Boyukmillet.com Publika.az-a istinadən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə Cavad xan mövzusunda müsahibəni təqdim edir.
– Sabir bəy, Cavad xana şeir də həsr etmisiniz, poema da, roman da… Niyə məhz Cavad xan?
– Lap gənclik illərimdən Cavad xan mənim üçün sözün əsl mənasında qəhrəmanlıq nümunəsi idi. Mən 18-19 yaşımda, universitetdə oxuyanda vətən haqqında bir şeir yazmışdım. O şeirdə vətəni bütöv görürdüm və o bütövlüyün içərisində “21 Azər”in qanı da vardı, Sabirin “Fəxriyyə” şeiri də vardı, Cavad xanın qanının axdığı yer də vardı. O vaxt Abbas Zamanov mənə dedi ki, şeirində Cavad xandan da bir misra yazmısan, bəs onun şəklini görmüsənmi? Dedim ki, yox. Abbas müəllim mənə Cavad xanın bir şəklini verdi. Cavad xan o şəkildə qara paltarda idi, sanki, gözündə bir atəş yanırdı. Abbas Zamanov dedi ki, bu şəkli özündə saxla, amma mənim verdiyimi heç kimə demə. Çünki o vaxt Cavad xanın adı yasaq idi. O şəkil indiyə kimi də məndə qalır.
Mənim ilk kitabım 70-ci ildə çap olunanda hələ “Ulduz” jurnalında iki şeirim çıxmışdı. Sonra “Gənclik” nəşriyyatından məni dəvət elədilər, bir silsilə şeirlər apardım, dedilər, tezliklə kitabın çap olunacaq. Həmin kitabda isə birinci “Vətən” şeirmi verdim, hansı ki o şeirin içində Cavad xanın qətli ilə bağlı bircə misra vardı. Amma məni çağırdılar ki, bu misra gedə bilməz, çünki gəncəli Cavad xanın mübarizəsi hələ ki qara siyahıdadır. Qayıtdım ki, bunun Gəncəyə nə dəxli var ki? Cavad xan mənim babam olub, tayfa davasında ölüb, mən öz babamdan yazmışam. Onda bu işə məsul rəhmətlik İlyas Tapdıq idi. Güldü, dedi ki, mən bilirəm elə deyil, amma yaxşı düşünmüsən, elə bu şəkildə də deyərəm. Doğrudan da, belə bir bəhanə ilə o kitabdan Cavad xanın adının çıxarılmasının qarşısını aldım.
– Bəs poemanı nə vaxt yazmışdınız?
– İlk kitabımın üstündən bir xeyli keçdi, mən Moskvada olanda birdən-birə Cavad xan mövzusu təzədən yadıma düşdü və demək olar ki, iki günün içərisində “Cavad xan” adlı bir poema yazdım. Düzdür, vəziyyət bir qədər yumşalmışdı, 1985-ci il idi. Amma yenə də qadağalar vardı və yenə də çap məsələsi gələndə dedilər ki, heç olmasa, poemanın adını dəyişək.
– Yenə bəhanə eləyə bilməzdinizmi babamdan yazmışam?
– Yox, artıq mümkün deyildi. Çünki poemada söhbətin konkret gəncəli Cavad xandan getdiyi məlum idi. Gəncənin, Sisianovun adı çəkilirdi, Cavad xanın mübarizəsindən bəhs edirdi və s. Ona görə də poemanın adını dəyişib “Sönmüş ocağın ağrısı” qoydular. Amma içəridə Cavad xan qaldı.
– Təzədən uzun müddət keçdi və “Ölüm zirvəsi” qələmə alındı…
– Bəli… Cavad xandan yazdığım poema haqqında film çəkmək istəyirdim, amma gördüm ki, material çox azdır. Ona görə təzədən həmin dövrün materiallarına qayıtdım. Bu dəfə isə qarşıma o qədər faktlar çıxdı ki, onların batıb qalmağına heyfim gəldi və 2006-cı ildə “Ölüm zirvəsi” adlı roman yazdım.
– Daha bu mövzu sizin üçün qurtardı? Yoxsa yenə yazacaqsınız?
– Təbii, “Ölüm zirvəsi” romanımla Cavad xanla bağlı demək olar ki, ürəyimi boşaltdım. Amma Cavad xanla mənim dostluğum, ona sevgim ömür boyu davam eləyib, el’ kitabımın ilk şeiri, sonra onun haqqında poema və roman. Və yəqin ki, davam edəcək də.
– Sabir bəy, Sisianovdan əvvəl Zubov Cənubi Gəncəyə hücum etmişdi. Bəs Cavad xan nə üçün Zubovla əhdnamə bağlayıb Rusiyanın təbəliyini qəbul elədi, amma Sisianovla sona kimi döyüşdü?
– Azərbaycan xanları bir-biri ilə dartışa-dartışa nəhayət ortaq bir məxrəcə gəlib bütöv bir Azərbaycan yaradacaqdılar. Amma bizim bəxtsizliyimizdən bu Rusiyanın güclənən vaxtına düşdü. Bu vaxt isə ermənilər və gürcülər xristian olduqlarına görə Osmanlıdan uzaqlaşıb Rusiyaya meyilləndilər və rusları Cənubi Qafqaza dəvət elədilər. Beləliklə, Zubovun başçılıq etdiyi ordu Gəncə ətrafına gəldi. Bəli, Cavad xan Zubovla əhdnamə imzaladı ki, biz Rusiyanın təbəliyini qəbul eləməyə hazırıq. Baxmayaraq ki, Cavad xan Qacar nəslindəndir və dövlətin başında da Qacar dayanır və onunla da əlaqələri ola-ola belə bir əhdnamə bağladı.
Təbii, Cavad xanın Peterburqla və Avropa ilə əlaqələri vardı. Ona çatdırmışdılar ki, rus çariçası Yekaterina xəstədir və tezliklə öləcək, erası bitəcək. Cavad xan buna görə də savaş açıb əsgərləri qırdırmağa ehtiyac görmədi. Çünki bilirdi ki, Zobov bu gün-sabah ordusunu çəkib Cənubi Qafqazdan çıxıb gedəcək. Belə də olur. Əhdnamədən sonra Zubov Gəncəyə toxunmadı, keçib getdi. Sisyanov gələndə isə Cavad xana dedi ki, axı sən Zubovla Rusiya təbəliyini qəbul eləmək haqqında əhdnamə bağlamışdın. Cavad xan cavab verir ki, Zubov bizim üstümüzə dost kimi gəlmişdi, amma sən üstümzə ordu çəkmisən, iddia edirsən ki, Gəncə mənim torpaqlarımdır. Məhz bu məsələyə görə Cavad xan Sisianovla sona qədər mübarizə apardı.
– Maraqlıdır, Cavad xanın ermənilərə münasibəti necə idi?
– Qarabağdan qaçan, İbrahimxəlil xanın qovduğu erməniləri Cavad xan qəbul eləmişdi və onların bir hissəsini Gəncədə, bir hissəsini isə Şəmkir yolunda, dağətəyi kəndlərdə yerləşdirmişdi. Və Cavad xanın ermənilərə xoş münasibəti vardı, ona tabe olan insanlar kimi hamısına yaxşı münasibət bəsləyirdi. Amma təəssüf ki, qalanın alınmazlığını görən Sisianov erməniləri köməyə çağırırdı. Daha doğrusu, ermənilər özləri ona müraciət edirlər ki, Gəncənin açarını biz sizə verə bilərik.
– Sisanovun başçılığı ilə Gəncənin üstünə gələn ordu bütün Avropanı ayağının altına almış bir ordu idi. Gəncədə isə hərbi təlim görməmiş, yalnız öz bəsit silahları ilə döyüşən yerli əhali vuruşurdu. Bəs bu döyüş ruslar üçün niyə bu qədər çətin oldu?
– Əlbəttə, səbəb yenə də Cavad xanın və onun ətrafında birləşən yeri adamların mübarizliyi ilə bağlı idi. Sisianov əvvəlcə Cavad xana yazır ki, Gəncənin açarlarını ver, o isə cavab verir ki, bu şəhərə yalnız mənim və oğlumun meydinin üstündən keçirb girmək olar. Ancaq Cavad xanın qucaq açdığı, yardım etdiyi ermənilər Sisianovun yanına gedib deyirlər ki, Gəncənin ərzağı da var, hər cəhətdən təminatı da var, bir il də mühasirədə saxlasanız, bu şəhəri ala bilməzsiniz. Sisianov soruşur ki, bəs şəhərə girmək üçün yol nədir? Ermənilər deyir, Gəncənin suyu kəsilməlidir. Ermənilər Gəncəyə gələn suyun yolunu göstərirlər və o boruları heyvan qanları ilə doldururlar. Yəni şəhərə qan axıdırlar. Bundan sonra şəhərin suyu kəsilir, xəstəlik başlayır, müqavimət zəifləyir…
Dekabr ayının 25-də isə Acıdərədə son savaş olur. Hətta Sisianovun bəzi komandirləri deyir ki, qışdır, soyuqdur, bu döyüşü yaza saxlayaq. Amma Sisianov razılaşmır, çünki özü də xəstə idi. Heç özünün də ümidi yox idi ki, yaza kimi yaşaya bilər. Bu məqamda yenə də Cavad xanın etibar elədiyi ermənilər Sisianova deyir ki, Gəncənin açarlarının biri bizdə olacaq, biz o qapını açacağıq. Belə də olur və şübhəsiz ki, Gəncənin əldən getməsində ermənilərin xəyanəti çox ciddi rol oynadı. Məlumdur ki, Cavad xan Acıdərədə son ana qədər vuruşur, sonra düşmənin topunun çox olduğunu görüb qalaya sığınır. Cavad xan və oğlu öldürüləndən sonra rus ordusu şəhərə girib, qaçıb məsciddə gizlənən insanları yandırıblar.
– Cavad xan oğlu Hüseynqulu xanla son ana qədər döyüşür, bəs həmin vaxt onun digər oğlu Uğurlu xan harada idi?
– Uğurlu xan uşaqlarını və bəzi şeylərini götürüb getmişdi ki, İran tərəfdən kömək çağırsın.
– İki arvadı vardı…
– Bəli… Biri kəndçi qızı idi, o biri isə Şəki xanının bacısı.
– Bəs Cavad xanın arvadı Şüküfə xanım harda idi?
– Bu barədə “Gəncə amazonları” yazmışam. Gəncədə qadınlar da kişi geyimində ruslara qarşı savaşırdılar. Hətta Cavad xanın arvadı Şüküfə xanım da savaşıb.
– Şükufə xanın taleyi necə olur?
– Şükufə xanımın sonrakı taleyi haqda məndə bilgi yoxdur. Amma ruslar yazır ki, guya Cavad xanının axıra kimi mərdi-mərdanə vuruşmasını ruslar hörmət əlaməti olaraq, ləyaqətlə qarşılayıblar. Başqa bir variant da var ki, Sisianov saraya gedir, Cavad xan və oğluna görə qan bahası kimi Şükufə xanıma qızıl təklif eləyir. Şükufə xanım isə bunu rədd eləyib, bir torba qızılı Sisianovun başına səpib ki, qızıl istəyirsən, götür ye, bizə qan bahası lazım deyil.
– Döyüş zamanı o biri arvadı – Şəki xanının bacısı harda idi?
– O, da Şəkiyə qardaşının yanına getmişdi, yardım göndərmək üçün.
– Sabir bəy, Hüseynqulu xanla Cavad xanın dostluğu necə yaranmışdı?
– Belə bir ehtimal var ki, Qacar onların ikisini bir yerdə Şuşada nəzarətdə salayıb. Qacar deyib ki, ikiniz də satqınsınız, Rusiya ilə münasibət yaradırsınız. Onlar Şuşadan çıxıb gələndə bir-birlərini müdafiə eləməyə söz vermişdilər. Və Hüseynqulu xanın Sisianovun başını kəsib Tehrana göndərməsinin əsas səbəbi də Cavad xanın intiqamını almaq idi.
– Sisianovun başının kəsilib Tehrana göndərilməsindən sonrakı hadisələr Elçinin “Baş” romanında əksini tapıb…
– Bəli… Sisianov bir müddət Bakının komendantı olmuşdu. Komendant olduğu dövrdən Hüseynqulu xanla bir-birlərini tanıyırdılar. Bir-birlərinin xarakterini, xasiyyətini yaxşı bilirdilər. Sisianov Gəncədən sonra Bakıya yaxınlaşır, təxminən, indiki Nizami metrosu tərəfdə eynilə Gəncədə olduğu kimi Hüseynqulu xana deyir ki, şəhərin açarlarını verin. Hüseynqulu xanın bir qədər tərəddüd eləyib, sonra isə deyib ki, gəlin, darvazalara yaxın bir yerdə verim. Sisianov bir neçə adamı ilə birlikdə təxminən, indiki Nizami heykəlinin olduğu yerə gəlib, Hüseynqulu xan da öz əmisi oğlu və köməkçiləri ilə gəlib, bir əlində açarı Sisanova təqdim eləyəndə o biri əlindəki xəncəri onun sinəsinə saplayıb. Bir ehtimala görə də əmisi oğlu Sisianovu tapança ilə də vurur.
– Başını kəsib Tehrana göndərir, bəs Sisianovun cəsədini neyləyirlər?
– Cəsədini də indi Sabirin heykəlinin yanında qala divarlarının dibində basdırırlar. Orda bir tualet vardı, düz onun yanında basdırmışdılar. Mən Bakıya gələndə həmin yerdə bir lövhə vurulub üstünə yazılmışdı ki, Sisianov burada basdırılıb. Sonra o löhvə yoxa çıxdı. Dedilər ki, təzədən aparıb Tiflisdə dəfn ediblər.
– Sabir bəy, Cavad xan bilmirdi ki, o, ruslara uduzacaq?
– Bilirdi.
– Bəs bu mübarizdə nə məna görürdü? Daha diplomatik bir siyasət yürüdə bilməzdimi?
– Cavad xan həm də ciddi diplomat olub. Onun Sisianovla və Azərbaycan xanları ilə məktublaşmaları var. Nadir şahdan sonra Gəncə xanlığının ərazisi xeyli kiçilsə də, Cavad xan az qala özünü bütün Azərbaycanın rəhbəri kimi hiss edirdi. Digər xanlıqlarla əlaqələri vardı. Amma mübarizəsiz məğlub olmaq, boyun əymək Cavad xanın xarakterinə uyğun deyildi. O, geri çəkilə bilməzdi. Məğlubiyyətini bilə-bilə, ölümü görə-görə ölümün üstünə gedirdi. Cavad xan onda ölməsəydi, indi diri olmazdı. Onda öldü ki, indi diri qalsın, yaşasın.
– Axı Sisianov indi də diridir. Cavad xan qəhrəmandır, anladıq, bəs Sisianov niyə indiyə kimi yaşayır?
– O vaxtkı işğalçı dövlətinin gözündə Sisianov da bir qəhrəman idi. O, o tərəfin qəhrəmanıdır, Cavad xan isə biz tərəfin. Fərq o idi ki, Cavad xan öz torpaqlarını qoruyurdu, Sisianov işğal niyyəti ilə gəlmişdi. Nəticə Cavad xanın dediyi kimi oldu, o, Sisianova demişdi ki, sən burdan qayıda bilməyəcəksən, həyatının sonu burda olacaq. Oldu da!