Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Bu gərgin dönəmdə Bakıdan dünyaya barış mesajı verildi” – Sabir Rüstəmxanlı

Bizim dünyamızın da Ermənistan və bu kimi xeyli xəstə orqanları var ki, kəsilib atılmaqdan başqa əlacı yoxdur”“Yaxın günlərdə pandemiya sıxıntılarının aradan qalxacağına inanıram”

Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlın son günlərin aktual məsələləri ilə bağlı sualları cavablandırıb: 

– Sabir bəy, dünyamız koronovirus vahiməsini yaşayır. Ümid edirik ki, bu dönəm böyük müharibələrin zamanı qədər uzun sürməyəcək. Amma bu qısa zaman kəsiyi də meqapolisləri insanlarsız qoymaqdan tutmuş, ölüm statistikasına, iqtisadi zərbəsinə görə elə böyük müharibələrə bərabərdir. Siz necə görürsüz gedişatı, qoca dünya necə keçirir bu xəstəliyi?

– Düz deyirsiz, əslində, xəstəliyi bütövlükdə dünya keçirir. Hansı ölkədə virusa yoluxma sayının, ölüm sayının neçə olmasından asılı olmayaraq, planetimiz bütün təbii, iqtisadi və ən əsası insani resursları ilə birgə bu xəstəliyi keçirir. Dünya özü də bir vahid orqanizmdir. İnsan xəstələnərkən onun orqanizmindəki zəif əzalar, daha həssas orqanlar ağrı verdiyi kimi indi dünyamız da eyni hissi yaşayır. Diqqət edin, bu virusun yaranması ilə bağlı müxtəlif iddialar var və bu iddiaların hamısında böyük güclərin, imperalist dövlətlərin adları çəkilir.
Bu virusun ABŞ, Çin, Rusiya kimi dövlətlərin beyin mərkəzlərində hazırlandığı haqda ciddi arqumentlərlə əsaslandırılan mülahizələr irəli sürülür, hazırkı situasiyanın belə böyük güclərin iqtisadi və siyasi maraqlarına necə xidmət etməsi analiz edilir. Amma nəticə etibarı ilə ən çox insanı və iqtisadi itkilərə də elə bu dövlətlər məruz qalır. Atalarımızın “gen qaz, dərin qaz, axırda özün düşəcəksən” məsəli burda tam yerinə düşür. Xəstə dünyamızın bir zəif orqanı özünü supergüc hesab edən bu dövlətlərlə bağlı üzə çıxdı. Digər bir məqam dünyanın maliyyə mərkəzləri hesab edilən böyük fondların davranışları ilə bağlıdır. Söhbət o fondlardan, maliyyə mərkəzlərindən gedir ki, yüz minlərlə insanın taleyində qara iz buraxan inqilablara, müharibələrə açıq və ya gizli şəkildə sponsorluq edir, milyardlarla vəsaiti bu işə yönəldirdilər. İndi insanların xəstəlikdən əziyyət çəkdiyi, iqtisadi problemlərdən yaranan sosial çətinlik dövründə bu fondlar ağızlarına, daha doğrusu hesablarına su alıb oturublar.
Bəzi beynəlxalq təşkilatlar, Avropanın beynəlxalq qurumları 10 illərlə davam edən ermənipərəst mövqeyi ilə nüfuzdan düşüblər. Bax, dünyanın xəstə durumu həm də bu xəstə orqanları üzə çıxardı. Yəni dünya tam bir orqanizmdirsə, dövlətlər və xalqlar da bu orqanizmin tərkib hissələridir. İndiki xəstəlik dövründə hər bir orqan, bədən üzvü, yəni hər bir dövlət, xalq gerçək xüsusiyyətlərini, mahiyyətini ortaya qoydu.

– Sizin bu yanaşmanız dünyanın pandemiya ilə uğraşdığı, karantin tədbirləri gördüyü bir vaxtda qondarma Dağlıq Qarabağ rejimində seçkilərin keçiriliməsini yada saldı. Doğurdan da elə dövlətlər var ki, dünyanın dərdi bir yana, bunların xəstə təfəkkürdən irəli gələn maraqları bir yana…

– Əslində, böyük və kiçik olmasından asılı olmayaraq, həmin təfəkkürlə siyasət yürüdən dövlətlər dünyamızı bu günə gətirib çıxarıb – xəstə salıblar. Mən xüsusi olaraq bu günlər cəbhə xəttində atəşkəs rejiminin pozulma statistikasını izləyirəm: əvvəlki günlərdən demək olar ki, fərq yoxdur. Qondarma rejimin qondarma seçkiləri də eyni mahiyyətdən irəli gəlirdi. Erməni diasporu, erməni siyasi hakimiyyəti üçün vətəndaşın təhlükəsizliyi və onun həyatı yox, özlərinin imperalist maraqları önəmlidir. Bu mənada dünyanın xəstə orqanı kimi dövlətin böyüklüyünün və ya kiçikliyinin bir fərqi yoxdur. Kor bağırsaq kiçik bir orqandır, amma ağrısı, kəsilib atılmasa, fəsadları heç də balaca deyil, bütün sistemi çökdürə bilir.Bizim dünyamızın da Ermənistan və bu kimi xeyli xəstə orqanları var ki, kəsilib atılmaqdan başqa əlacı yoxdur. Özü də taleyimiz elə gətirib ki, belə xəstə orqanların bir çoxu bizim ətrafımızda qərar tutub.
Başqa bir xəstəlik ünvanı İrandır. Özünü islam və din pərdəsi altında gizlədən bu rejimin də bu günlərdə gerçək siması bilindi. Bildiyiniz kimi Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Bir neçə gün öncə isə Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.
Bu bizim qonşuluq və bəşərilik yanaşmamız. Amma elə həmin günlərdə İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülər yayıldı. Bunun nə müsəlmançılıqda, nə insaniyyətdə adı yoxdur. 40 milyonluq Azərbaycan türkünə öz ana dilində təhsil almağı yasaqlayan rejim bu tayda millətimizə soyqırım həyata keçirən bir başıpozuq hərbi qruplaşmaya yardım edir. Belə orqanları olan dünya xəstəlik də tapar, virus da…

– Yeri gəlmişkən, bu günlərdə Türkiyə Cümhuriyyətinin Ermənistana yardımı da cəmiyyətdə müzakirə olunur və fikirlər birmənalı deyil.

– Xeyir, bunlar eyni cür deyil. Əvvəla, Türkiyə müstəqil dövlətə tibbi yardım göndərməyə qərar verib, Azərbaycanın işğal olunmuş ərazisinə yox. Digər bir tərəfdən bu yardımı pandemiya ilə mübarizədə aciz qalan Ermənistan özü xahiş edib. Xəstəlik və fəlakət qarşısında düşmən belə yardım istəyərsə, ona əl uzatmaq insanlıqdı, bu insanlığı dünyanın harasında olmasından asılı olmayaraq, türk genini daşıyan hər kəs edər. Bu türkün min illərdən gələn əxlaq və yaşam tərzidir. Buna görə də Türkiyə yardımını da açıq rəsmi şəkildə bəyan edir, İran isə bizim dövlət suverenliyimizi pozaraq ,bunu gizli yollarla həyata keçirir. Dünyaya, insanlığa baxış fərqləri burdadır. Bir neçə gün öncə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu zirvə görüşü Azərbaycan prezidentinin təşəbbüsü ilə baş tutdu. İndiki dönəmdə, dövlətlərin, böyük maliyyə və beyin mərkəzlərinin dünyanın gələcəyi ilə bağlı ağlasığmaz bədbin proqnozlar verdiyi bir vaxtda bu Zirvə görüşü dünyaya Bakıdan verilən bir barış mesajı idi.
Böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı Romanı bağışlayan Atilladan günümüzədək bütün Türk dövlətlərinin əsas prinsipi olub. Buna görədir ki, bu gün Yaxın və Orta Şərqdə, hətta coğrafi baxımdan eyni materikdə və qitədə olmadığımız əzilən xalqların ilk umacağı Türk Dünyasına olur. Dünyanı yenidən bölüşmək niyyətində olan güclər də bu faktla hesablaşmaqdadırlar. ABŞ-ın Asiyada vazkeçilməz müttəfiqi Türkiyədir, Rusiya Türk-Slavyan birliyi üçün çabalar göstərir, Çin belə min illər öncədən ruhuna və gücünə bələd olduğu Türk dünyası ilə ittifaqa can atır. Son zirvə görüşündə səslənən fikirlərdən də məlum oldu ki, indiki halda pandemiya qarşısında aciz qalan ölkələrə ən çox yardımlar Türkiyə, Azərbaycan və digər türk dövlətləri tərəfindən edilir. Türk bir millət olaraq qaranlığa qərq edilən dünyaya günəş kimi doğur. 

– Yardımlardan söz düşmüşkən, bəzən belə fikirlər səslənir ki, Azərbaycanda xeyli insanın yardıma ehtiyacı olduğu bir zamanda dövlətimizin xarici ölkələrə yardım etməsi düzgün deyil.

– Bilirsiz, bu məsələyə belə bəsit düşüncə ilə yanaşmaq olmaz. Bir tarixi faktı xatırlatmaq istəyirəm. Ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Pakistan xalqına yardım edərək onları ölümdən qurtaranda Azərbaycanda da köməyə ehtiyacı olan xeyli sayda insan var idi. Buna görə, o zaman Tağıyevi ittiham etməliydilər? O kişinin yüz il əvvəlki yardımını bu gün Azərbaycan dövləti olaraq Pakistan Respublikasının hər cür dəstəyi olaraq görürük. Təbii “əvvəl evin içi, sonra çölü”, amma etiraf edək ki, indiki qlobal iqtisadi böhran şəraitində dövlətimiz imkanlarını hesablayaraq müəyyən addımlar atır. Burda bir diletant fikri də tam kənara qoymaq lazımdır ki, dövlətin ehtiyatda bu qədər vəsaiti varsa, elə o tam şəkildə indiki dövrə sərf edilməlidir. Azərbaycan iqtisadiyyatında neftin rolu hələ də yüksəkdir və bu gün dünya bazarında neftin ucuzlaşması davam edir. Pandemiyadan sonrakı dünyada iqtisadi münasibətlərin necə olacağı hələ bəlli deyil. Dövlət bütün bunları hesablayır və edilən güzəştlər, yardımlarda sabahı da düşünmək prinsipi var. Eyni zamanda belə situasiyalarda yalnız rəsmi strukturlar fəaliyyətdə olmamalıdır.
Bu gün böyük şirkətlər, imkanlı şəxslər aztəminatlı ailələrə yardım göstərirlər. Hətta ölkə xaricində olan imkanlı soydaşlarımız da bu kampaniyada iştirak edir. Millət vəkillərimiz seçildikləri ərazidə imkanları daxilində köməklik göstərir. Yəni biz xalq olaraq bu çətinliyi dəf etmək üçün səfərbər olunmuşuq. Əslində pandemiya dönəminin bütün çətinliklərinə rəğmən indiki şəraitdə xalqın göstərdiyi həmrəylik daxildə bir sevinc yaradır və bu xalqın gücünə inamı artırır. 

– Sabir bəy, bu arada Milli Məclis də iclaslarını keçirir. Son iclasda 9 may günü ilə bağlı medalın təsis olunmasına etirazlar var. Sizin bununla bağlı fikirlərinizə rast gəlmədik.

– Karantin şərtləri ilə əlaqədar bəzi millət vəkilləri son iclaslara qatılmadı. Artıq bu məsələ həll olunub və yəqin ki, növbəti iclaslarda iştiraka məhdudiyyət qoyulmayacaq. Bu səbəbdən mən qeyd etdiyiniz məsələnin müzakirəsində iştirak etməmişəm. Ancaq o fikirlərə qatılıram ki, 1941-45-ci illər savaşı “Böyük Vətən Müharibəsi” yox İkinci Dünya Müharibəsi adlandırılmalıdır. Bu müharibədə Azərbaycan xalqı minlərlə oğlunu itirib, bütün gücümüzlə qələbəyə yardımçı olmuşuq, qələbənin əldə olunmasında Bakı neftinin rolu əvəzsizdir. Yəni bu qələbədə bizim də payımız var. O baxımdan medalın təsis olunması düzgündür, amma bu medal “Faşizm üzərində qələbənin 75 illiyi” adlandırılmalıdır, daha doğru yanaşma bu olmalıdır. Eyni zamanda bildirim ki, son iclasda Nazirlər Kabinetinin hesabatı ilə bağlı fikirlərimi də bildirdim və seçildiyim Neftçala rayonunun problemlərini açıqladım. Bu bölgə bütün böyük proqramlardan kənarda qalıb. Yaxın günlərdə pandemiya sıxıntılarının aradan qalxacağına inanıram. Bundan sonrakı dönəmdə bütövlükdə ölkəmizin inkişafı üçün eyni həmrəyliklə çalışacayıq.
Nəsimi
BakuPost

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …