Böyük Britaniyada formalaşan və tərkibinə 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Ağdam şəhərindəki Cümə məscidini, daha sonra Ağdam qəbiristanlığını ziyarət ediblər.
Boyukmillet.com xəbər verir ki, bu qrupun Qarabağ və Şərqi Zəngəzura 3 günlük səfərinin son istiqaməti Ağdamdır.
Səyahətçilər Ağdamda inşa edilmiş konfrans mərkəzinə baş çəkib, Ağdam Dram Teatrının xarabalıqları ilə də tanış olublar.
Səfər zamanı turistlərə dağıdılmış dini-mədəni abidələr, ermənilərin vandalizm aktları, qəbiristanlıqlarda törətdiyi vəhşiliklər barədə məlumatlar verilib. Bildirilib ki, onlar qiymətli əşyaların, dəfn edilmiş şəxslərin qızıl dişlərinin tapılması məqsədilə məzarları qazıblar.
Bundan başqa, Azərbaycan hökumətinin Ağdam rayonunun bərpası ilə bağlı planlarından danışılıb, ölkənin bu rayonu necə görmək istədiyi barədə təqdimat keçirilib.
“Belə sürətlənmiş iş tempi insanların ruh yüksəkliyinin nəticəsidir. Hər kəs Böyük Qayıdışın bir parçası olmaq istəyir. İnsanlar burada 24 saat işləyirlər. Heç kəs onları bu qədər işləməyə məcbur etmir, onlar bərpa prosesinə töhfə vermək istəyirlər”, – Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov bildirib.