Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Cəbhə xəttində son gərginlik: Rusiya və Qərbin maraqları Azərbaycandan nəyi tələb edir?

Azərbaycan – Ermənistan sərhədində son günlər baş verənlər, dinc azərbaycanlıların və körpələrin ermənilər tərəfindən qətli sıravi vətəndaşların “Qarabağ mövzusu”na nə qədər həssaslıqla yanaşdığını bir daha sübuta yetirdi. Lakin problemin ciddiliyi soyuqqanlı yanaşmanı tələb edir.

Bir-sıra suallara emosiyasız cavab vermək son dərəcə vacibdir. Qarabağ cəbhəsində irimiqyaslı savaş başlaya bilərmi? Azərbaycan və Ermənistan yeni müharibədə maraqlıdırmı? Yeni Qarabağ savaşına Qərb və Rusiyanın münasibəti necə olacaq? Savaş başlayarsa, bu, Azərbaycana, Ermənistana, Rusiyaya, Qərbə, bölgəyə nə edir? Bütün bu suallara birmənalı şəkildə cavab tapmasaq, Ermənistanla sərhədlərimizdə son günlər baş verənlərin mahiyyətini dərk edə bilməyəcəyik.

Birincisi, öncələr də vurğulamışıq ki, yaranmış vəziyyət irimiqyaslı hərbi əməliyyatların başlanmasına imkan vermir. Ən yaxşı halda, söhbət lokal döyüşlərdən gedə bilər. İkincisi, yeni savaşda nə rəsmi Bakı, nə də ki İrəvan maraqlı görünür. Savaş yeni iqtisadi, sosial, siyasi problemlər deməkdir. Yeni riskdir. Proseslərin bu səpkidə inkişaf edəcəyini aylar öncə vurğulamışdıq. Bədbin proqnozlar doğrulmağa başlayıb. Proseslərin gələcək inkişafının konturları da artıq cızılmaqdadır. Kənar baxışla görünən budur ki, Kreml Azərbaycanı yeni aralıq savaşa şirnikləndirir və işğal olunmuş torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Bu məsələdə rusların səmimiliyinə inananlar unudurlar ki, Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi. Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni aralıq savaş lazımdır. Aydın məsələdir ki, savaş başlayarsa, ruslar öz tarixi müttəfiqləri olan ermənilərə yardım edəcəklər.

Qərb də Azərbaycanın savaşa başlamasını arzu etmir. Lakin sərhəddə baş verənlər onu deməyə əsas verir ki, cəbhə xəttində gərginlik artacaq. Lakin söhbət irimiqyaslı savaşdan deyil, qısa müddətli döyüşlərdən gedə bilər. Ən yaxşı halda, Azərbaycan bir-iki kəndi geri qaytara bilər. Əməliyyatların miqyası genişlənərsə, sülhə vadar etmək planı da işə düşə bilər. Yaranmış vəziyyətdə Qərb ən optimal yol kimi zorən sülhə nail olmağı nəzərdən keçirə bilər. Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyi zorən sülh variantını aktual edir.

Lakin sərhəddə son günlər baş verənlər dalana dirənən danışıqlar prosesi yenidən canlana bilər. Cənubi Qafqazla bağlı tərəflərin qarşıdakı dövr üçün razılığa gələ bilməsi ehtimalı inandırıcı deyil. Geosiyasi maraqlar müxtəlif olduğundan bunu etmək imkansız görünür. Proseslər gərginliyə doğru inkişaf edir. Savaşın qarşısının alınması üçün danışıqlar prosesinin bərpa olunacağı vacib görünür. Lakin bu dəfə danışıqlar Azərbaycanın maraqlarına xidmət etməlidir. Ən azı son günlər verdiyimiz şəhidlərin qanı bunu tələb edir.

Bir məqama da diqqət yetirək. Belə bir fikir irəli sürülür ki, əgər Azərbaycan irimiqyaslı – işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən azad olunmasına başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, savaş başlayarsa, bu zaman prosesə Rusiya müdaxilə edəcək. Əlbəttə, Qərbin bu hadisələrə mövqeyindən də çox şey asılı olacaq. Bu mövqenin isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşəcəyini təxmin etmək elə də asan deyil.

Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Hərbi əməliyyatlara başlamaq lazımdır, lakin bu məsələdə soyuqqanlı qərar qəbul etmək daha önəmlidir. 2 yaşlı körpənin öldürülməsi Azərbaycanı daha sərt davranışa sövq edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə hazır olmalıdır. Beynəlxalq hüquq da buna imkan verir…

Azər Rəşidoğlu

Avropa.info

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir