Cümə axşamı , 2 May 2024
Drone Cameras

Belə aclıq olar? – Bankın tək Xankəndi filialından 100 kisə pul və qızıl aparıldı…

Samir Adıgözəlli: “Bu faktı beynəlxalq təşkilatların diqqətinə çatdırmaq lazımdır ki, baxıb görsünlər kimi dəstəkləyiblər, hansı oyuna alət olublar”

Bir neçə ay dünyanın başını “aclıq”, “Azərbaycan bizi acından öldürür” kimi cəfəngiyatlarla qatmağa cəhd edən ermənilərin çox böyük sirlərindən biri ifşa olunub. Bölgədə keçirilən lokal antiterror tədbirlərindən sonra ermənilərin çox böyük bir qismi könüllü olaraq Qarabağı tərk etdi. Həmin dövrdə təsdiqləndi ki, Xankəndidə qida anbarı varmış, bu da onların azı bir illik ərzaq təminatları imiş. Bu öz yerində.

Demə ki, məhv edilən separatçı xuntanın əməlli-başlı pul-parası da varmış. Aysor.am-ın yaydığı məlumata görə, Ermənistanın İstintaq Komitəsi “Artsaxbank”ın (“Qarabağ”ın) Xocavənd  filialına məxsus pul və qızıl əşyaların oğurlanması ilə bağlı cinayət işi açıb. Bu barədə soyğunçuluq faktını filialın rəhbəri xəbər verib. Məlumatı isə İstintaq Komitəsinin mətbuat katibi Qor İbrahimyan sosial şəbəkədəki səhifəsində paylaşıb.  Onun sözlərinə görə, oktyabrın 6-da bankın Xocavənd filialının müdiri İrəvandakı baş ofisə müraciət edərək bildirib ki, sentyabrın 22-də Qarabağdan evakuasiya barədə məlumat əldə edərək, bankomatdan bütün nağd pulu – təxminən 60 milyon dram (təxminən 150 min dollar) və 100 kisə qızıl, eləcə də başqa qiymətli əşyalar götürüb, səhərisi gün Ermənistana çatdırmaq məqsədilə onu öz maşınına qoyub. Lakin gecə saatlarında naməlum şəxslər maşına girib və bütün əşyaları oğurlayıblar. Bankirin ifadəsi əsasında cinayət işi başlanıb, ilkin araşdırma aparılır.

Çox maraqlıdır ki, bu qədər qızılları, pulları olduğu halda vay-şüvən salırdılar, buna da bəzi dövlətləri inandırırdılar.

  • “Dünya birliyi buna münasibət bildirməkdən yayınmamalıdır”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, indi bu fakta ermənipərəst qurumlar, ölkələr cavab versin, görək “acından ölənin” də bu qədər pulu, qızılı ola bilərmi? “Bu çox maraqlı bir faktdır və burada bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə separatçıların Azərbaycan ərazisində işlədiyi cinayətin Ermənistanın İstintaq Komitəsi tərəfindən araşdırılmasının özü qanunsuzdur. Bundan başqa, separatçıların bankına məxsus pulun və 100 kisə qızılın müəmmalı şəkildə yoxsa çıxması faktının Ermənistan rəsmisi tərəfindən dilə gətirilməsi də diqqəti çəkir. Biz bütün dünyaya bəyan edirdik ki, Qarabağdakı ermənilərin “acından ölürük” hay-küyü şoudur, bunlar acından ölmür, pulları-paraları, yeməyə çörəkləri var, bizə fikir vermirdilər. Separatçı xunta orada quldurluqla, narkotik alveri ilə, narkotik plantasiyaları salmaqla məşğul idi,  qanunsuz yolla milyardlar qazanırdılar. Antiterrordan sonra bir neçə narkotik plantasiyası aşkarlandı”deyə S.Adıgözəlli qeyd etdi.

Separatçıların o pulu, qızılı Azərbaycanın təbii sərvətlərinn qanunsuz istismarı hesabına əldə etdiyini deyən S.Adıgözəlli vurğuladı ki, bu faktı dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar görməlidir: “Bu faktı beynəlxalq təşkilatların diqqətinə çatdırmaq lazımdır ki, baxıb görsünlər kimi dəstəkləyiblər, hansı oyuna alət olublar. Dünya birliyi buna münasibət bildirməkdən yayınmamalıdır. Onlar saxtakar bir rejimi və onun yalanlarını, şoularını təbliğ edirdilər.

Fransanın və başqa ermənipərəst dövlətlərin də mövqe bildirməsi lazımdır ki, “humanitar böhran”dan danışırdılar. Bunların bu qədər pulu, bu qədər qızılı, bu qədər varidatı olmuş olduğu və onu hardan topladıqları araşdırmalıdır. Bu qədər sərvət qondarma xuntanın qondarma bankında olsa da, onun mənşəyi öyrənilməlidir. Bank “müdiri” bu qədər vəsaiti, qızılı hansı yollarla çıxarıb Ermənistana aparacaqdı? Bunlar hamısı cinayət tərkibli əməllərdir”.

İradə SARIYEVA

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …