Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Britaniyalı deputatlar Xocalı soyqırımı ilə bağlı birgə bəyanatla çıxış ediblər

Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib.

Bəyanatda parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə ediblər.

Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli, Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən qərarını xatırladıb. Bu kontekstdə gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsi zərurəti vurğulanıb.

Britaniyalı parlamentarilər həmçinin münaqişənin yekunlaşmasını alqışlayaraq regionda maraqlı bütün tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.

Bununla yanaşı, postmünaqişə mərhələsində bir sıra çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi, komunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd edilib, bu çağırışların həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib.

Xatırladaq ki, birgə bəyanat indiyədək Böyük Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi ilk birgə təşəbbüsdür. Təşəbbüsə Parlamentin İcmalar Palatasının üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Sheikh, Lord Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzoor və Lord Flayt qoşulub. Bundan əvvəl 2017-ci ildə isə Şotlandiya regional parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik təşəbbüsünü regional parlamentin əksər üzvləri dəstəkləyiblər.

Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun fevralın 22-də keçirilmiş iclasında da Xocalı faciəsinin 30-cu ildönümü müzakirə edilib, iclasda iştirak edən parlamentarilər Xocalı qətliamı ilə bağlı bir daha Azərbaycan xalqı ilə həmrəylik ifadə ediblər.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …