İnanıram ki, Azərbaycan iranlılar üçün ənənəvi istirahət mərkəzinə çevriləcək.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Nazir qeyd edib ki, Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanlar var.
Ə.Qarayev əlavə edib ki, ikitərəfli əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərir. Bu il Novruz bayramında 60 mindən çox İran vətəndaşı Azərbaycana qonaq gəlib: “Bu bizim üçün sevindirici haldır. Bakı şəhərinin özünəməxsus gözəllikləri var və İran vətəndaşlarını cəlb edir”.
Ə.Qarayev deyib ki, İranda Azərbaycan Mədəniyyəti Günləri 2010-cu ildə, Azərbaycanda isə İran Mədəniyyəti Günləri 2011-ci ilə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan mədəniyyət günləri təkcə paytaxt Tehranda deyil, İsfahan şəhərində də keçiriləcək. Tehranda Azərbaycan kinosu həftəsi, fotosərgi təşkil olunub, teatr tamaşası nümayiş etdiriləcək, turizm sənayesi nümayəndələrinin görüşü olacaq.
İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri deyib ki, İran ilə Azərbaycan bundan sonra da bütün sahələr üzrə əlaqələrini genişləndirməlidir: “İran Azərbaycan ilə münasibətlərin inkişafına heç bir məhdudiyyət tətbiq etmir. Rəsmi Tehran Azərbaycanı özünün yaxın dostu hesab edir”.
Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini deyən iranlı nazir İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib.