Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar ötən il ərzində ölkəmizin hərtərəfli inkişafına böyük təkan verib. Dövlət tərəfindən göstərilən güclü siyasi iradə, islahatların əhatəsinin genişləndirilməsi, milli iqtisadiyyatımızın inkişafını yüksək səviyyədə təmin edir.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatına münasibət bildirərkən deyib.
Deputat xüsusi vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizə yenidən həyatı qaytarmaqdan ibarətdir:
“Bu istiqamətdə artıq ciddi tədbirlər həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda icra olunan bərpa quruculuq işləri Böyük Qayıdışımızın tez bir zamanda təmin olunmasını şərtləndirir. Məlumdur, ki dövlət büdcəsindən bərpa-quruculuq işləri üçün böyük həcmdə vəsait ayrılıb və dövlətimizin əsas hədəfi Böyük Qayıdışa istiqamətlənib.
Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatı dinlədik. Hesabatdan göründüyü kimi, Azərbaycan hökuməti ötən il ərzində post-müharibə və pandemiya dövründə olduğumuza baxmayaraq, çox səmərəli fəaliyyət göstərib və belə bir şəraitdə heç bir sosial layihə təxirə salınmayıb. Nazirlər Kabinetinin 2021-ci il ərzindəki fəaliyyətini yüksək qiymətləndirirəm”.
Fatma Yıldırım qeyd edib ki, “Regionların sosial-iqtisadi inkişafına dair” dövlət proqramlarının icrası nəticəsində digər bölgələrdə olduğu kimi Bərdə rayonunda da müəyyən işlər aparılıb:
“Bütün bunlara görə, ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə Bərdə sakinləri adından dərin təşəkkürümü bildirmək istəyirəm və hesab edirəm ki, Qarabağın qapısı sayılan Bərdə rayonunun Qarabağ İqtisadi Zonasına daxil edilməsindən sonra rayonun inkişafında yeni mərhələ açılmışdır və burada mühüm layihələr icra olunacaqdır.
Bununla belə millət vəkili kimi bizim də vəzifəmizdir ki, təmsil etdiyimiz rayonda mövcud olan problemləri buradan səsləndirək. Hökumətin diqqətinə çatdırmaq istədiyim həllini gözləyən məsələlər var.
İlk növbədə elektrik enerjisi infrastrukturu, kabelləşmə məsələləri ilə bağlı deyə bilərəm ki, 1 şəhər, 46 kənddən ibarət olan 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Bərdə şəhəri və cəmi 6 kənd kabelləşmə işləri aparılıb. 39 kənddə isə hələ də kabelləşməyə ehtiyac vardır, rayon üzrə 65 transformator yenilənib, lakin hələdə 100-ə yaxın transformatorun yenilənməsinə ehtiyac var. Bu məsələ vətəndaşlarımızın həyat şəraitini çətinləşdirir və bu problemlərlə bağlı bizə çox sayda şikayətlər daxil olur.
Digər vacib bir məsələ təhsil infrastrukturu ilə bağlıdır. Belə ki, Bərdə Texnologiya və İdarəetmə Kolleci, Bərdə Şəhər 1 nömrəli, Yeni Daşkənd, Saatlı, Qarağacı, Samux, Kürdborakı, Əyricə, Mirzəxan, Şorəlli, Qazaxlar və Mollagüllər kənd məktəbləri yenidən qurulmalıdır. Bunların əksəriyyəti qəzalı vəziyyətdədir.
Seçki dairəmiz üzrə 20 uşaq bağçası fəaliyyət göstərir və bunlardan ümumilikdə 16-da əsaslı təmir-tikinti işlərinə ehtiyac vardır. Mən ölkə başçısının sərəncamı ilə uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bundan sonra bu sahədə mövcud olan boşluqlar, problemlər mərkəzləşdirilmiş qaydada idarə olunaraq daha effektiv şəkildə öz həllini tapacaqdır.
Bir digər məsələ isə Bərdə şəhərində 2012-ci ildə tikintisinə başlanılmış lakin naməlum səbəbdən yarımçıq qalan Gənclər evi ilə bağlıdır. Rayon gəncləri tərəfindən bu mərkəzin tikintisinin başa çatdırılması ilə bağlı mənə dəfələrlə müraciətlər olunmuşdu. Düşünürəm ki, Bərdə əhalisinin böyük hissəsi gənclərdən ibarət olduğu üçün, onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə inşaatı yarımçıq qalmış Bərdə rayon Gənclər Evinin tikilib, təhvil verilməsi çox önəmlidir. Bu barədə aidiyyəti qurumlara müvafiq müraciətlərim olmuşdur, lakin hələ də heç bir nəticə yoxdur.
Eyni zamanda rayonda çox önəmli məsələlərdən biri suvarma suyu ilə bağlıdır. Ümumilikdə, dairəmizdə yerləşən 46 kənddən 20-də suvarma və içməli su artezianlarına ehtiyac var. Gələcəkdə bu məqsəd üçün Bərdəyə əlavə vəsaitin ayrılmasını xahiş edirəm. Eyni zamanda bildirmək istəyirəm, vətəndaşlardan subartezian quyularının kimlərinsə maraqlarına görə qazılması ilə bağlı mənə şikayətlər daxil olur. Belə olan halda isə bir çox kəndlilər öz əkin yerlərinin suvarılmasında çətinlik çəkirlər. Məlumdur ki, su problemlərinin həlli ilə əlaqədar cənab Prezidentin tapşırığı ilə müvafiq komissiya yaradılmışdır. Hesab edirəm ki, bu problemlərin aradan qaldırılması və bundan sonra təkrarlanmaması üçün aidiyyəti qurumlar tərəfindən Bərdə rayonunda monitorinq keçirilməsi məqsədəuyğun olardı. Hökumət üzvlərindən xahiş edirəm ki, gələcəkdə bu məsələləri nəzərə alaraq onların həlli istiqamətində müvafiq köməklik göstərsinlər”.