Cümə , 22 Noyabr 2024
Drone Cameras

ctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək – QHT SƏDRİ

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı.

Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib. O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir.

Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü.

“Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır. Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib.

Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, – deyə Cəsarət Hüseynzadə qeyd edib. Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır.

Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər.

Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …