Çingiz Sultansoy
Düz bir il öncə tanınmış yazıçı, Azərbaycanın ən böyük və müqtədir qələm sahiblərindən biri Çingiz Hüseynovu itirdik.
O, gerçək həyatımızın mürəkkəb və dolaşıq hadisələrini, həm gözəllik, həm də öyrəşdiyimiz, adiləşmiş, norma saydığımız eybəcərlik və dəhşətlərini məharət və cəsarətlə təsvir edən nasir, publisist, esseist və memuarist idi.
Məncə, Çingiz müəllim Azərbaycan yazıçıları üçün qələmə aldığı qələm sahibləri – Mirzə Fətəli Axundzadə və Nəriman Nərimanov kimi istedad və ziyalılıq, cəsarət və vətəndaşlıq örnəyi olaraq qalacaq.
Onun “Məhəmməd, Məmməd, Məmiş”, “Fəthəli fəthi”, “Ailə sirrləri”, “Doktor N”, “Merac” romanlarını oxumayan insanlar çox şey itirib.
“Doktor N” romanında hələ Birinci Dünya Müharibəsinin əvvəlindən bolşeviklərə qoşulan, alovlu tərəfdarı olan Nəriman Nərimanovun tədricən, zamanla onların qəddar, millətə zidd və alçaq mahiyyətini anladığı təsvir olunub. Bu acı həqiqətləri gec də olsa, anlayan və ayılan Nərimanov ölümündən bir ay əvvəl oğluna yazdığı məktubda etiraf edir.
Romandakı bu olay Çingiz Hüseynovun yazıçı təxəyyülünün məhsulu deyil. N.Nərimanov həqiqətən belə bir məktub yazıb və o məktub Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi arxivinin gizli şöbəsində saxlanılır. Çingiz müəllim məhz bu məktubu oxuyandan sonra Nərimanovun ayılma prosesini qələmə alıb.
İndi, stalinizmin bir çox dəhşətli həqiqət və cinayətləri dünyaya məlum olan bir zamanda, məktub yazılandan bir ay sonra Nəriman Nərimanovun bir çox mənbələrdə “qəfil”, “gözlənilməz” və “müəmmalı” adlandırılan ölümündə bizim üçün bir müəmma qalıbmı?
Çingiz Hüseynovun “Fətəli fəthi” romanında bizə Rusiyanın fəthindən sonra əyalətə çevirdiyi Azərbaycan xanlıqlarının birində böyüyən, yetişib metropoliyaya xidmət edən, etməyə məhkum, əvvəlcə Rusiyanın Qafqaza yeni, avropasayağı həyat tərzi, maarif və mədəniyyət gətirdiyinə inanan, sonra isə tədricən imperiyanın xalqına zidd siyasətini anlayan bir milli ziyalı – böyük qələm sahibi Mirzə Fətəli Axundzadənin həyat yolu, düşüncələri və faciəsi göstərilir.
Məncə, bu romanda, “Doktor N”-də olduğu kimi, qəhrəmanların hakimiyyət haqqında zamanla dəyişən, inkişaf edən fikirlərində və siyasi baxışlarında avtobioqrafik notlar və cizgilər çoxdur.
Ya, məsələn, “Ailə sirləri” romanı 1970-ci illərdə, hələ Azərbaycan Sovet Sosialist Respublikasına sovet ideologiyası pərdəsinə bürünərək öz mafioz yaşayış və idarəçilik qaydalarını yeridən hakim klanın həyatı, bu qaydaları qəbul edən, – sovet vaxtı etməyə bilərdi ki? – Azərbaycan cəmiyyətinin tənəzzülü yüksək bədii səviyyədə göstərilib.
Əbəs yerə deyil ki, satışa çıxarılan roman az sonra Azərbaycanda qadağan olunub mağazalardan yığışdırılmışdı. Amma yasaqlanmış “Ailə sirrləri”nin oxuculara çatan nadir nüsxələri Bakıda əldən-ələ gəzirdi, birini iki günlük ala bildim, oxudum və qaytardım…
Bu üç romandan birinci ikisini birləşdirən cəhət odur ki, ustad yazıçı real tarixi şəxsiyyəti, həyatının olaylarını və düşüncələrini təsvir edərək, tarixi dövrü bizə göstərir və anladır.
Çingiz Hüseynov bizi tərk edəndən sonra atılan dırnağına dəyməyən, əskik adamlar kölgəsini qılınclayır, bircə dəfə də Qarabağı zəbt edən ermənilərə cavab vermədiyini deyirdi. Ağ yalandır!
Yazıçının erməni millətçiliyini, əməllərini tənqid edən köşəsini başqa publisist yazılarıyla yanaşı, MeydanTV-nin rus versiasının redaktoru olanda, 2016-cı ilin yazında öz əllərimlə çap eləmişəm.
Əsərləri aparıcı dünya dillərində çıxan Çingiz Hüseynovun yazıçı çapını aydın-əyani göstərmək üçün onu da deyim ki, ədəbi Nobel mükafatı almaq üçün bütün əsasları vardı – nəhəng istedad, əsərlərinin genişliyi və dərinliyi, bədii və intellektual səviyyə, dərhal tanınan orijinal üslub, dünya dillərində yayılması, müəllifin məhsuldarlığı və o cümlədən, mafia, siyəsətdə mafioz idarəetmə üsulları haqqında bir çox romanın varlığına baxmayaraq, hələ sovet gerçəkliyində bu sayaq fenomeni Çingiz Hüseynovdan başqa, özü də belə ustalıqla bədii təsvir edənin olmaması…
Bu nədəndən Rasim Qaracayla ustadın namizədliyini Nobel mükafatına irəli sürmək haqqında danışdıq, qərarımızı Çingiz müəllimə söyləyəndə etiraz etmədi, amma asan iş olmadığını ordaca, əvvəldən bildirdi.
Bacarmadıq, daha çox mənim təqsirim üzündən. Buna görə Çingiz Hüseynovun ruhundan üzr istəyirəm…
Novxanı çimərliyində işləyən xilasedicilər haqqında 2009-cu ildə rus dilində yazdığım avtobioqrafik “После шторма” – “Tufandan sonra” povestimi Çingiz müəllimə göndərmişdim. Oxuyub yüksək qiymət vermiş, resenziya yazmışdı.
Ustadın qısa qeydləri və məsləhətləri master-klass kimi çox faydalı və qiymətli idi.
Osmanqızı Youtube kanalındakı verilişdə “Sizə dissident demək olarmı?” sualıma Çingiz müəllm təvazökarlıqla “Daha çox konformistəm” cavabı vermişdi. Əlbəttə, doxsan illik ömrü ərzində hamı kimi susduğu məqamlar da olub, amma Çingiz Hüseynov konformist deyildi. Heç olmasa ona görə ki axına qoşulub gedən bütün başqa yazıçılar susan yerdə konformist səsini ucaltmaz, sözünü deməz…
Çingiz Hüseynov ömrünün çoxunu Moskvada, son illərini isə İsraildə yaşadı. Bilmirəm, bir azərbaycanlının sovet və postsovet vaxtı Moskvada yaşamasına mühacirət, demək olar ya yox, amma İsrailə köçmək və oradakı həyatı həqiqətən mühacirət idi.
Son günlərinə kimi qələm əlindən düşmədi, dayanmadan yazdı, yazdı. Dünyadan köçəndə 94 yaşına üç ay qalmışdı.
Belə bir nəhəng qələm sahibinin getməyiylə tək Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı yox, vətəndaş cəmiyyəti, bütün Azərbaycan çox şey itirdi! Elə dünya da…
Allah rəhmət eləsin! Ruhun şad olsun, Ustad!