Böyük Britaniya iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlana, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlıq edə bilərlər.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
O, bu barədə Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində “Doing business in Azerbaijan” mövzusunda keçirilmiş panel müzakirələrdə bildirib.
Y.Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb, artan maliyyə imkanları ölkəmizi investora çevirib.
AZPROMO, Ələt Azad İqtisadi Zonası, BP və Britaniya Palatasının nümayəndələrinin iştirak etdiyi müzakirələr biznes mühitinin davamlı yaxşılaşdırılması, qarşılıqlı investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat və infrastruktur kimi sahələrdə əməkdaşlığa həsr olunub.