Azərbaycan “yaşıl enerji” potensialından istifadə üçün layihələr həyata keçirir.
Boyukmillet.com xəbər verir ki bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin üzvü Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, bu gün bütün dünyada qlobal istiləşmənin, atmosferin yol verilən həddən dəfələrlə artıq dərəcədə çirklənməsinin qarşısıalınmaz fəsadlara yol açması ciddi narahatlıq doğurur: “Getdikcə daha təhlükəli hal alan qlobal təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların səylərini gücləndirmələrini, koordinasiyalı fəaliyyət göstərilməsini zərurətə çevirib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti problemin həll yollarının müzakirəsi baxımından vacib platforma oldu”.
Deputat qeyd edib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında yer alır: “Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Ölkəmizin “yaşıl enerji” siyasəti müasir çalarlarla zəngindir. Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük “yaşıl enerji” potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpa olunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. Xüsusilə, Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasında yeni yanaşmalar tətbiq edir. Prezident İlham Əliyev azad olunmuş əraziləri yaşıl enerji zonası elan edib. Bütövlükdə, Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm Günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. O cümlədən Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” potensialından səmərəli şəkildə istifadə olunması üçün konkret layihələr hazırlanaraq həyata keçirilməsinə başlanıb. Artıq bir sıra layihələrin icrası tamamlanıb. İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq olan 50-dən artıq kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir. Yeni layihələrin tamamlanması ölkəmizin enerji sisteminə əlavə güc qatacaq”.