Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Daxili Qoşunların komandanlığı Fəxri xiyaban və Şəhidlər xiyabanında olub

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının şəxsi heyəti Daxili Qoşunlar gününün 29-cu ildönümünü qeyd edir.

Boyukmillet.com-un xəbərinə görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılan “Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olan hərbi qulluqçularının abidəsi ziyarət olunub.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanan Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan edilib. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıblar.

Artıq 29 ildir ki, Daxili Qoşunların hərbi qulluqçuları hər zaman öz andına sadiq qalaraq respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyətliliyi ilə fərqləniblər.

Daxili Qoşunların hərbi qulluqçuları istər 1992-1994-cü illərdə baş verən Birinci Qarabağ, istərsə də 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edib, gənc nəsillərə örnək olacaq əsl qəhrəmanlıq nümunələri göstəriblər.

Müstəqillik illərində ölkə həyatının hər bir sahəsində olduğu kimi, ordu quruculuğunda yaranan canlanma Daxili Qoşunlardan da yan keçməyib, qoşunlar ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edərək döyüş hazırlığının artırılması, hərbi intizamın yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi üzrə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Mərhələlərlə və ardıcıl həyata keçirilən hərtərəfli quruculuq işləri nəticəsində Daxili Qoşunlar qarşısına qoyulan tapşırıqları yerinə yetirməyə qadir olan, qanunla müəyyən edilən hərbi birləşmə kimi dövlətimizin etibarlı dayaqlarından birinə çevrilib. Ağır sınaqlardan üzüağ çıxan, ildən-ilə mətinləşən, formalaşan Daxili Qoşunlar dövlətimizə, dövlətçiliyimizə qarşı yönələn qüvvələrlə barışmaz mübarizə aparıb, ictimai sabitliyi, vətəndaşların əmin-amanlığını layiqincə təmin edib.

Milli mənafelərin keşiyində həmişə ayıq-sayıq dayanan qoşunlar qanunvericiliklə müəyyən edilən vəzifələrini bu gün də uğurla yerinə yetirərək, qarşıya çıxan qəfil tapşırıqların icrasında yüksək operativlik nümayiş etdirirlər. Paytaxtda və bölgələrdə xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, hərbi vəziyyət rejimi ilə əlaqədar döyüş xidmətinin aparılması və ictimai asayişin qorunması vəzifələri tam həcmdə yerinə yetirilir. İşğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis orqanlarının əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması təmin olunur.

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun, həmçinin, daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun Daxili Qoşunlar gününün 29-cu ildönümü münasibətilə şəxsi heyətə ünvanladıqları təbriklərdə vurğulandığı kimi, Daxili Qoşunlar bundan sonra da xalqımızın, dövlətimizin və çiçəklənən Azərbaycanımızın mənafeyi naminə bütün vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Check Also

“Simpsonlar” bunu da bildi – Davamı gəlsə, bütün dünyada fəlakət yaşanacaq – FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. …