Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçildikdən sonra Türkiyənin dərin dövlətçilik ənənələrinə sadiq qalaraq ilk səfərlərindən birini Azərbaycana etdi. İki türk liderinin Bakıdakı görüşü Azərbaycanda olduğu kimi Türkiyə ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılandı.
Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Kocaelidəki Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin rəhbəri, jurnalist Bilal Dündar deyib.
Onun sözlərinə görə, bu gün tək region deyil, dünya dövlətlərinin də maraqla izlədikləri Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidenti bəyanat səsləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, “Biz Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
B.Dündarın fikrincə, bu bəyanat yeni siyasi və iqtisadi qütbün konturlarını müəyyənləşdirir. Azərbaycan və Türkiyənin atdığı bu addım dünya dövlətləri üçün regionda yeni enerji və nəqliyyat dəhlizi formalaşdırır.
Bilal Dündar vurğulayıb ki, bəyanatda regionun təhlükəsizliyinə toxunulub. Belə ki, Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik”.
Onun sözlərinə görə, Türkiyə Prezidentinin bu bəyanatında bu nəticəyə gəlmək olar ki, Ermənistanın sülh sazişini imzalamaqdan, Azərbaycanla sülh içində yaşamaqdan başqa heç bir çıxış yolu yoxdur. Bunu həm Ermənistan, həm də onun qardaşları bilməlidir.
O diqqətə çatdırıb ki, dövlət başçıları Türkiyə-Azərbaycan əməkdaşlığı fonunda digər türkdilli ölkələrdə mesaj göndərdi. “Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi ki, Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün önəmlidir, bölgə üçün, Türk dünyası üçün önəmlidir”, – deyə Bilal Dündar qeyd edib.