Kamran Məmmədli Bakı Hava Limanından buraxılmayıb
Heyvan haqları fəalı Kamran Məmmədlinin ölkədən çıxışına qadağa qoyulub.
Fəal Meydan TV-yə bildirib ki, dekabrın 2-də səhər saatlarında Gürcüstana uçarkən pasport yoxlanışı proseduru zamanı bundan xəbər tutub:
“On günlük Tbilisiyə gedirdim. Bakıda, aeroportda pasport kontroluna yaxınlaşanda, bildirdilər ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədən çıxışıma stop qoyulub. Heç bir səbəb açıqlamadılar. Dedilər ki, biz səbəb bildirmirik. Bundan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti Elşad Hacıyevə zəng etdim. Telefona cavab vermədi. Güman edirəm ki, ölkədən çıxışıma qadağa COP29 zamanı keçirdiyim aksiyaya görədir”.
DİN-dən məsələ ilə əlaqədar münasibət öyrənmək mümkün olmayıb.
Heyvanların hüquqlarının müdafiəsilə məşğul olan ictimai fəal Kamran Məmmədli noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransı COP29 keçirilən məkanda təkadamlıq etiraz aksiyası keçirib.
İctimai fəal küçə itlərinin güllələnməsininə etiraz ifadə edən plakat qaldırıb.
“Azərbaycan hakimiyyəti itləri güllələyir. Azərbaycan diktaturası itləri yandırır”, – Kamran Məmmədli əlində ingilis dilində yazılmış plakatı tutaraq etirazını bildirib.
Bundan sonra fəal tədbirin mühafizə xidməti tərəfindən saxlanılıb, daha sonra isə polislərə təhvil verilib.