Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb.
Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə G1 məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı 116 nəfər itkin düşüb.
Bölgədə güclü yağışların başlaması ilə əhaliyə xəbərdarlıq məqsədilə sirenalar səslənib, əlverişsiz hava şəraiti və sürüşmə riski səbəbindən qrupların təhlükəsizliyi nəzərə alınaraq axtarış-xilasetmə işləri dayandırılıb.
Maio ərazisində baş verən sürüşmə səbəbindən məhəllənin boşaldıldığı bildirilib.
Rəsmilər 116 nəfərin itkin düşdüyünü bildirib, lakin onlardan neçəsinin tapıldığı məlum deyil.
Rio de Janeyro Mülki Müdafiə Katibliyi axtarış-xilasetmə işləri zamanı indiyədək 24 nəfərin xilas edildiyini, 705 nəfərin isə sığınacaqlara yerləşdirildiyini açıqlayıb. Braziliya Milli Monitorinq və Xəbərdarlıq Mərkəzi Rio-de-Janeyronun yüksək dağlıq ərazilərində, xüsusilə Petropolisdə sürüşmə riskinin yüksək olduğunu xəbər verib.
Fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalıb.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub; 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib. Sinoptiklər yaxın bir neçə gün ərzində daha çox yağıntının olacağını proqnozlaşdırırlar.