Bazar , 19 May 2024
Drone Cameras

Cəbi Quliyev-“Praqa səfəri bir daha Naxçıvana keçid məsələsinin hər zaman gündəmdə olduğunu göstərdi”


Oktyabrın 6-da bütün dünyanın diqqəti Praqaya yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, media nümayəndələrinə verdiyi açıqlamalar ölkəmizin diplomatik müstəvidə növbəti qələbəsidir.
Bütün dünya Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi olub. Mövqeyindən bir addım belə geri çəkilməyən Müzəffər Ali Baş Komandan Praqada Qarabağda olan ermənilərlə bağlı vacib bir məqamı vurğuladı. Ölkə başçısı bildirdi ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”
Prqada qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Prezident İlham Əliyev səfər zamanı verdiyi açıqlamada “Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur.” bildirməsi ölkəmizin məsələnin sülh yolu ilə həllini dəstəklədiyini və bu görüşlərə önəm verdiyini göstərir.
Cənubi Qafqazda iqtisadi inkişaf, eyni zamanda qonşu dövlətlərlə iqtisadi əlaqlərin yeni mərhələyə keçməsi Zəngəzur dəhlizi, yəni ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanla keçidin əldə olunmasından sonra ola bilər. Çox təəssüf ki, rəsmi İrəvan bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirməmişdir. Praqa səfəri zamanı Prezident İlham Əliyevin verdiyi açıqlamada “Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir.” deməsi bizim ölkə olaraq bu məsələni hər zaman gündəmdə saxladığımızı və hər zaman gündəmdə olmasını göstərdi.
Ümumilikdə görüşün nəticəsində verilmiş bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı bunu dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.

Cəbi QULİYEV
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …