Qurum Ermənistanla imzaladığı sənəddə sülhə “balta çalan” mövqe sərgilədi – reaksiya
Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya və 8 avqustda paraflanmış sülh sənədinə uyğun şəkildə davam edən münasibətlər, görünür, bir sıra beynəlxalq qurumları narahat edir. Hər halda, Avropa İttifaqının son mövqeyi belə bir qənaətə gəlmək üçün kifayət qədər əsaslar yaradır.
Dekabrın 2-də Brüsseldə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin rəsmi Bakı tərəfindən sərt etirazla qarşılanması da təbiidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, sözügedən sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. Qeyd edilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir: “Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir. Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur”.
XİN-in bəyanatında o da qeyd edilib ki, Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır: “Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ-Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətlə bağlı ciddi suallar yaradır. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir”.
Rəsmi Bakının etirazında daha sonra bildirilib ki, Aİ-Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur: “Bu hal, Ermənistanın Vaşinqtonda baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstək barədə suallar yaradır. Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir”.
Xatırladılıb ki, prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir: “Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq”.

Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının xarici siyasəti bərbad vəziyyətdədir: “Məsələn, birliyin aparıcı dövləti olan Almaniya kansleri Ermənistan rəhbərini qəbul etməzdən əvvəl Azərbaycan Prezidentinə zəng edir, hətta Fransa Prezidenti Azərbaycana münasibətdə ritorikanı dəyişib. Təəssüf ki, Avropa İttifaqı rəhbərləri hətta üzv dövlətlərin iradəsinin ziddinə olaraq sənədlər imzalamaqda və bəyanatlar verməkdə davam edirlər. “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd 8 avqustda paraflanmış sazişin prinsiplərini də pozur. Belə çıxır ki, Avropa İttifaqı ABŞ-nin sülh istiqamətindəki səylərinə bir növ mane olmağa çalışır. İmzalanmış sənədin bəzi hissələri Ermənistanın “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişdən” birtərəfli qaydada geri çəkilməsi anlamını verir. Belə ki, bu sənədin bəzi müddəaları sazişin bəzi bəndlərinə ziddir. Bu sənəddə sazişin 6-cı bəndində əks olunan müddəa pozulur və Ermənistan üçüncü tərəflə imzaladığı bu sənədlə Azərbaycanın daxili işlərinə müdaxilə etmiş olur”.
S.Məmmədov digər məqama da diqqət çəkdi: “Sazişin 15-ci bəndində göstərilən “Tərəflər bu sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər” öhdəliyindən də geri çəkilmə var. İmzalanan sənədlə Ermənistan Aİ ilə diplomatik münasibətlərində Azərbaycanın mənafelərinə zidd hərəkət edib və konkret olaraq özündə Azərbaycanın daxili işlərinə aid məsələlərə müdaxiləyə imkan verib. Erməni mənşəli əhalinin Azərbaycana, azərbaycanlıların tarixi vətənləri olan Qərbi Azərbaycana qayıdışı məsələsi ikitərəfli müzakirə məsələsidir və fikrimcə, Azərbaycan bu məsələyə üçüncü tərəfin müdaxiləsinə imkan verməyəcək. Bunu Aİ xarici siyasətinə rəhbərlik edənlər bilməlidir”.
STM-in icraçı direktoru Ermənistanın bu reallıqlardan xəbərdar olduğunu vurğuladı: “Azərbaycan Qarabağda yaşayan erməni mənşəli əhaliyə inteqrasiya planı təklif edib ki, bunun da birinci şərti vətəndaşlıq məsələsi idi. Ermənistan Qərbi Azərbaycana qayıdışı əngəlləmək üçün konstitusiyaya zidd olaraq tələm-tələsik vətəndaşlıq haqqında qanununa dəyişiklik edib, Azərbaycan isə Qarabağada yaşayan əhaliyə – əlbəttə, 1992-ci ilin yanavar ayının 1-nə qədər orada yaşayanlara və onların övladlarına – vətəndaşlığın bərpası təminatı vermişdi. Amma onlar bunu qəbul etmədilər və könüllü olaraq ölkəni tərk etdilər. Əks halda, onlar əcnəbi kimi bizim suveren ərazidə hansı statusla yaşayacaqdılar? Bu sualı xanım Kallas cavablandıra bilərmi?”
S.Məmmədov xatırlatdı ki, Azərbaycan Vaşinqtonda paraflanmış sənədin prinsiplərinə sadiqdir və indiyədək heç bir üçüncü tərəflə sazişin müddəalarına zidd ola biləcək hər hansı sənəd imzalamayıb: “Ona görə də bizim Ermənstandan izahat tələb etmək hüququmuz yaranıb. O ki qaldı Ermənistana, bu dövlətin rəhbərləri özünəməxsus “şaxələnmiş” xarici siyasətlərini davam etdirməklə özlərini əvvəl-axır pis vəziyyətdə qoyacaqlar. Mirzoyanın imzaladığı sənəd həmçinin baş nazir Paşinyanın son günlərdə verdiyi açıqlamaların ruhuna ziddir. Yəqin ki, XİN yalnız bir açıqlama ilə kifayətlənməyəcək və fikrimcə, kifayətlənməməlidir də…”
Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin fikirlərinə reaksiyası zamanı ölkəsinin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia etməklə də “Avropa havasına düşdüyünü” nümayiş etdirib. Deyəsən, rəsmi İrəvan çox təhlükəli oyunun içində olduğunun fərqində deyil…
E.PAŞASOY,


Boyukmillet.com Biz yanmasaq vətən yanar
