Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daşkəsəndə özünü yandıran qazinin vəfat etdiyi bildirilir

Onun Bakıda Yanıq Mərkəzində öldüyü açıqlanıb

İyunun 6-da üzərinə benzin tökərək özünü yandıran İkinci Qarabağ müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü Ədalət Fərman oğlu İsmayılovun vəfat etdiyi bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Meydan TV-yə bildirilib ki, iyunun 6-da Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunan Ədalət İsmayılova bədən səthinin II və III dərəcəli 80-85 % termiki yanığı, yuxarı tənəffüs yollarının yanığı və ağır dərəcəli yanıq şoku diaqnozu təyin edilib.

“Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, vətəndaş iyunun 7-də saat 03:45 radələrində vəfat edib”, – Birliyin məlumatında deyilir.

Daxili İşlər Nazirliyi (DİN) iyunun 6-da məlumat yayaraq, Ədalət İsmayılovun aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində idarə etdiyi “VAZ 2106” markalı avtomobillə insanların həyatına təhlükə yaratdığı üçün Dövlət Yol Polisi tərəfindən saxlanıldığını bildirib.

Məlumatda qeyd edilirdi ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan Ədalət İsmayılov tərəfindən idarə edildiyi aşkar olunub.

Buna görə Ədalət İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilib, intizama dəvət edilib. Lakin o, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.

Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ədalət İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığına görə qərar qüvvədə saxlanılıb.

Ədalət İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.

O, iyunun 6-da Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub.

Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ədalət İsmayılov xəstəxanaya yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən sonra onlarla hərbçi intihar edib və ya intihara cəhd edib.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …