Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Cümhuriyyətimizin 103-cü ildönümü ikiqat bayram kimi qeyd olunacaq

“28 May-Respublika Günü Azərbaycanın şərəf tarixidir. Yəni, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Bu gün Azərbaycan müstəqilliyinin növbəti ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd edir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov deyib.

R. Qonaqov bildirib ki, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycanda 1991-ci ildə müstəqilliyin bərpasının ilk illərində iqtidarda olanların səriştəsizliyi müstəqilliyimizi çox böyük təhlükə ilə üz-üzə qoydu: “Lakin 1993-cü il 15 iyunda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə bizim müstəqillik tarixi yenidən canlanmağa başladı. Azərbaycan suverenliyini qoruyub saxlamağı və inkişaf etməyi bacardı. Bu gün ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin başladığı demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Təsadüfi deyil ki, 28 May – Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktublarında  Prezident İlham Əliyevin siyasi fəaliyyətinə yüksək qiymət verildiyi, Azərbaycanın beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi öz əksini tapır. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir”.

Politoloq qeyd edib ki, bu il Respublika Günü ikiqat bayram kimi qeyd olunacaq: “ Çünki Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qarşılayır. Ölkəmiz Vətən müharibəsindən qazalınan böyük Qələbədən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Otuz ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən siyasəti, eyni zamanda, rəşadətli Azərbaycan Ordusunun  şücaəti ilə əzəli sahiblərinə qaytarıldı”.

Nigar Orucova, “İki sahil”

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …