Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.

Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən bir olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 134 333 nəfər nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.

1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.

Rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.

Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Qarabağ Azərbaycandır!

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …