açıq havada yazılır…

Azərbaycanda son aylar cərimələr yüksək miqdarda artırılıb. 

Mütəxəssislər deyirlər ki, bu tip cərimələrin kütləvi şəkildə həyata keçirilməsi büdcənin doldurulmasına hesablanıb. 

Azərbaycanda ictimai yerlərdə siqaret çəkməklə bağlı qadağalar 2017-ci ildə tətbiq edilib. 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar ictimai yerlərdə siqaret çəkilməsi inzibati məsuliyyət yaradır. 

İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində göstərilib ki, “Tütün və tütün məmulatı haqqında” Qanunla qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. 

Qadağan olunmuş yerlər… 

Qanuna əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən aşağıdakı yerlərdə istifadə qadağan edilir: 

– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

– ticarət obyektləri;

– məişət obyektləri;

– sosial xidmət müəssisələri;

– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

– uşaq meydançaları;

– yerüstü qapalı və yeraltı piyada keçidləri;

– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

– taksofonlar;

– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr.

6 dəfə qaldırılan cərimələr… 

Yeri gəlmişkən, 2024-cü ilin oktyabrında Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 

Dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.

Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanunda göstərildiyi kimi, küçə və parklarda açıq havada siqaret çəkməklə bağlı isə hər hansı bir qadağa nəzərdə tutulmayıb. 

Səməd Rəhimlinin şəxsi arxivindən
Səməd Rəhimlinin şəxsi arxivindən

Hüquqşünas: “Polis yazdığı cərimədə səbəbi əsaslandırmalıdır” 

Hüquqşünas Səməd Rəhimli deyir ki, polisin vətəndaşda yazdığı protokolda cərimənin qanunla qadağan olunmuş yerdə siqaret çəkilməsi əsaslandırmalıdır. 

Tütün istifadəsi qadağası və çərçivələri

Onun sözlərinə görə, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması” haqqında Qanun (10-cu maddə) tütün məmulatlarından istifadənin qadağan edildiyi yerlərin siyahısını müəyyən edir: 

“Hüquqda qadağa dar mənada şərh edilir. Yəni hüquq mühafizə orqanı qadağanı yalnız həmin qadağanın çərçivəsində tətbiq edə bilər. Bu çərçivədən kənara çıxa bilməz“.

Hüquqi məsuliyyət və növləri

Səməd Rəhimli qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmuş tütün məmulatlarından istifadə qadağasınının pozulmasına görə fiziki şəxslərin hüquqi məsuliyyəti İnzibati Xətalar Məcəlləsində (212-ci maddə) nəzərdə tutulur. 

Göstərilən hüquqi məsuliyyətin isə iki növü var:

1 – Qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə hüquqi məsuliyyət – bunun üçün 30 manat cərimə müəyyən edilir;
2 – Tütün məmulatlarının ətraf mühitə atılmasına görə hüquqi məsuliyyət – bunun üçün 300 manat cərimə müəyyən edilir. Bu qaydanın təkrarən pozulmasına görə daha ağır tənbeh nəzərdə tutulur (700 manat cərimə və ya 60 saatdan 100 saata qədər ictimai işlər).

“Hüquq mühafizə orqanı kimi polisin tənbeh tətbiq etmə səlahiyyəti (cərimə) fiziki şəxslərə münasibətdə yalnız bu iki tədbirdən ibarətdir“, – o belə deyir. 

Tənbeh tətbiq etmə prosesi və sübutlar

Hüquqşünas qeyd edib ki, inzibati tənbehi tətbiq etmə səlahiyyəti (o cümlədən cərimə) tətbiq edən polis orqanları bununla bağlı sübutetmə yükünü daşıyırlar: 

“Başqa sözlə, polis əməkdaşı inzibati xəta protokolu tərtib edərkən müvafiq pozuntunun törədilməsinə görə sübutu təqdim etməlidir. Nəzərə alsaq ki, hazırda polis əməkdaşları elektron cihazlarla təmin ediliblər, onda onlar video-sübut təqdim edə bilərlər. Polisin vizual görməsinə dair özünün izahatı yetərli sübut kimi qəbul edilməsi prosessual hüququn ümumi prinsipləri ilə ziddiyyət təşkil edir və hüquq mühafizə orqanına fiziki şəxslər üzərində əsassız cərimələr tətbiq etmək imkanı verir“.

Hökumətin mümkün motivi 

Səməd Rəhimli də o fikirdədir ki, cərimələr əhalinin hesabına büdcəni doldurmaq üçündür, çünki ötən il (2024) bütün sahələr üzrə cərimələr bir neçə dəfə artırılıb: 

“Qeyd edək ki, bu qanunvericilik 2017-ci ildən qüvvədədir. Bu qanunvericiliyin tətbiqinin intensivləşdirilməsi hökumətin qanunu tətbiq etmək niyyətindən çox büdcənin cərimələrlə doldurulmasına dair iqtisadi siyasətindən irəli gələ bilər. Vurğulamaq lazımdır ki, hökumət qanunvericiliyin tətbiqini intensivləşdirdiyi halda bununla bağlı qabaqcadan xəbərdarlığı ictimaiyyətə çatdırmalıdır. Bu cür xəbərdarlığın lazımi qaydada edilməməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edə bilər. Çünki qanunvericilik mövcud olsa da, onun inzibati təcrübədə uzun müddət tətbiq edilməməsi fiziki şəxslərdə qanunun praktik olmamasına dair təəssürat yarada bilər“.

Meydan TV Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsa da, rəsmi elan edilməyən reydlə bağlı hər hansı bir açıqlama verilməyib.

Check Also

İranda saxlanılan tələbə Azərbaycana təhvil verilib

Ailəsi Fərid Səfərlinin Bakıda olduğunu deyir İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin azadlığa …