Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

“BİZİM PROBLEMİMİZ YOXDUR, ERMƏNİLƏRİ SÜLHƏ HAZIRLAMAQ LAZIMDIR”

Azər Həsrət: “Onlara izah etmək lazımdır ki, Azərbaycan dövlətinin vətəndaşlığı altında yerli xalqla birlikdə yaşamaq xoşbəxt gələcək və dinc yaşamaq deməkdir”

 

 
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri əvəzi Zöqrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüş ətrafında müzakirələr davam edir. Tərəflər əhalini sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə edib razılığa gəliblər. Ancaq sözügedən razılaşma ölkədə birmənalı qarşılanmayıb.
 
Bəzi politoloqlara görə, XİN başçılarının görüşündə “xalqı sülhə hazırlamaq” kimi bir xəbərin gəlməsi əslində elə də ciddi razılaşmadan xəbər vermir.
 
Xalqlar sülhə nə qədər hazırdır? Sülhə hazırlaşma prosesi nə qədər çəkə bilər? Bu proses, ümumiyyətlə, hansı addımlardan ibarətdir?
 
Siyasi şərhçi Azər Həsrət Azərbaycan xalqının hər zaman sülhə hazır olduğunu deyib:
– İndi də biz xalq olaraq sülhə hazırıq. Sözsüz ki, işğalın ilk illərində emosional dönəm olduğundan sülh faktoru birmənalı qarşılanmırdı. Soydaşlarımızın öz yurd-yuvalarından qaçqın düşməsi, sosial problemlərin həllində yaşanan çətinliklər dönəmində xalqa sülh çağırışı etmək bir qədər çətin görünə bilərdi. İndi isə aradan illər keçib, Azərbaycan dövləti kifayət qədər güclənib. Qaçqın və köçkünlərin mənzil və sosial problemləri öz həllini tapıb, digər problemlərin həlli istiqamətində də müvafiq addımlar atılır. 
 
Bütün bu tədbirlər fonunda Azərbaycan xalqının sülhə hazırlanması prosesində bir problem görmürəm. Əgər belə bir çağırış olacaqsa, bu, Azərbaycan xalqına yox, Ermənistan hakimiyyətinə qarşı yönəlməlidir. Ermənistan hakimiyyəti öz xalqı ilə işləməli, onlara işğal etdikləri torpaqlardan çəkilmək məcburiyyətində olduqlarını izah etməlidir. Problemin sülh yolu ilə həlli məsələsində Azərbaycan xalqının və dövlətinin mövqeyi birmənalı və dəyişməzdir. Düzdür, bəzən ermənilərlə birgə yaşayışın bizim üçün müəyyən problemlər yaradacağını zənn edən və bu kimi fikirlərlə razılaşmayan ziyalılar var.
 
 Ancaq bir şeyi nəzərə almalıyıq ki, nə dövr o dövrdür, nə də Azərbaycan dövləti əvvəlki kimi əliyalındır. O zamanlar dövlətimiz müstəqil deyildi, bizə xəyanət etmək, parçalamaq asan idi. Bu isə Azərbaycan regionunun ən güclü dövlətidir və dünya miqyasında kifayət qədər nüfuza sahibdir. 
 
Azərbaycan Prezidenti, dövləti və xalqı da həmişə sülh yolu ilə münaqişənin həllində maraqlı olduğunu əməldə göstərib. Yəni biz bunu söz olaraq demirik. Ermənistan isə bunu söz olaraq dediyi üçün ermənilərin sülhə hazırlıq prosesi üzərində dayanmaq lazımdır. 
 
Onlara izah etmək lazımdır ki, Azərbaycan dövlətinin vətəndaşlığı altında yerli xalqla birlikdə yaşamaq xoşbəxt gələcək və dinc yaşamaq deməkdir. Multikultural və çoxmillətli Azərbaycan vətəndaşlarının ermənilərlə birgə yaşamaq problemi də yoxdur. Erməniləri başqa millətlərlə birgə yaşamağa, onların adət-ənənələrinə, suverenliyinə hörmət etməyi aşılamaq lazımdır”.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir