“Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə ilə Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir və demək olar ki, dünyada yeganə ölkədir ki, bu cür qardaşlıq münasibətləri var”.
Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Hərbi ekspert vurğulayıb ki, bizim münasibətlərimiz müttəfiqlik, tərəfdaşlıq münasibətlərindən də yüksəkdə dayanır və bu münasibətlər qardaşlıq münasibətləridir, hansı ki, son Şuşa Bəyannaməsi də bunu bir daha sübut edir.
“Hər sahədə olduğu kimi, ordu sahəsində də Azərbaycan ilə Türkiyə sıx əməkdaşlıq edir və həm Türkiyə Ordusunun, həm də Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini verir. Eyni zamanda, bu, dünyada və regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından da çox önəmlidir.
Biz çətin, həm də ədalətsiz dünyada yaşayırıq. Bu dünyada dövlət müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyi qorumaq üçün ancaq və ancaq güclü olmaq, qüdrətli orduya malik olmaq lazımdır və güclü iqtisadiyyat, güclü xarici siyasət olmalıdır. Azərbaycan dövləti də bunlara malikdir və öz qüdrətini də günü-gündən artırır. Dünyanın çox nüfuzlu bir neçə ordusu var ki, o ordulardan biri də Türkiyə Ordusudur. Türkiyə Ordusu çox nizam-intizamlıdır, çox vətənpərvərdir, çox peşəkar bir ordudur. Azərbaycan Ordusu da öz peşəkarlığını günü-gündən artırır və yaradılması qısa bir müddət ərzində olmasına baxmayaraq, Azərbaycan Ordusu çox böyük uğurlara imza atıb və 44 günlük vətən müharibəsi də bunun sübutudur.
Ordunun döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün təlimlərə çox böyük ehtiyac var. Təlimlər həm iki dövlətin təcrübəsini bölüşməsi baxımından, həm müasir silahlarla davranış baxımından, həm də ki, dərslərdə əldə edilən biliklərin yoxlanılması baxımından çox vacibdir. Təlimlərdə nə qədər çox tər tökülsə, döyüşlərdə bir o qədər az qan tökülər. Bu, təcrübə mübadiləsi baxımından çox önəmlidir. Sabah regionda, dünyanın başqa bir ərazisində birgə, koordinasiya edilmiş şəkildə əməliyyatların keçirilməsi baxımından çox vacibdir, ordunun döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması baxımından təlimlər əvəzsizdir.
Azərbaycan Ordusu da Türkiyə Ordusu ilə bərabər bütün qoşun növləri üzrə təlimlər həyata keçirir. Bu təlimlər həm Türkiyə ərazisində, həm Azərbaycan ərazisində çox tez-tez aparılır və bu təlimlər Azərbaycan və Türkiyə ordusunun qüdrətini, hərbçilərimizin peşəkarlığını daha da artırır. Vətən müharibəsindən öncə də bu təlimlər keçirilirdi. Bizim 2020-ci ildə hərbi büdcəmiz 1,9 milyard ABŞ dolları idisə, 2021-ci ildə bu 2,7 milyard ABŞ dollarıdır. Bu, onu göstərir ki, Azərbaycan dövləti ordu quruculuğuna maddi vəsaiti artırır. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının güclənməsi, onun kadr potensialının hazırlanması, müasir silahların alınması, eyni zamanda, ordunun döyüş hazırlığının daim yüksək səviyyədə olması üçün nə mümkündüsə edilir və o cümlədən qardaş Türkiyə dövlətinin təcrübəsi öyrənilir, qardaş Türkiyə dövləti ilə bu təlimlər həyata keçirilir.
Azərbaycan Ordusunun özünün də çox zəngin təcrübəsi var. Vətən müharibəsində ən son silahlardan istifadə edilib. Azərbaycan dünyanın ən axırıncı müharibəsini aparan dövlətdir. Azərbaycan ordusunun çox böyük potensialı, təcrübəsi var və qardaş ölkələr arasında da bu təcrübə mübadiləsi həyata keçirilir”, deyə Emin Həsənli bildirib.
Müəllif: İnam Hacıyev