Bayram ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 25-dən gücləndirilmiş iş rejiminə keçib. Avtovağzal bu rejimdə yanvarın 7-nə kimi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib
Sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir.
Ş.Mehmanqızı qeyd edib ki, bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür. Əlavə suallar və təkliflər yaranarsa Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Qaynar Xətti 012-480-42-86 və Bakı Beynəlxalq Avtovağzalının Qaynar Xətti 012-499-70-38 müraciət etmək olar.