300 il öncə insanlar səfərə çıxarkən əşyalarını necə bir çantada daşıyırdılar? O dövrdə qadınlarımız məişətdə nə cür qablardan istifadə ediblər? Kompüter çıxana qədər istifadə olunan çap maşınları necə olub?
Bütün bunlar sizə də maraqlıdırsa, yolunuzu İçərişəhərin qədim əşyalar satılan mağazalarından sala bilərsiniz. Bu tarixi memarlıq qoruğunun qədim binalarında alaqaranlıq kiçik dükanlarda satılan əşyalar insanı bir anlıq keçmişə aparır… Qədimdə qız-gəlinlərin işlətdikləri bəzək əşyaları, gümüş kəmərləri, saçaqlı araqçınları, evlərinə sərdikləri xalçalar, bulaqdan su gətirmək üçün apardıqları səhənglər, nənələrimizin yundan ip əyirmək üçün işlətdiyi cəhrələr və daha nələr… Bu dükanların təkcə görüntüsü deyil, özünəməxsus rütubət iyini xatırladan köhnəlik qoxusu- tarixin qoxusu da mənzərəni tamamlayır.
Əntiq əşyaların satıldığı belə dükanlardan bir neçəsinə baş çəkib satıcılardan onların tarixi , xüsusiyyətləri haqqında məlumat əldə etməyə çalışırıq.
Xalça satışı ilə məşğul olan İbrahim adlı şəxs deyir ki, Azərbaycan xalçaları sadə bir məişət əşyası deyil, bir sənət əsəridir: “Bizim qədim xalçalarımız var ki, sanki dil açıb insanla danışır. İndiki nəsil təbii ki, bunun dəyərini tam anlamır. Ancaq xaricilər bu xalçalara, əsrarəngiz naxışlara heyran olurlar. Bəzən neçə min manata xalça alıb aparırlar”.
Müxtəlif regionların xalçaçılıq mədəniyyətindən danışan satıcı deyir ki, xalçaya baxan kimi onun hansı rayondan gətirildiyini bilir: “Qarabağ xalçaları daha sıx toxunur, cənub zonasının xalçalarında isə əksinə ilmələr bir qədər boş olur. Həmçinin regionlara görə xalçada istifadə olunan rəng çalarları da dəyişir. Məsələn, Şirvan xalçalarında qırmızı rəng və onun müxtəlif tonları üstünlük təşkil edir, Lənkəran xalçalarında isə yaşıl, zümrüdü rənglər…”.
“Bu xalçaları necə əldə edirsiniz” sualına isə satıcı belə cavab verdi: “Xalçaları daha çox əldən alırıq. Müxtəlif rayonlardan insanlar köhnə xalçaları gətirib satırlar. Onların eləsi var ki, 250-300 manat pul veririk. Satışda olan xalçalarımız isə 400-500 manatdan başlayır. Kilimlərə isə bir o qədər maraq yoxdur. Ancaq təklif ediləndə, köhnə kilimləri də alırıq”.
Digər bir dükanda isə 200-300 il əvvəl məişətdə istifadə olunan mis qab-qacaqlar satılır. Bunların arasında nümunə əsasında son illərdə istehsal olunanlar da var ki, digərlərindən çox az fərqlənirlər. Təbii ki, satarkən satıcılar hansının qədimi olduğunu, hansının yeni istehsal olduğunu gizlətmir. Müxtəlif növ güldanlar, dolçalar, səhənglər, samovarlar, sinilər, gümüş və mis çay dəstgahları, çaydanlar satışa çıxarılıb. Qədimi əşyaların qiyməti 200 manatdan başlayır.
100 ildən çox yaşı olan çap maşınını isə satıcı 400 manata təklif edir. Qədim musiqi alətlərinin qiyməti isə azı 300 manatdır. Satıcılar deyir ki, bu əntiq əşyalara daha çox turistlər və həvəskarlar maraq göstərir. Sadə insanların marağı olsa da alıcılıq qabiliyyəti aşağıdır.
Onun sözlərinə görə, qədim mis qazanları alıb evində istifadə edənlər də az deyil: “Mis qablardan istifadə etmək sağlamlıq üçün faydalıdır. Qab nə qədər qədim olarsa, onda bişirilən yemək bir o qədər dadlı olar. Diqqət edirsinizsə, əvvəlin qablarının əksəriyyəti misdəndir. Qədim samovarlar indi ən bahalı əşyalardır. 10 min manata qədər qiyməti olan samovar var ki, 19-cu əsrdən qalıb. Ancaq təbii ki, bu cür bahalı əşyalara alıcı tapmaq asan deyil”.
Onu da qeyd edək ki, qədim mətbəx əşyalarının bir çoxunun gündəlik istifadə üçün heç də praktik olmadığı qənaətinə gəldik. “200 ilə yaxın yaşı olan səhəngi yerdən qaldırmaqda belə çətinlik çəkdik. Maraqlıdır, əvvəllər qız-gəlinlərimiz həmin qabarda necə su daşıyıblar? Qədim qazanların, su bidonlarının ağırlığı da öz yerində… Satıcılar isə deyir ki, bu cür qablarda su daha sərin və keyfiyyətli qalırmış.
Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir