Şənbə , 18 Yanvar 2025
Drone Cameras

“Cənub Qaz Dəhlizi” ötən ili mənfəətlə başa vurub

“Cənub Qaz Dəhlizi” QSC (SGC) 2020-ci ili 13,072 milyon ABŞ dolları mənfəətlə başa vurub. Səhmdar cəmiyyəti 2019-cu ildən 280,751 milyon manat zərərlə çıxmışdı.

Boyukmillet.com xəbər verir ki, ötən il SGC-nin əməliyyat gəlirləri 861,551 milyon dollar (əvvəlki ilə nisbətən 90,35% çox), satışının maya dəyəri 295,534 milyon dollar (19,5% çox), ümumi və inzibati xərcləri 212,832 milyon dollar (2,2 dəfə çox), nəqletmə xərcləri 18,169 milyon dollar (3,4 dəfə çox), faiz gəlirləri 37,358 milyon dollar (16,3% az), asılı müəssisələrdən gəlirləri 17,265 milyon dollar (əvvəlki il olmayıb), digər gəlirləri 28,722 milyon dollar (25,8% çox), maliyyə xərcləri 395,505 milyon dollar (10,1% az), məzənnə fərqindən zərəri 1,649 milyon dollar (41,4% az), mənfəət vergisi ödəmələri isə 8,135 milyon dollar (7,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə SGC-nin aktivləri 12 676,671 milyon dollar olub ki, bu da illik müqayisədə 0,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri cüzi artaraq 9 449,076 milyon dollara, balans kapitalı isə 0,6% artaraq 3 227,595 milyon dollara çatıb.

Xatırladaq ki, SGC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 415,8 milyon dollardır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …