Yaxşı qələmi olan bəzi jurnalistlərun işlədikləri KİV-in kursuna uyğun əqidə dəyişikliyinə, yəni transformasiyaya məruz qaldığının şahidi olmuşuq. Belə nümunələr çoxdur. Bir az aydın izah edim.
Adam yazılarında hakimiyyətə qarşı sərt müxalif mövqe ortaya qoyur, təmsil olunduğu KİV-də həmin mövqedə olduğu üçün bunun yazılarını bəh-bəhlə tirajlayır. Sonra KİV rəhbəri hansısa alverə gedib taktikanı dəyişir, müxalif qələm adamları da heç nə olmamış kimi işlədiyi KİV-in kursuna uyğun yaradıcılıq nümunələri ortaya qoymağa başlayırlar.
Bu misalı bəzi jurnalistlərin daxili siyasətə olan yaradıclıqla bağlı mövqeyinə uyğun çəkdim. Belə mövqeyi hardasa başa düşmək olar ki, bu yolu tutmasa, yazıq gedib ac qalacaq, heç kim onu işə götürməyəcək, çünki ölkədə sərt tənqid yolunu tutan media nümunələri demək olar ki, qalmayıb.
Ən maraqlısı budur ki, bu adamlar öz sürüşkən mövqelərini geopolitik mövzularda da ortaya qoyurlar. Məsələn, ömrü boyu İranı və Rusiyanı söyən, təhqir edən bəzi jurnalistlər indi utanmadan İran , Rusiya qardaşlığından dəm vurur.
Deyəcəklər ki, dövlətin kursu bunu tələb edir. Dövlət düz edir! Çünki siyasətin əlifbasında var ki, daimi dost və düşmən yoxdur, daimi maraqlar var. Buna görə də lazımi manevrləri etməlidir. Bəs sən kimsən, dövlətsən?
Sən öz mövqeyində qalsan, ən yaxşı halda sussan, dövlətin xarici siyasət kursu axsayacaq? Belə adamlar istənilən mövzuda hakimiyyətə yarınmaq istəyir ki, gözə girsin, əvəzində mandat, əlavə var-dövlət əldə etsin.
İnanın ki, onlardan bu cür biabırçı mövqeni heç kim tələb etmir. Bilirlər ki, indiki məqamda İran və Rusiyanı tərifləməklə hakimiyyətin qəzəbinə tuş gəlməyəcəklər, onları izləyən sadə xalq nə düşünürsə-düşünsün.
Mən demirəm ki, İranı və Rusiyanı daimi söymək lazımdır. Zamanında ən prinsipial mövzularla bağlı bu ölkələr haqqında qələmə aldığım soyuqqanlı və obyektiv yazılara görə məhz yuxarıda adlarını çəkdiyim xislətdə olan adamlar dəfələrlə məni : İran və ya Rusiya “agenti” çıxarmağa çalışıblar.
Eyni ittihamlara obyektiv mövqe sərgiləyən bəzi həmkarlarımız da tuş gəlib. Ancaq yeri gələndə İran və Rusiyanı da çox sərt tənqid etmişəm. Bu hansısa direktivə əsasən olmayıb, obyektivliyə söykənib.
Hakimiyyətdəkilər bilməlidir ki, utanc hissini itirən bu tip adamlar yeri gəlsə onların özləri ilə bağlı da belə sürüşkən mövqe sərgiləyəcəklər. Utanmasan oynamağa nə var ki…
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az