Biz məsələnin mahiyyətinə vardıqca bunlar diqqəti yayındırmağa çalışdılar. Biz milli təəssübkeşliklə multikulturalizm və tolerantlıq arasında uzlaşma axtardıqca əleyhdarlarımız atı yoxuşa sürüb ictimai rəyi tamam başqa istiqamətə çəkdilər. Təəssüflər olsun ki, bəzən hətta ağlı başında olan ziyalılar, dünya görmüş adamlar da bu yanlışa aldandılar. Ona görə də yenidən mövzuya qayıdıb ayrıntılı izah verməyə məcburuq. Ki, cəmiyyəti aldadıb yanlışa sürükləmək istəyənlər öz arzularına çatmasınlar.
Rus dili bizim üçün imperiya və işğal dilidir. Bu dilin biz Azərbaycanlılarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə 200 il öncə Rusiya ölkəmizi tam olaraq işğal etdikdən sonra imperiya dili olaraq onu burda da geniş yayıb tətbiq etməyə çalışıb. Bacarıb da. Ona görə də Azərbaycanın o dövrdə üzdə olan bir çox ağıl babaları təhsilini rus dilində alıb, yazılarını rus dilində yazıb, özünü rus dilində tanıdıb. Düzdür, onlar rus dilindən istifadə etsə də öz milli kimliklərini unutmayıblar. Çünki bunun üçün əlverişli şərait olmayıb. Millətin böyük çoxluğu milli dəyərlərdən qopmadığı üçün “rusbaşlı” azlıq da onların cızdığı çərçivədən çıxa bilməyib.
İndi isə durum tamam başqadır. Qanlı-işğalçı-şovinist Rusiya imperiyasını dağıdıb yerinə gələn Sovetlər bəyan etdiyi dəyərlərin ziddinə gedərək rus dilini bütün SSRİ ərazisində hakim dilə çevirə bilmişdi. Bunun üçün qanunlar da çıxarılmış, rus dili bilməyənlərin irəli çəkilməsi mümkünsüz edilmişdi. Ona görə də rus olmayan respublika və bölgələrin insanları məcburən rus dilini mənimsəyirdilər. Hətta bir az da qabağa gedərək rus millətindən olan şəxslərlə evlənirdilər ki, vəzifədə irəli çəkilə bilsinlər. Doğrudan da elə adamlar irəli çəkilir, Moskvanın daha çox güvəndiyi vəzifə sahiblərinə çevrilirdilər. Nəticə isə o olurdu ki, örnək üçün, rusla evlənən Azərbaycanlılar bir-iki nəsil sonra ümumiyyətlə öz milli kökündən qopurdu. Atanın Azərbaycanlı, ananın rus olduğu ailələrdə uşaqlara rus adı vermək adi hal idi. Təbii ki, istisnalar da vardı…
Bir dönəm sonra iş o yerə çatdı ki, Azərbaycanın milli məktəblərində rus dilinin mövqelərini daha da artırmaq qərarına gəldilər. Şəxsən özüm orta məktəbi 1986-cı ildə bitirmişəm. Son siniflərdə xəbər yayılmışdı ki, milli məktəblərdə bir sıra dərslər rus dilində keçiləcək. Açığı, bununla bağlı rəsmi qərarın olub-olmadığını bilmirəm. Lakin ən azından bu sözü eşitmişdik və narahat olmuşduq. Təbii ki, ömür vəfa etmədi, SSRİ dağıldı və canımız, elə sandıq ki, işğalçı-imperialist dildən birdəfəlik qurtuldu.
Amma heyhat! 30 ilə yaxındır ölkəmiz müstəqildir, biz hələ də Moskvaya Azərbaycanda rus dilinin durumuyla bağlı hesabat veririk! Yəni özümüzü bu qədər aşağılayırıq!
Bugünlərdə Moskvada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, ondan öncə Rusiya paytaxtına səfər etmiş Ceyhun Bayramov o ölkənin rəsmilərinə hesabat verirmişcəsinə ölkəmizdə rus dili və rus məktəbləri haqqında geniş çıxışlar etdilər! Olmaz belə, olmaz!
Bütün bunlardan sonra əsas mətləbə gəlirik. Bəzi şəxslər, yuxarıda qeyd etdiyimiz kimi, atı yoxuşa sürüb ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar məsələni belə təqdim edir: guya bizim kimi insanlar vətəndaşlarımızın xarici, o cümlədən rus dili öyrənməsinə qarşıdır. Tam yanlış, gerçəklə əlaqəsi olmayan bir iddiadır! Biz heç bir dilin, o cümlədən ruscanın öyrənilməsinə qarşı deyilik! Əksinə, insanlarımızın daha çox dil öyrənməsini arzu edir, özümüz də müxtəlif dilləri öyrənib mənimsəyirik.
Məsələnin mahiyyəti tamam başqadır. Bizi narahat edən odur ki, ölkəmizdə cəmi 119 min rus yaşadığı halda onların dilində təhsil alanların sayı 120 mini keçib. Bu isə o deməkdir ki, rus millətindən olan şagirdlərin real sayından ən azı 4 dəfə artıq şagird rus dilində oxuyur. İndi sual doğur ki, rus olmayanlar niyə öz uşaqlarını müstəqil Azərbaycan dövlətində rus dilində oxutmağa üstünlük verir? Bizi narahat edən budur. Düzdür, belə uşaqların ata-anaları deyir ki, uşağımızın rus dilini öyrənməsi üçün edirik bunu. Amma bu tutarqa əsaslı deyil. Bir insanın hansısa xarici dili öyrənməsi üçün mütləq uşaqlıqdan o dildə olan məktəbdə oxuması vacib deyil. Elə özümdən örnək verim. Orta və ali təhsilimi milli məktəbdə almışam. Lakin yüksək səviyyədə ingilis və rus dillərini bilirəm, gündəlik işimdə istifadə edirəm. Əlavə olaraq son illər ərzində alman dilini də öyrənmişəm. Göründüyü kimi, milli məktəbdə oxumağım xarici dil öyrənməyimə əngəl olmayıb. Demək ki, dil öyrənmək üçün rus məktəbində oxumaq tutarqası boş və əsassızdır.
Digər bir iddia da odur ki, guya rus məktəblərində təhsil daha yüksək səviyyədədir. Bu da kökündən yanlışdır. Çünki bu gün Azərbaycanın hər tərəfində dövlət vəzifəsi tutan və işini ustalıqla icra edən insanların ən azı 90 faizi milli məktəblərin məzunlarıdır. Hətta çox uğurlu iş adamları, vəzifə sahibləri var ki, heç ümumiyyətlə rus dilini bilmirlər. Çünki onlar milli məktəbdə yetərincə yüksək səviyyədə təhsil alıblar.
Bu qəbildən olan insanlar iddia edir ki, rus məktəblərində oxuyan uşaqlar heç də milli məktəblərdə oxuyanlardan az vətənpərvər deyil. Hətta bugünlərdə bir nəfər dedi ki, Qarabağda şəhid olanların çoxu guya rus məktəblərini bitirmiş gənclər olub. Kökündən yanlış və əsassız, zərərli iddiadır bu! Düzdür, şəhid olanlarımız arasında rusca təhsil alanlar da az deyil. Lakin onlar çoxluqda da deyil. Çoxluqda olmaları da mümkün deyil. Ona görə ki, Ermənistanın işğal etdiyi bölgələrimizin hamısı milli Azərbaycan bölgələridir və orada rus məktəbləri bəzən heç olmayıb. Nəzərə alsaq ki, döyüşlərdə ilk illərdə daha çox hücuma məruz qalan kənd və şəhərlərimizin yerli əhalisi iştirak edərək şəhid olub, əlavə şərhə ehtiyac qalmaz. Amma yenə də deyirik, biz bir qələmlə bütün rus dillilərin üzərindən xətt çəkmirik. Üstəlik, 30 il öncə insanlarımızın daha çox rusdilli olması da anlaşılandır. Çünki onda biz Sovet imperiyasının vətəndaşları idik və məcburən rus dilini ana dilimiz səviyyəsində mənimsəməli olurduq. Amma bu 30 illik müstəqillik dönəmində də rus dilinin ətəyindən yapışıb qalırıqsa nə yazıq bizə!
Deyirlər ki, dünyaya çıxmaq üçün xarici dil – rusca bilmək vacibdir. Bu da yanlış iddiadır. Dünyanın bir çox qitələrini – ölkələrini gəzmiş biri kimi deyirəm: hara getdimsə, orda köməyimə ingilis dili çatdı. Hətta qonşu Gürcüstanda belə ruscanı saya salmazkən ingiliscə müraciətimizə dərhal cavab verirlər. Ruscanın ərazisi Azərbaycan kimi hələ də rus təsirindən çıxmağa tələsməyən ölkələrdir. Hətta bir zamanlar rus dilinin keçərli olduğu Şərqi Avropa ölkələri, keçmiş SSRİ-nin bir parçası olmuş Estoniya, Latviya, Litva, Gürcüstan, son zamanlar Ukrayna belə bu dildən mümkün qədər uzaq durmağa çalışır. Amma nə sirdirsə biz hələ də “dünyaya çıxmaq üçün” rus dilinin ardınca sürünürük. Daha doğrusu, bəziləri bizi buna məcbur edir…
Rus dili də xarici dillərdən biri kimi orta məktəblərdə tədris edilə bilər. Edilməlidir hətta. Lakin dövlət hesabına ayrıca rus məktəbləri saxlamaq yanlışdır. Ola bilər ki, bu məktəblərin bəzilərini rusların kompakt yaşadığı ərazilərdə saxlamaq düzgündür. Amma burada da dərslərin ən azı 50 faizi dövlət dilində keçilmək şərtilə. Əks təqdirdə biz dövlət dilini anlamayan, rus dilini və rus zehniyyətini mənimsəmiş vətəndaşlar yetişdirmiş olacağıq. Bizə isə rus zehniyyətli deyil, etnik kökənindən asılı olmayaraq Azərbaycan zehniyyətli vətəndaşlar lazımdır. Uşaqlıqdan xarici dildə, o cümlədən rus dilində təhsil alanlarınsa milli zehniyyətə sahib olmayacağı elmi yolla da sübit edilib. Çünki bir insan hansı dili ana dili səviyyəsində mənimsəyirsə, o dilin milliyyətinə uyğun da yetişmiş olur…
Beləliklə, sözümüzün sonunda izah edirik: biz heç bir xarici dilin əleyhinə deyilik. Heç bir xarici dildə məktəbə qarşı da deyilik. Lakin hesab edirik ki, xarici dillərdə olan məktəblər özəl olmalı, onların sayına da məhdudiyyət tətbiq edilməlidir. O cümlədən də rus məktəblərinə. Əlavə olaraq, həmin məktəblərin dərslikləri Azərbaycan Təhsil Nazirliyinin ciddi nəzarətində olmalıdır. Həm də o məktəblərdə həftənin hər günü ən azı 2 saat Azərbaycan dili və ədəbiyyatının, tarixinin məhz Azərbaycan dilində keçilməsi şərtinə əməl edilməlidir.
Sözardı: Builki abituriyentlər arasında rus məktəbini bitirmiş min beş yüz nəfərdən mini Azərbaycan dili imtahanından kəsilib. Yəni bəzilərinin iddia etdiyi kimi rus məktəbində oxuyanlar heç də Azərbaycan dilinə də sayğılı olmurlar. Olsaydılar imtahanı heç olmasa minimum səviyyədə verə bilərdilər. Demək ki, bizim həyəcanımızın ciddi əsası var. Həqiqətən də bəzi rusdilli insanlarımızın Azərbaycan dilinə ikrahla yanaşdığını, hətta ailə içində belə rusca danışmağa üstünlük verdiyini bilməyən də yoxdur. Çünki onlar Azərbaycanca danışmağı özlərinə sığışdırmırlar…
Dədəli, Xaçmaz