Nazirlər Kabineti Xəzər dənizində Prezidentin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün 55 hektardan çox süni torpaq sahəsinin salınmasına qərar verib.
Baş nazir Əli Əsədovun imzaladığı sənəd konkret olaraq Sabunçu rayonunun Nardaran qəsəbəsi yaxınlığında həyata keçirilən iri tikinti layihəsinə hüquqi çərçivə qazandırır.
Qərara əsasən, “Sea Breeze Resort” ərazisində tikinti məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb. Bu ərazinin 9,08 hektarı sahilboyu zolağı, 46 hektarı isə birbaşa dəniz akvatoriyasını əhatə edir. Layihə çərçivəsində sahilə bitişik iki süni torpaq sahəsinin yaradılması planlaşdırılır. Onlardan biri düzbucaqlı, digəri isə gəmi formasında olacaq ki, bu da layihənin həm funksional, həm də vizual baxımdan fərqli konsepsiyaya malik olduğunu göstərir.
Rəsmi sənəddə qeyd olunur ki, tikinti işləri başa çatdıqdan və obyektlər istismara verildikdən sonra həmin ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçiriləcək. İnzibati baxımdan isə bu sahələr Nardaran qəsəbəsinin ərazisinə daxil ediləcək. Torpaq sahəsinin icarə hüququnun dövlət qeydiyyatını Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək və bu məqsədlə “Nardaran İnvest” MMC ilə müvafiq müqavilə bağlanacaq.
Nazirlər Kabinetinin Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı son qərarı həm şəhərsalma, həm iqtisadi, həm də ictimai müstəvidə müzakirələrə səbəb olub.
Layihənin icrası ilə bağlı diqqət çəkən mühüm məqamlardan biri onun faktiki olaraq rəsmi qərardan əvvəl başlanmasıdır. AzadlıqRadiosu-nun araşdırmasına görə, sözügedən tikinti işləri ən azı iki ildir davam edir və bu müddət ərzində müvafiq dövlət qurumlarından rəsmi icazələrin alındığına dair açıq məlumat təqdim olunmayıb. Bu isə qərarın hüquqi əsaslandırılması ilə real icra prosesi arasında zaman uyğunsuzluğu məsələsini gündəmə gətirir.
“Sea Breeze Resort” kurort kompleksi azərbaycanlı iş adamı və sənətçi Emin Ağalarova məxsusdur. Layihə 2006-cı ildə təsis edilib və son illərdə daha genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Ağalarovun adı həm biznes fəaliyyəti, həm də siyasi elita ilə şəxsi əlaqələri fonunda tez-tez ictimai müzakirələrdə hallanır. O, 2005-ci ildə Prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə evlənmiş, sonradan boşansa da, ölkə daxilində iri investisiya layihələrini genişləndirməyə davam edib.
Mövzu ətrafında marağı artıran digər amil isə Azərbaycanda kazino fəaliyyətinin qanuniləşdirilməsi istiqamətində son dəyişikliklərdir. Azərbaycan Respublikasında kazino (qumarxanaların) fəaliyyəti eks Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu. Bir il əvvəl Emin Ağalarov mediaya açıqlamasında “Sea Breeze” layihəsində kazino sənayesinin yaradılmasını arzuladığını bildirdikdən sonra Milli Məclisdə qəbul edilən qanun dəyişiklikləri müəyyən şərtlər daxilində kazino fəaliyyətinə icazə verilməsini mümkün edib. Bu kontekstdə yeni süni torpaq sahələrində kazino açmaq rəsmiləşib.
Layihə ilə bağlı ən həssas məsələlərdən biri isə mülkiyyət hüquqları ilə əlaqədardır. Nardaranın sahilyanı ərazilərində yerləşən bağ sahələrinin alınması uzun illərdir mübahisə mövzusudur. Yerli sakinlər torpaqların məcburi şəkildə əllərindən alındığını iddia ediblər.
Bu iddialar beynəlxalq hüquqi müstəvidə də təsdiqini tapıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ildə qərara gəlib ki, “Sea Breeze” layihəsi çərçivəsində 18 Nardaran sakininin mülkiyyət hüquqları pozulub. Məhkəmə Azərbaycan hökumətini həmin şəxslərə ümumilikdə 285 min dollar məbləğində kompensasiya ödəməyə məcbur edib.
Ekspertlər deyir ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması təkcə urbanistik layihə deyil. Bu, həm də hüquqi legitimlik, ekoloji təsir, sosial ədalət və iqtisadi maraqların toqquşduğu çoxşaxəli bir proses olaraq qalır.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
