Bazar ertəsi , 20 May 2024
Drone Cameras

ÇAĞDAŞ POEZİYAMIZIM SAYILIB-SEÇİLƏN NÜMAYƏNDƏSİ

ÇAĞDAŞ POEZİYAMIZIM SAYILIB-SEÇİLƏN NÜMAYƏNDƏSİ
Söhbət filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından gedir.
Mahirə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcə almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda (2012); elmlər doktoru elmi dərəcə almaq üçün isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el sairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda (2017) dissertasiyalar müdafiə etmişdir.
Mahirə Nağıqızı tanınmış alim olmaqla yanaşı istedadlı şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gözəl şeirləri vardır. Qələmindən neçə-neçə şeir kitabı çıxmışdır. Diqqət yetirək: “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ana kəndim Xalxalım” (2010), “Ömrün çıraqdır sənin” (2010), Sözün hikməti” (2012), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015), “Dilimiz – varlığımızdır” (2021), “Salam Olsun (vətənpərvərlik şeirləri)” (2021) və s.
Azərbaycan bəstəkarları tərəfindən Mahirə xanımın sözlərinə 30-dan artıq mahnı bəstələnmiş, aşıqların ifasında 70 mahnı səslənmişdir. Bəzi mahnıları diqqətə çatdıraq: Sevinc Mansurovanın bəstəsində “Azərbaycan” və “Layla çal, yatım ana; (hər iki mahnının ifa edir Gülüstan Əliyeva), “Ata Heydər, oğul İlham”, Arif Səlimovun bəstəsində “Ay ana”, “Ana”, “Balam” (mahnıların ifası: Gülyanaq Məmmədova); Tahir Mahiroğlunun bəstəsində “Ata” (ifa: Eldəniz Məmmədov); Tahir Əkbərin bəstəsində “Qısqanıram (ifa: Bəyimxanım Vəliyeva) və s.
Mahirə Nağıqızınn şeirləri mövzu müxtəlifliyi, mövzu rəgarəngliyi, məzmun dolğunluğu baxımdan diqqəti cəlb edir. İlk növbədə qeyd etməliyik ki, o, vətənpərvər şairdir. Əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisini, onun bütövlüyünü, toxunulmazlığını, müstəqilliyini, azadlığını dönə-dönə vurğulayaraq doğma yurdu vəsf edir. Torpaqlarımızın işğal altında olduğundan yana-yana danışır, lakin inanır ki, gec-tez tutulmuş ərazilərimizə sahib olacağıq. Erməni faşist işğalçılarına qarşı sonsuz nifrətlə mübarizəmizdən, müharibəmizdən söz açır, erməni ordusunu 44 gün ərzində darmadağın etməyimizi, zabit və əsgərlərimizin fədakarlığını, şəhidlərimizin, qazilərimizin böyük hünərini parlaq boyalarla işıqlandırılır. “Salam olsun” şeirini yada salaq:
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
Bu tarixi qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi vurğulanır, Vətən müharibəsində ölkəmizə dəstək duran Rəcəb Tayyib Ərdoğan böyük məhəbbətlə yad edilir:
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın, hər doğanın.
İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
Əldə silah, fədakarlıqla, hünərlə döyüşənlər, Vətənin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda müharibə meydanında həlak olanlar da unudulmur:
Şəhidlərim, haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
Azərbaycanımız yüz illər, min illər ərzində Vətənimizin müstəqilliyi, azadlığı uğrunda yüz minlərlə oğlunu, qızını itirmişdir. İkinci dünya müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola düşmüş, onların yarısı geri qayıtmamış, həlak olmuşdur. Birinci və ikinci Qarabağ müharibələrində nə qədər şəhid vermişik. Bir də 20 yanvar şəhidləri vardır. SSRİ rəhbərliyi öz vətəndaşlarının üzərinə tanklar yeritmiş, dinc sakinləri avtomat güllələrinə tuş etmişdir. Söhbət 1990-cı il yanvar qırğınından gedir. Mahirə xanımım “Şəhidlər” şeri sovet ordusunun xalqımıza tutduğu divanı yada salır:
Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
Vətən Mahirə xanımın ən çox sevdiyi və yüksək dəyər verdiyi mövzulardandır. Əslində burada bir qəribəlik də yoxdur. Bütün şairlər ilk növbədə ana adlandırdığımız Vətəni tərənnüm edən şeir yazmışlar. Biz hamımız Vətəni, doğma diyarı sevirik. Bunu hərəmiz fərqli şəkildə mənalandırırıq. Birimiz şeirlərilə, digəri nəsr əsəri ilə, başqası memarlıq işi ilə, kimisi onun müdafiəsinə atılmaqla, qeyriləri Azərbaycanı dünya miqyasında tanıtmaqla. Mahirə Nağıqızı da həm özünün Vətənə məhəbbəti, həm də “Qar havası var” və başqa şeirləri ilə öz mövqeyini bildirir. Diqqət yetirək:
Haraya getsəm də, Vətən, ay Vətən,
Könlümdə ruhunun var, havası var.
Ayrılıqdı bilməm, xiffətdi – bilməm,
Sənsiz hər tərəfdə qar havası var.

Köksündə dondurmaz ayazı qışın
İstisi bəsimdi bircə qarışın.
Qürbətdə küləyin, yağan yağışın,
Səsində bir ahu-zar havası var.
Mahirə xanım – anadır. Ananın insan həyatında nə demək olduğunu çox gözəl bilir və ailədə analıq vəzifələrini uğurla, yüksək səviyyədə yerinə yetirir. Şeirlərinin bir çoxunu analara, xüsusən özünün dünyalar qədər bağlandığı sevimli anasına həsr etmişdir.
Mahirə xanım 2020-ci ildə işıq üzü görmüş “Onun daş nağılı” (411 səh.) kitabına ana ilə bağlı üç şeir daxil etmişdir. Qəribə burasındadır ki, hər üç şeirini “Anama” adlandırmışdır. Əslində burada qəribəlik də yoxdur. Bu şeirlər şairin anaya, anasına böyük, dərin məhəbbətinin timsalı kimi meydana gəlmişdir.
Şairin Anaya həsr etdiyi şeirlər arasında “Saçların balladası”) şeri səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Mahirə xanım ana qayğısının, ana nəvazişinin, ana sevgisinin hamımıza tanış olan aşağıdakı notları ilə bir daha bizi tanış edir:
Hər dəfə başımı dizinin üstə –
Çəkərdi, saçımı oxşardı anam.
Bir onu, bir də ki, qulac saçıma
Dəyən nəfəsini unudammıram.
“Anama” adlanan digər şeirdə ana nikbin əhval-ruhiyyədədir. Həmişə belə olub, onu heç kim bu həyatdan gileyli görməyib:
Bir nəfər görmədi, səni bir nəfər,
Həyatdan gileyli, bəxtdən narazı.
Analar zəhmətə qatlaşan olurlar. Evin bütün ağırlıqları onların üzərinə düşür. Evdə görüləsi iş-güc çoxdur. Şeirin qəhrəmanı da hər şeyi çatdırır. Buna səhər ertə yuxudan oyanmaq, işə başlamaqla, özü də kiminsə şirin yuxusuna haram qatmamaqla nail olur,
Yadımdan çıxmaz ki, hər səhər erkən,
Elə gəzinərdin evdə yavaşdan.
Nə cür çatdırırdın, deyə bilmərəm,
O boyda işləri durub o başdan…
Şair çox düşünüb-daşınır, dağı Arana, Aranı dağa aparır. Fəqət dünyada anadan qiymətli heç nə tapa bilmir. Bunu yəqin etdikdən sonra qələmə sarılır:
Ay ana, bilirəm bu kainatda,
Qiymətli nə varsa oyun-oyuncaq
Hər şeyin qiyməti olur həyatda,
Sənin qiymətini tapmadım ancaq.
Qadınları, anaları qorumaq lazımdır. Ana böyük qüvvə, müqəddəs varlıq, evin dirəyi, övladın gözünün bəbəyidir. Uşaqların həyatında hər iki valideyn əhəmiyyətlidir. Fəqət ananın xüsusi rolu vardır. Təsadüfi deyilməyib ki, ” Uşaq atadan yox, anadan yetim qalar”. Hətta ana, qadın həyatdan köçəndə kişilərin özləri yetim qalırlar. Musa Yaqub demişkən “Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməmək əzabdır!”
Mahirə xanım şeirlərinin birində ananın fikir çəkdiyini, narahat olduğunu, hətta göz yaşı tökdüyünü görüb qayğılanır. Bu onu varından yox edir. Anaya təsəlli verməyə, onun dərdini, kədərini yüngülləşdirməyə çalışır:
Yenə qəlbim göynətməsin qəlbini,
Ağ saçını suya sərib ağlama.
Kim böləcək bölünməyən dərdini,
Fəqan çəkib qərib-qərib ağlama.
İstəyir ki, anaya özünü ələ alsın, qayğılanmasın, göz yaşı tökməsin. Axı göz yaşı təsəlli ola bilər, dərdi, kədəri bir azca, azacıq yüngülləşdirə bilər, fəqət “bölünməyən dərdini heç kim bölə bilməyəcək” (“Kim böləcək bölünməyən dərdini”). Əbədi heç nə olmur, gələn – gedir, dolan – boşalır, olan – olmur. Hər şey də, şeirdə deyildiyi kimi, “gəldi-gedərdir”. Diqqət yetirək:
Ah eləmə, ahu-zarın hədərdi,
Bu dünyada hər şey gəldi-gedərdi,
Göz yaşımnan göyətmişəm bu dərdi,
Təsəlli ver, durub-durub ağlama.
Mahirə Nağıqızının qadına, anaya xüsusi dəyər verməsi təbiidir. Professor T. Novruzovun aşağıdakı fikrini mən də təsdiqləyirəm: “Mahirə Nağıqızının poeziyasının baş obrazı ANAdır”.
Mahirə xanımın bədii yaradıcılığının bir istiqamətini də Azərbyacanımızın adlı-sanlı insanlarına, məşhur elm adamlarına ünvanlanmış şeirləri təşkil edir. Bu baxımdan professor Həsən Mirzəyevə həsr etdiyi şeir səciyyəvidir:
El oğluydu, el adamı, – dedilər,
Tək qoymayıb bir adamı, – dedilər.
Ata, qardaş, əmi, dayı, – dedilər,
Dağda, düzdə Həsən Mirzə yaşayır.
Şeirdən göründüyü kimi, Həsən Mirzəyev təkcə adlı-sanlı alim, millət vəkili olmaqla öz fəaliyyətini məhdudlaşdırmayıb, el oğlu, el adamı olub, camaatın xeyrinə, şərinə yarayıb. Belələri həyatda həqiqi şəxsiyyət statusu alırlar.
Məhəbbət əbədi ehtiyacdır. Nazim Hikmətin dediyi kimi, “İnsanın ən böyük kəşfi məhəbbətdir”. Elə şair tapılmaz ki, eşq, sevgi, məhəbbətə aid şeirləri olmasın. Hətta bəzi məşhurlar məhəbbət şeirləri ilə yaradıcılığa başlamışlar. Bu mənada Mahirə xanımın şeirləırini arayıb-axtardım, görüm ki, onun məhəbbətə aid hansı şeiri var. Tapdım. Yalnız birini – “Sənsiz” şeirini diqqət mərkəzinə gətirmək istəyirəm. Onun da bir bəndini:
Bu səhra dünyamın yuxularının,
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.

Eşq ilə dikələn dərd – sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün – haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
Mahirə xanımdan ötrü məhəbbət ümiddir, imandır, inam və nəhayət, həyatdır. Eşqə mübtəla olan şəxs əxlaqını saflaşdırır, mənəviyyatını zənginləşdirir, pak, kindən-küdurətdən azad olar.
“Sənsiz” şeirindən göründüyü kimi, şair eşqi “yaralı qəlbin, xəstə canın davası-dərmanı” adlandırır. Aşiqi “ömrümün-günümün hər anı” hesab edir. Uğurlu bənzətmələrdir.
Mahirə xanımın şairləri arasında bir şeri (“Köhnədi”) xüsusilə məni valeh etdi. Mənalandırma son dərəcə gözəldir. Yalnız iki bəndini nümunə gətirirəm:
Zaman gedər, zaman gələr,
Dünyanın çarxı köhnədi.
Buluddan yağış ələnər,
Aparan arxı köhnədi.
Danış, dərdin mənə gəlsin,
Təki sənin üzün gülsün.
Taxda çıxan hardan bilsin,
Çıxdığı taxtı köhnədi.
Münasibət bildirək: Yağış yağır. Hamının ürəyincədir ki, yağış olsun, əkin- biçin suvarıla bişin. Suyu arx aparır, arx isə köhnədir, yağış suyunu ünvana çatdıra bilmir (“Buluddan yağış ələnər, Aparan arxı köhnədi”). .
Həyatda hamı, hər bir şəxs bir vəzifə sahibi olmaq istəyir. Amma o vəzifəni necə yerinə yetirəcək? Tapşırılan işin öhdəsindən gələ biləcəkmi? Bir çoxlarının həsrətində olduğu vəzifə nə qədər arzuolunan, möhtəşəm olsa da, neçə-neçə insanı yola salıb. Odur ki, vəzifə alan şəxs düşünüb-daşınmalıdır: o, vəzifə taxtından düşəndə necə düşəcək? (“Taxda çıxan hardan bilsin, Çıxdığı taxtı köhnədi”).
Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəlidir. Biz bu yaradıcılıqdan bəzi nümunələri diqqət mərkəzinə gətirə bildik. Təbii ki, bütün şeirlərinii üzərində dayanmaq mümkünsüzdür.
Bu yazını bitirərək bir daha vurğulayırıq: Mahirə Nağıqızı çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindənidir! Qoy bundan sonra da belə olsun!
Mahirə xanımın şeirləri sevilə-sevilə oxunur! Şair sevilirsə, demək, o, əbədilik qazanıb.
Əbədilik qazanan şairlər var olsunlar!!! Mahirə xanıma uğurlar diləyirik!

 Akif ABBASOV 

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …