“Sosial şəbəkələr deyərdim ki, hər kəsin başına gələcək bütün pis xəbərlərin yayılmasında, ailədə qadınlara qarşı zorakılıq hallarının daha da artmasına səbəb olacaq qədər təhlükəli bir tendensiya yaradır. İndi gənclərin həyatı sosial şəbəkə olub. Fikir verin, adi balaca uşağın da əlində telefon, ağzında saqqız olur, söz soruşursan heç sənə baxmır”.
“Sosial şəbəkələr deyərdim ki, hər kəsin başına gələcək bütün pis xəbərlərin yayılmasında, ailədə qadınlara qarşı zorakılıq hallarının daha da artmasına səbəb olacaq qədər təhlükəli bir tendensiya yaradır. İndi gənclərin həyatı sosial şəbəkə olub. Fikir verin, adi balaca uşağın da əlində telefon, ağzında saqqız olur, söz soruşursan heç sənə baxmır”.
Boyukmillet.com xəbər verir ki, bunu Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı söyləyib.
– Tənzilə xanım, səhv etmiriksə, Azəri-Türk Qadınlar Birliyinin ilk sədri siz olmamısınız…
– İlk dəfə bizi Sabir Rüstəmxanlı ilə 1996-cı ildə Kanadanın Toronto şəhərinə qonaq dəvət etdilər. Azərbaycan Kültür Dərnəyinin sədri Səid Kazımi Sabir bəyin 50 illik yubleyini Toronto şəhərində keçirmək üçün tədbir təşkil etmişdi. Ad günü tədbirindən sonra belə qərara gəldik ki, Toronto şəhərində qadınlardan ibarət böyük bir konfrans təşkil edək. Bu konfransda tək azərbaycanlı qadınlar iştirak etmirdi, bir çox ölkənin tanımış iş qadınları da dəvətli idi. Konfransı təşkil etməkdə məqsəd isə Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq idi. Həmin vaxtlar Azərbaycan dövləti çox çətin dövrlərini yaşayırdı. Minlərlə vətəndaşımız öz doğma dədə-baba yurdlarından ayrı düşərək, qaçqınlıq vəziyyətində yaşayırdı. Tədbir zamanı bir məqamı hiss etdim ki, xarici dövlətin qadınları bu məsələlərə necə həssaslıqla yanaşırlar. Mən həmin qadınları ölkəmizə dəvət etdim. Hətta Torontodan geri dönəndən sonra, ölkənin böyük yazarı Xalidə Hasilovaya qadınlarla bağlı bir ictimai təşkilat yaradacağımı bildirdim. O da mənə dəstək verdi. Beləliklə, Azəri-Türk Qadınlar Birliyi 1996-cı il may ayının 3-də təsis edildi. Elə ilk sədri də Xalidə Hasilova oldu. Təbii ki, bu birliyi yaratmaqda əsas məqsəd ölkədə əziyyət çəkmiş qadınlara maddi və mənəvi dəstək olmaqdır.
– Azəri-Türk Qadınlar Birliyinə ən çox hansı müraciətlər daxil olur?
– Ən çox müaciət işsizlik və məişət problemi ilə bağlı olur. Məsələn, 45 yaşlı qadın deyir ki, iş tapa bilmir. Bu ölkədə 40 yaşından yuxarı qadınları işə götürmürlər. Ancaq gənc xanımlara tələbat daha çoxdur. Məgər 45 yaşlı qadın gənc deyil? İnsan fikirləşdikcə dəhşətə gəlir ki, niyə ayrı-seçkilik edirlər. Elə onun ən yaxşı işləyəcək vaxtıdır. Bu onun günahı deyil ki, işsiz qalıb. Biz bir vasitəçiyik, əlimizdən nə gəlirsə, köməklik edirik. Elə məsələlər olur ki, gücümüz tam çatmasa da, başqa qurumlarla əlaqələndiririk.
– Fikir verirsinizsə, son vaxtlar qadınlara qarşı zorakılıq halları artıb. Bu şiddətin kökündə nə dayanır?
– Bu şiddət məsələsi tək bizdə deyil, hər bir ölkədə var. Təəssüflər olsun ki, belə məsələrdə nə qədər maarifləndirici tədbirlər həyata keçirilsə də, yenə də öz həllini tapmır. Qadına qarşı şiddətin əleyhinəyəm. Son zamanlar qadına şiddətlə bağlı bir məsələ bütün gündəmi zəbt etmişdi. Elə bil ki, başqa dərdimiz yoxdur, elə işimiz-gücümüz bu adamdan ibarətdir. Mən düşünürəm ki, cəmiyyət ona bu qədər önəm verməli deyildi. Çünki bu məsələ mənim ailə modelim deyil. Bu cür ailə modeli olar? Ailənin qızı sosial şəbəkədə atasını biabır edərək, qadına yaraşmayan sözlər yazır, ata yoldaşının əlini, dizini qırır. Əslində kimsəni müzakirə etmək fikrim yoxdur. Ancaq bu kimi halları görəndə, o əsl ailə modeli yaratmış ailələrə heyfim gəlir. İnanın ki, belə məsələrdə biz biabır oluruq. Bu kimi halları görən ermənilər daha da sevinir. Həmin yazıları götürərək, öz saytlarında paylaşırlar. Təəssüf ki, belə hadisələr siyasi hakimiyyətə iddialı şəxslərin ailələrində baş verir. Əgər həmin ailələrdə qadına qarşı yanaşma belədirsə, bu bir faciədir. Hətta deyərdim ki, fəlakətdir. Ona görə gündəmi bu qədər zəbt etməyi bacardı.
Bu faktlar bizə örnək deyil. Nə olursa olsun, söhbət gənc bir qızın taleyindən gedirsə, gərək bu vəziyyətə çatdırmazdılar. Əgər yoldaşın sənə əvvəldən zülm edirdisə, niyə indiyə qədər dözdün, gedib hüquq-mühafizə orqanlarına müraciət etmədin? Özün də yazıçı bir qadınsan, yetəri qədər öz hüquqlarını bilirsən. Övladın isə bu cür addım atmağını hələ də anlaya bilmirəm. Görünür ailədə çox ciddi problem var. Böyük-kiçik yeri bilinmir. Bir qız övladının atasına bu cür sözlər yazması ailənin uşağa tərbiyə verən zaman yaratmış olduğu boşluqlardır. Guya bu avropalıdır, inandırım sizi, heç xaricdə belə şey yoxdur. Belələridir də gedib xaricdə bizi biabır edən. Söyüş mübarizə üsulu deyil. Hətta elə fondlar var ki, belələrinə məqsədli şəkildə pul ayırırlar ki, gedin belə yazın, ailəni biabır edin. Bu bizim gəncliyimizdirsə, pula görə bu addım atırlarsa, yazıqlar olsun bizlərə. Mən düşünürəm ki, bu cür hadisələrdə ata qədər günahkar elə ananın özüdür. Normal təlim-tərbiyə işini həyata keçirsəydi, bu səviyyəyə çatmazdı.
– Necə düşünürsünüz, ailələrdə baş verən xəyanətlərdə sosial şəbəkələrin təsiri varmı?
– Əlbəttə ki, var. Siz fikir verin, bu sosial şəbəkələr insanların başın o qədər qatır ki, hər şey yaddan çıxır. Gənclər kitab oxumurlar, elmdən uzaqdırlar, milli düşüncədən əsər-əlamət qalmayıb. Çox qəribə bir gəncliyimiz formalaşır. İndiki zəmanədə bütün məsuliyyətimlə söyləyirəm ki, ölkədə millətin əxlaq normalarına sığmayan hadisələr baş verir. Ailədə nəzarət yoxdur, böyük sözü eşitmirlər, bax belə bir gənclər yetişir. Fikirləşirəm ki, bütün bunların günahkarı elə özümüzük. Dilimizə də hörmət qalmayıb. Müşahidə edirik, iki azərbaycanlı qız yolla gedir, öz dilimizdə danışmağın dərdindən xarici dildə danışırlar, arada bizim dilə də müraciət edirlər. Guya bunlar müasirdilər, dil səviyyələri yüksəkdir. Həm də tam danışa bilmirlər, nə məcburdur ki, əcnəbi dildə danışasan?
Vətənindəsənsə, öz dilində danışmalısan. Sənin haqqın yoxdur, öz dilin ola-ola əcnəbi dildə danışasan. Belələrindən nə gözləmək olar, bizi xaricdə necə təmsil edəcəklər? İnanın ki, söz tapmıram deməyə. Tutaq ki, bu cür gənclərimiz xaricdə bir müsabiqəyə qatıldı, düşüncəsi rus olan bir gəncin daha Azərbaycanla bağlı nə dərdi olsun ki? Biz müstəqillik qazanmışdıq ki, vəziyyət necə olursa-olsun, öz doğma dilimizə hörmətlə yanaşıb, bu dildə danışaq. Belə gənclər nə zaman yetişdi? Niyə belə bir tendensiya yarandı, hələ də başa düşə bilmirəm. Mən demirəm ki, xarici dili bilmə, bil, bu sənin yüksək göstəricilərindən biridir. Amma bu ölkədə yaşayırsansa, çalış öz dilində danış, bu sənin vətəndaşlıq borcundur.
– Son zamanlar boşananların da sayı durmadan artır. Sizcə, buna səbəb nədir?
– Bəzən qadınlarımızın çoxu ailəyə, övlada bağlı olmağın dərdindən yüngül həyat tərzini seçirlər. Möhkəm bir ailəyə sahib olmaq, hər kəsə nəsib olmur. İndiki ailələrin çoxu da dözümsüzlükdən, söz götürməməyin üstündə dağılır. Bu məsələdə ata-ananı da günahlandırıram. Qız bir dəfə evə gəlməklə bununla da ailə bağlarına son qoyulur. Əlbəttə, heç bir valideyn istəməz ki, övladı söz-söhbətli evdə yaşasın. Ancaq hər xırda şeyə görə də ailə dağıtmaz olmaz. Bir də xarici dövlətə çıxıb getmələr də ailələrin dağılmasına gətirib çıxarır. Bəzən cavan qız uşaqları ailəsinə demədən ölkəni tərk edir. İnanın ki, getməklə həyatlarını da məhv etmiş olurlar. Geri dönəndə o gənclikdən əsər-əlamət qalmır.