Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Dağıstan xalqını sürgündən xilas edən BÖYÜK AZƏRBAYCANLI – FOTOLAR

İstedadlı tədqiqatçımız, tariximizin bir çox  gizli məhcullarına gün işığı tutan Adıgözəl Məmmədovun “Böyük Azərbaycan naminə” kitabı Anadolu türkcəsinə uyğunlaşdırılaraq oxucuların ixtiyarına verilib. Kitabın tərcüməçisi İstanbul Universitetinin Ədǝbiyyat fakültǝsinin yetirməsi, Türk dili vǝ ǝdǝbiyyatı ixtisası üzrǝ tanınmış mütəxəsis Azad Ağaoğludur.

Keçən əsrin 40-cı illəri elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Məhz o illərdə, Böyük Azərbaycan layihəsinin əsası qoyulur. Beləliklə, 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrup İrana gedir.

Bax burada kitabın qələmə alınmasının əsas mahiyyəti üzə çıxır. Ona görə ki, bu qrupun Cənubi Azərbaycanda fəaliyyəti və sonradan Əziz Əliyevin Dağıstandakı fəaliyyəti hələ də tam əhatəli araşdırılmayıb və geniş ictimayyətə çatdırılmayıb. Kitabda bu barədə geniş bəhs edilir.

Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu ko­mandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə da­xil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Müəyyən vaxtdan sonra M.Bağırov Əziz Əliyevin qrupundan informasiya alır və 1941-ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı və­ziy­yət barəsində Stalinə məlumat verir. O dövrdə fars dilini bilən azərbaycanlı kadrlarımız çox az idi. Ona görə də bəzi tərcümələr cox təhrif olunurdu və bunun da çox ciddi fəsadlarını Əziz Əliyev öz üzərində yaşayıb. Əziz Əliyevin yerli xalqla görüşü bir qayda olaraq Azərbaycan dilində aparılırdı, Moskvaya göndəriləcək hesabatlar isə daha çox diplomatik korpuslarda çalışan ermənilər tərəfindən rus dilində hazırlanırdı. Bu da bir çox hallarda tərcümə təhriflərinə yol açırdı. Bu faktor M.C.Bağırovu hər dəfə Moskva qarşısında əlavə izahatlar verməyə və tərcümə xətalarının nəticəsi kimi anlaşılmazlığın olduğunu göstərməyə məcbur edirdi. Burada həm də qərəz vardı, ona görə də Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri Andrey Smirnov arasında həm bu məsələ, həm də digər vacib məsələlər ilə bağlı ciddi fikir ayrılıqları yaranmışdı. Bu ziddiyyət Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yaz­ma­sın­dan sonra daha da kəskinləşmişdi. Həmin məktubda o yerli əhalidən, yəni azər­bay­canlılardan silahların yığılmasını dayandırmağı tələb edir­di. A.Smir­nov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millət­çi kimi xarakterizə edir. 24 oktyabr 1941-ci ildə Əziz Əliyev M.Bağırova “Cənubi Azər­bay­can haqqında hesabat”ında  yazırdı: “Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də “Vətən yolunda” qəzetinin bura­xıl­ma­­sı azərbaycanlılarda böyük sevinc doğurmuşdur”.

Ona görə də Əziz Əliyev Təbrizə Bakıdan gəlmiş Azərbaycan ziyalılarından bir qismini “Vətən yolunda” qəzetini çıxarmağa cəlb edir, bir qismini milli məktəblərin  yaradırmasına qoşur, bir qrup azərbaycanlıları  isə fars dilini mükəmməl öyrənmək  üçün Moskvaya diplomatik kurslara yollayır.

Moskvaya gedən bu qrupun içində Bağır Seyidzadə də var idi.  Müəllif  o dövrdə Cənubi Azərbaycanda baş verən hadisələrin görünməyən tərəflərini göstərmək  üçün SSRİ-nin 1949-cu ilə qədər Təbrizdə vitse-konsul və konsul kimi fəaliyyət göstərən Bağır Seyidzadənin şəxsi arxivindən geniş istifadə edib. Ona görə də oxuculara təqdim  edilən kitabda bu günə qədər ictimayyətə məlum olmayan arxiv sənədlərinə istinad edildiyinə görə, sözügedən tədqiqat Azərbaycanın siyasi-diplomatik  tarixşünaslığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Kitabda təqdim olunan bu hadisələr müharibənin ən qızğın günlərində baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən 2-ci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətməyə məcbur oldu. Amma sovet qoşunları hələ də İranda qalırdı. Bu aktivliyin azaldılması səbəbi ilə Bakıya qayıdan Əziz Əliyev tezliklə Dağıstan Kommünist Partiyası Mərkəzi  Komitəsinin I katibi seçilir.

Bu təyinatın səbəbləri  barədə müəllif o dövrdə Mərkəzi komitənin katibi olmuş Mirhəsən Seyidova istinad edərək izah edir.  O, belə belə qeyd edirdi (“Tam məxfi-Mirhəsən Seyidov, xatirələr” əlyazma): Qohumum, həkim Əliyev Əziz Məmmədkərim oğlunun  ailəsi bizim kimi 1918-ci ilin mart hadisələri zamanı erməni daşnaklarının türklərə qarşı törətdikləri qırğınlardan qaçaraq İrəvan şəhərini tərk etmişdilər. Ailəsi Naxçıvan vasitəsilə Bakıya köçmüşdü. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra həkim, sonra isə respublika Xalq Komissarları Sovetinin aparatında işləmişdi. 30-cu illərdə M.C.Bağırov Azərbaycan KP MK-nın birinci katibi olandan sonra Əziz Əliyev Tibb İnstitutunun direktoru, Xalq Səhiyyə komissarı, MİK Rəyasət Heyətinin katibi seçilmişdi. Sonra Bağırovun  təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katiblərindən biri seçildi. Böyük Vətən Müharibəsi başlayan kimi Əziz Əliyev Azərbaycanın digər məsul işçiləri ilə birlikdə sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərildi.

1942-ci ildə Krım tatarlarının deportasiyasından sonra müharibənin qızğın vaxtında Moskvada müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülmə məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qaldırmağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Dağıstanın rəhbərləri M.C.Bağırovun onlara qarşı xoş münasibətini yaxşı bilirdilər. Buna görə də tələsik bir qrup ağsaqqal Bakıya Bağırovla görüşə gəldilər. Onlar Bağırovdan xahiş etdilər ki, Dağıstan xalqlarının başına gələ biləcək bu dəhşətli faciənin qarşısını alsın. Bağırov Stalinə zəng vuraraq Dağıstandan gələn ağsaqqallar barədə məlumat verir. Məsələnin mahiyyətini ətraflı danışmağa başladı və dərhal anlayır ki, bu iş hələ Stalinə çatmayıb. O, tarixən formalaşmış xalqlarımız arasındakı münasibətlərdən danışdı. Bildirdi ki, dağıstanlı heyvandarlar ailələri ilə birlikdə onlara məxsus yüz minlərlə qoyunun qışladığı Azərbaycanda yaşayır və hər dördüncü neft ustası dağıstanlıdır. Dağ xalqları bizim qardaşlarımızdır.

O, Stalindən dağıstanlıları öz yurdlarından köçürməməyi və onların sədaqətli olacaqlarına görə bütün məsuliyyəti öz üzərinə götürərək  xahiş etdi: “Mən onlara başımla cavabdehəm”, – dedi. Stalin isə “Mənə hələ bu barədə məlumat verilməyib, əgər siz dağıstanlıların sədaqətli olacaqlarına  görə bütün məsuliyyəti öz üzərinizə götürürsünüzzsə, yaxşı, qoy belə olsun, onların köçürülməsinə razılıq verməyəcəyəm, onda bu respublikanı öz himayənizə  götürün, lazımdırsa rəhbər heyəti etibarlı və yetişmiş kadrlarla əvəz edin, tam nizam-intizamı bərpa edin”, – dedi.

Böyük etimada görə təşəkkür edən Bağırov tez bir zamanda özü üçün iş planı cızdı, yubanmaq olmazdı. O, Sov.İKP Mərkəzi Komitəsinə, Mərkəzi Komitənin katibi Şerbakova zəng edir, Stalinlə baş verən söhbəti deyir və ilk növbədə kadrlarla və digər təşkilati işlərin həyata keçirilməsi baxımından praktiki fəaliyyət göstərəcəyini bildirir. Burada söhbət ondan gedirdi ki, Sov.İKP MK-nın aparatı bilsin ki, müvəqqəti olaraq müharibə gedən bir vaxtda bu muxtar respublikaya rəhbərlik faktiki olaraq Azərbaycan MK-nə həvalə edilib. Şerbakov, Bağırovun sözlərinə görə, hətta sevindi, çünki o vaxt Rusiya Federasiyasının özü ən çətin vəziyyətdə idi. Alman faşist qoşunları Rusiya ərazisinin Avropa hissəsinin yarıdan çoxunu işğal edib Volqaya çatmış, Stalinqradı bombalamağa başlamışdı.

M.C.Bağırov dərhal Dağıstan üçün nəzərdə tutulan planı həyata keçirməyə başladı. O, Əziz Əliyevi İrandan çağırıb vəziyyəti ona izah etdi. Stalinlə onun namizədliyini razılaşdırdıqdan sonra Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Dağıstanda məşhur olan Abdurəhman Daniyalov isə Nazirlər Sovetinin  sədri vəzifəsinə təsdiq edildi. Əziz Əliyevlə birlikdə Sovet hüquq-mühafizə orqanlarından, MK aparatlarından, komsomoldan, həmkarlar ittifaqı işçilərindən böyük bir qrup Dağıstana müxtəlif vəzifələrin icrasına ezam olundu.

Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların fədakar əməyi sayəsində məqsədlərinə nail oldular. Müharibə illərində və müharibədən sonra bu respublikada heç bir pis, antisovet, antidövlət əleyhinə ola biləcək bir  fakt özünü büruzə vermədi. Onlar bu illərdə vətənə və Stalinə sədaqətlərini nümayiş etdirdilər, onlara göstərilən etimada layiqincə cavab verdilər. Təbii ki, bu nəticənin əldə olunması əməli işində M.C.Bağırovun köməyinə arxalanan Əziz Əliyevin  xidmətləri idi. Bunula da Dağıstan xalqının sürgün məsələsi bir daha gündəmə gəlmədi. Əziz Əliyev 1948-ci ilin payızına kimi orada çalışdı, onun yerinə gözlənildiyi kimi, A.Daniyalov birinci katib seçildi”.

Medianews.az

Check Also

Prezident və birinci xanım Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin …